AVMVİB Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümünü təbrik etdi

AVMVİB Rəhbərliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətiylə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) kollektivini və rəhbərliyini təbrik edib.

Təbrikdə deyilir: «Azərbaycan müstəqillik qazandığı ilk illərdə yaradılan xidmətlərdən biri, məhz hərbi çağırışın təşkili ilə bağlı olmuşdur.

Əsası məhz Xalq Cümhuriyyəti dövründə qoyulan hərbi çağırış və səfərbərlik  sistemi də ötən 100 ildə şərəfli yol keçərək bu günümüzə gəlib çatmışdır. Xalq Cümhuriyyəti dövründə qısa müddətdə vətəndaşların orduya çağırışı, vətənin müdafiəsinə səfərbər olunması istiqamətində müvafiq addımlar atılmış, öz dövrünə görə yüksək döyüş qabiliyyətli nizami hərbi hissələr yaradılmışdır. Azərbaycan Hökumətinin 1918-ci il 3 iyul tarixli qərarı ilə 19 yaşı tamam olmuş vətəndaşlar hərbi mükəlləfiyyətin yerinə yetirilməsinə cəlb olunmağa başladılar. Daha sonra 1894-95 illərdə doğulmuş və islam dininə mənsub gənclərin xidmətə çağırılması barədə qərar qəbul edilmişdir. Hökumətin 55 saylı qərarı ilə Yelizavetpol əxzi-əsgər (hərbi çağırış) idarəsi Azərbaycan Əxzi-əsgər idarəsi adlandırılmış və bütün ölkə üzrə çağırış işinin təşkili bu idarədə cəmləşdirilmişdir

Ordu quruculuğu bu gün də uğurla davam etdirilir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, Azərbaycanda milli ordu quruculuğu sahəsində də mühüm proseslər baş verdi. 1994-cü ildə atəşkəsin elan olunması ordu quruculuğu ilə bağlı geniş tədbirlərin həyata keçirilməsi üçün vaxt qazandırdı. Azərbaycan mühüm beynəlxalq tərəfdaşlıq platformalarına inteqrasiya etdi. Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü iqtisadiyyata, sürətli inkişafa qadir ölkəmizdə müasir və qüdrətli milli ordu formalaşır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən hərbi islahatlar, aparılan ordu quruculuğu ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət edir. O cümlədən 8 il öncə bu sahədə də aparılmış islahatlar nəticəsində Dövlət Xidməti daha mükəmməl və müstəqil şəkildə öz fəaliyyətini qura bilmişdir.

Bu gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramıdır. Bu münasibətlə başda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov olmaqla, bütün Xidmət əməkdaşlarını təbrik edirik!»

Bu xəbəri paylaşın: