AVMVİB Ağstafa rayon şöbəsi şəhidimizin dəfnində iştirak edib

İyulun 16-da səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan İsmayılov Nazim Əfqan oğlu bu gün Ağstafa rayonunda dəfn edilib.

AVMVİB Ağstafa rayon şöbəsinin verdiyi məlumata görə, şəhid hərbçimizin nəşi doğulub boya-başa çatdığı Ağstafa rayonun Kol Xəlifəli kəndinə gətirilib. Şəhidimizin cənazəsi böyük izdihamla qarşılanıb. Dəfn mərasimində AVMVİB Ağstafa rayon şöbəsinin sədri Əlməmməd Babaxanov və şöbə üzvləri yaxından iştirak edib.

Vida mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Milli Məclisin deputatları, kənd sakinləri, rayon ictimaiyyətinin təmsilçiləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Sonra şəhidimiz Kol Xəlifəli kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfin mərasimində izdiham yaşanıb. Şəhidimizin məzarı üstünə tər qərənfil və qızıl güllər düzülüb.

Şəhidin tabutu üzərində Azərbaycanın üçrəngli bayrağı qardaşı İsmayıl İsmayılzadəyə təqdim edilib.

Şəhidin kiçik qardaşı İsmayıl İsmayılzadə hazırda ordu sıralarında əsgər kimi xidmət edir.

Bölmələrimiz düşmənin döyüş aktivliyinin qarşısını almaq məqsədi ilə cavab tədbirləri görür.

Ədalət Şükürov
AVMVİB Ağstafa rayon şöbəsi sədrinin müavini

Bu xəbəri paylaşın: