Azərbaycan öldürülmüş erməni çobanın ailəsinə kompensasiya kimi 50 min avro ödəməlidir — BƏS BİZ NİYƏ SUSURUQ?

FEDAİDƏN: Rəsmi statistikada ermənilər 1991-1994-cü illər ərzində Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi və elə bu qədər də mülki vətəndaşımızı şəhid etmişlər. Azərbaycanın onlarla şəhər və digər yaşayış məntəqələri beynəlxalq konvensiyaların ziddinə olaraq yer üzündən silinmiş və yüz minlərlə insanın əmlakı talan edilmişdir. Bütün bu vəhşiliklərin altında erməni terorizminin və faşizminin imzası var. Biz savaş etmir və anti terror əməliyyatına başlamırıq ki, dünya icazə vermir. Bəs bu dinc mübarizə üsullarından yararlanmamağımıza kimlər mane olurlar? Niyə Roma Konvensiyasına niyə qoşulmuruq və Qarabağda qanlı terror əməlləri üzdə olan hərbi caniləri Haaqa Tribunalına çıxarmırıq?

Düşmən kəşviyyatçını çoban qayırıb bədnam Avropaya sırıya bilirsə, biz niyə susuruq? Bu suala cavabı kim verməlidir?

JAMnews saytının bir məqaləsini sizin diqqətinizə çatdırırıq və bir daha bildiririk ki, bizim kimi biveclərin hesabına şəhidlərimiz də urvatsız olub…

JAMnews yazır: «Avropa İnsan Haqları Məhkəməsi “Saribekyan və Balyan Azərbaycana qarşı” işi üzrə qərar çıxarıb. Söhbət on il bundan əvvəl Azərbaycanda əsir düşmüş və bir neçə gündən sonra asılmış vəziyyətdə tapılmış erməni çoban Manvel Saribekyandan gedir.

AİHM Bakını həlak olmuş çobanın valideynlərinə mənəvi zərərin kompensasiyası qismində 60 min avro və məhkəmə xərclərinin kompensasiyası qismində 2200 avro ödəməyə mükəlləf edib. Bu, Saribekyanın valideynlərinin tələb etdikləri məbləğdən iki dəfə azdır.

Manvel Saribekyanın başına nə gəlib

İyirmi yaşlı çoban Manvel Saribekyan 2010-cu ilin sentyabrında əsir düşüb. Azərbaycan Müdafiə Nazirliyi o vaxt bildirmişdi ki, erməni kəşfiyyatçı Saribekyan “Dağlıq Qarabağın şimal-şərqində yerləşən məntəqəsindən erməni qüvvələri tərəfindən həyata keçirilmiş diversiya əməliyyatının gedişində” əsir götürülüb.

Gəncin ailəsi özünün Avropa İnsan Haqları Məhkəməsinə ərizəsində xəbər verirdi ki, o, sərhədi dumanlı havada səhvən keçib və həmin vaxt itmiş ev heyvanını axtarırmış. Lakin Azərbaycan hakimiyyəti onu Azərbaycan kəndlərindən birində məktəbi partlatmağa hazırlaşmaqda ittiham edib.

Saribekyan Bakıya – hərbi polis şöbəsinə gətirilib. Oktyabrın beşində onu həbsxana kamerasında asılmış vəziyyətdə tapıblar.

Azərbaycan hakimiyyəti bildirib ki, o, özünü asıb, cinayət işi bağlanıb. Ölümündən bir ay sonra Saribekyanın nəşi erməni tərəfinə verilib.

Bu zaman işlə artıq erməni hüquq-mühafizə orqanları məşğul olublar. Ermənistan Baş Prokurorluğu Azərbaycan tərəfinə məhkəmə-tibbi ekspertizanın nəticələrinin təqdim edilməsi üçün sorğu göndərib, lakin cavab almayıb.

İlkin baxış zamanı Saribekyanın cəsədində işgəncə izləri aşkarlanıb. Ermənistan baş prokurorunun sərəncamı üzrə “xüsusi amansızlıqla həyata keçirilmiş qəsdən öldürmə” maddəsi üzrə cinayət işinə başlanıb.

Avropa İnsan Haqları Məhkəməsinin qərarı

Avropa məhkəməsinə müraciət Saribekyanın valideynlərinin ərizəsi əsasında təqdim olunub. Onların nümayəndələri vəkillər Ara Kazaryan və 2018-2019-cu illərdə Ermənistanın ədliyyə naziri vəzifəsində işləmiş Artak Zeynalyan olublar.

Məhkəmə qərara gəlib ki, Azərbaycan İnsan haqları üzrə Avropa konvensiyasının müddəalarını pozub. Ələlxüsus, söhbət məhbusun yaşamaq hüququnun pozulmasından, həmçinin işgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan davranış və cəzaların yolverilməzliyindən gedir.

Avropa məhkəməsi həmçinin Ermənistanda keçirilmiş məhkəmə-tibbi ekspertizanı nəzərə alıb ki, onun rəyinə əsasən, boğulmadan əlavə, böyrəklərdə, sinədə, bel, bud nahiyələrində və düz bağırsaqda qansızmalar, həmçinin küt alətlə yetirilmiş baş travmaları təsbit olunub.

“Məhkəmə qərara alıb ki, Saribekyan Bakıda hərbi polis şöbəsində saxlanılarkən, həyatının son günlərində qəddar davranışa və fiziki zora məruz qalıb, onun keçirdiyi sarsıntılar işgəncələrə bərabərdir və o, hüquqlarının pozulmasından zərər çəkib”, – qərarda bildirilir.

Beləliklə, Azərbaycan Manvel Saribekyanın ölümünə görə məsuliyyət daşıyır və həlak olanın ailəsinə kompensasiya ödəməyə borcludur».

P.S. Bəs siz nəyi gözləyirsiniz?

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: