Separatçı Qarabağ rejiminin 29 yaşı tamam oldu

Azərbaycan torpaqlarında qurulmuş işğalçı Dağlıq Qarabağ rejiminin “müstəqil dövlət” elan olunmasından 29 il ötür.

Novator.az bildirir ki, 1988-ci il fevralın 13-dən Azərbaycanın Stepanakert şəhəri, Mardakert, Əsgəran, Martuni, Şuşa rayonlarından ibarət Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin dövlət hakimiyyəti orqanı – Xalq Deputatları Soveti SSRİ, Azərbaycan və Ermənistan hakimiyyətləri qarşısında vəsatət qaldırıb. Vəsatətdə vilayətin Ermənistana birləşdirilməsi istəyi yer alıb, bununla separatçı hərəkat açıq hərbi təcavüzə çevrilib.

1991-ci ilin avqustunda SSRİ-nin dağılması sürətlənib, ayın 30-da Azərbaycan parlamenti dövlət müstəqilliyinin bərpasına qərar verib.

1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib. İşğalçı rejim Dağlıq Qarabağ Muxtar Vilayətinin və keçmiş Şaumyan kənd rayonunun ərazisində elan olunub (Şaumyan kənd rayonu Azərbaycan parlamentinin 12 fevral 1991-ci il qərarı ilə ləğv edilib, Goranboy rayonunun tərkib hissəsidir). Bunun ardınca müharibə alovlanıb, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlərin işğalı başlanıb.

Həmin il noyabrın 26-da Azərbaycan Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv edib. Azərbaycan parlamenti tarixi adları qaytararaq Stepanakerti Xankəndi, Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırıb. Əsgəran və Hadrut rayonları ləğv edilib, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılıb, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi Xocavənd rayonunun tərkibinə verilib.

1992-ci il fevralın 26-da Xocalı şəhəri, mayın 8-9-da Şuşa şəhəri işğal edilib.

Mayın 17-də Laçın şəhəri işğal olunub, rayon (Qubadlıya yaxın kəndləri çıxmaqla) ermənilərin əlinə keçib.

İyunun 14-də keçmiş Şaumyan kənd rayonu erməni işğalından qurtulub, iyulun 4-də Ağdərə şəhəri Azərbaycan qoşunlarının nəzarətinə keçib, sonra rayonun böyük hissəsi azad olunub, Tərtər-Kəlbəcər yolu açılıb.

Azərbaycan parlamentinin 25 avqust qərarı ilə Ağdərə rayonunun bir hissəsi Tərtər rayonunun tərkibinə keçib, 13 oktyabr qərarı ilə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülüb.

1992-ci ilin yay-payız aylarında Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi azad edilib.

1993-cü ilin fevral ayından başlayaraq ermənilər keçmiş Ağdərə rayonunun bir hissəsini nəzarətə götürüb, Tərtər-Kəlbəcər yolu yenidən bağlanıb.

Martın sonundan aprelin 2-dək Kəlbəcər rayonu işğal edilib, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən ermənilərin əlinə keçib.

İyunun sonunda ermənilər Ağdərə şəhərini yenidən zəbt edib.

İyulun 23-də Ağdam şəhəri, avqustun 23-də Füzuli və Cəbrayıl rayonları, avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndləri, ayın 31-də Qubadlı rayonu, oktyabrın 29-da Zəngilan rayonu işğal olunub.

1994-cü il yanvarın 5-də Azərbaycan qoşunlarının keçirdiyi əməliyyat zamanı Füzuli rayonunun 22 kəndi və Horadiz qəsəbəsi, Cəbrayılın Cocuq Mərcanlı kəndi azad edilib.

1994-cü ilin mayın 12-də Azərbaycan və Ermənistanın müdafiə nazirləri, eləcə də Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin komandanı Moskvada atəşkəs sazişi bağlayıblar…

Özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandıran işğalçı rejimdə 1991-ci ildən bəri 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.

Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan, Bako Saakyan rəhbərlik edib. 2020-ci il mayın 21-dən Araik Arutunyan başçıdır.

Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə ATƏT-in Minsk qrupu məsuldur. Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

FOTOLAR Fedai.az-a məxsusdur.

Bu xəbəri paylaşın: