Hər bir sosial şəbəkə istifadəçisi bu məlumatı nəzərə almalıdır!
Son günlər Azərbaycan və Ermənistan sərhəddində baş verən hadisələr və bunun fonunda Azərbaycan ordusunun düşmənə layiqli cavabı ilə qürur hissi keçirməmək mümkünsüzdür. Bu ərəfələrdə isə vətənpərvər insanlarımız ölkədə və xaricdə küçələrə axışır, müxtəlif şüuarlar səsləndirərək, əsgərlərimizə dəstəklərini nümayiş etdirirlər.
Geniş auditoriyaya malik sosial şəbəkə səhifələrinin istifadəçiləri, müxtəlif profillər isə ehtiyyatda olan hərbiçilərin, hətta milli qəhrəmanların şəklini paylaşaraq, onların fəaliyyəti haqqında məlumat verirlər.
Lakin burada nə qədər xoş niyyət olsa da, sosial medianın dünya üçün açıq platforma olduğunu nəzərə alaraq, qarşı tərəfin də bizim hesablarımızı nəzarətdə saxladığını unutmamalıyıq. Adları ilə düşməni lərzəyə salan igidlərimizin şəxsi məlumatlarını, şəkillərini paylaşaraq, özümüz də bilmədən düşmənə informasiya ötürmüş oluruq. Bu məqsədlə Müdafiə Nazirliyinin tövsiyyə xarakterli çağırışlarını da nəzərə alaraq, hazırda xidmətdə olan əsgər, zabit, milli qəhrəmanlarımızla bağlı paylaşımlarımıza xüsusi həssaslıq göstərək.
Unutmayaq ki, biz bu addımımızla onların həyatını təhlükəyə atmış oluruq!