Ermənistanın Qərargah rəisi Qarabağda, bizimki isə Bakıda danışdı…

Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyan işğal olunan Azərbaycan torpağındadır. O, Qarabağda qondarma qurumun “prezidenti” Araik Arutyunyan və “müdafiə naziri” Cəlal Arutyunyanla görüşüb.

Xatırladaq ki,  iyul ayının 25-də O. Qasparyan Azərbaycan-Ermənistan sərhədindəki insidentə münasibət bildirərərkən Azərbaycanı hədələmişdi: “Biz vuruşmalıyıq və qazanmalıyıq, çünki vətən zəif olanların göz yaşları və qorxuları üzündən məhv olur … Və daim çox sayda düşmənə qarşı mübarizə aparmağı bacaran əsl döyüşçülərin qanı damarlarımızda axır. Sərdarapat, Baş-Aparan və Qarakilsə bölgələrində, Qarabağda və Şuşada baş verən qəhrəmanlıq döyüşləri yuxarıdakılara əyani sübutdur.

Biz əcdadlarımızın müqəddəs torpağını və şərəfimizi müdafiə edirik. Biz yalnız qələbəyə məhkumuq!”.

Yəqin ki, əcdad deyərkən «analarının yatdığı türk çobanlara» işarə edib.

Azərbaycan MN Baş Qərargah rəisi general polkovnik Nəcməddin Sadikov isə sosial şəbəkədə yayılan: » «Türklərin gəlməsinə nə çox sevinirsiz, bəlkə arvadlarınızı da aparıb onlara verəsiniz. Bu sözlərə görə cəmi iki zabit etiraz edib, qalanı susub»- dezinformasiyasını təkzibiylə məşğul olub.

Bu barədə Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti məlumat yayıb:

“Xaricdə məskunlaşaraq ölkəmizə düşmən mövqedə olan mənbələr, eləcə də Ermənistanın xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən, onlardan təlimat alan bəzi üzdəniraq şəxslər Azərbaycan Ordusunda uzun illər xidmət edən Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova, eləcə də digər yüksək rütbəli zabitlərə qarşı qarayaxma kampaniyasının önündə gedirlər”. 

Bildirilib ki, bu şəxslərin əsas məqsədləri Azərbaycan Ordusunun yüksələn imicinə xələl gətirməyə yönələn yalanlar uydurmaqdır.

“Onların bu yaxınlarda keçirilən əməliyyat müşavirəsində guya “Baş Qərargah rəisinin Türkiyəli hərbi qulluqçuların birgə təlimlərə gəlməsi ilə bağlı təhqiramiz ifadələr işlətməsi” barədə iddiaları yalandır, növbəti iftiradır, heç bir həqiqətə uyğun deyil. Həmin müşavirədə qeyd olunan iddialarla bağlı heç bir fikir səsləndirilməyib, yalnız xidməti məsələlər müzakirə edilib.

Bu cür çirkin üsullarla Azərbaycan Ordusuna və hərbi qulluqçularımıza qarşı addımlar atan, qərəzli yazılar dərc edənlərin başlıca niyyətləri işğalçı Ermənistanın maraqlarına xidmət etməkdir. Amma həmin məkrli dairələr və onların ortaya atdığı ünsürlər bilsinlər ki, heç zaman çirkin niyyətlərinə nail ola bilməyəcəklər.

Biz həmin şəxslər tərəfindən səsləndirilən qərəzli fikirləri qəti surətdə rədd edirik. Bildiririk ki, belə dezinformasiya xarakterli məlumatların məhz bu gün — Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinin keçirildiyi ərəfədə yayılması Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ölkəmizə qarşı həyata keçirilən növbəti təxribatın tərkib hissəsidir”, — deyə məlumatda qeyd olunub.

Bu xəbəri paylaşın: