İlham Əliyev: «İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb»

«Təxminən iki ay bundan əvvəl Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti hərbi təcavüzü ilə əlaqədar Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyini və haqq işini dəstəkləyən, Ermənistanın addımlarını pisləyən qətnamələr qəbul etmiş və açıqlamalar vermişdir.»

Fedai.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İranın yeni səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən bildirib.

“İran İslam Respublikası bu iki təşkilatın fəal üzvü kimi bu mövqeyə qoşularaq növbəti dəfə Azərbaycana öz dəstəyini göstərmişdir. Buna görə mən sizə minnətdaram.

Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşüb. Azərbaycan vətəndaşlarının qaçqın-köçkün vəziyyətinə düşməsi məhz bu işğalın nəticəsidir. Bizə – azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir”, – İ. Əliyev söyləyib.

İranın Azərbaycanda yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən səfir qeyd edib ki, İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri məsələsində, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli və haqq mövqeyini dəstəkləyir. Bizim qonşuluq, dostluq münasibətlərimiz xüsusi münasibətlərdir və heç bir üçüncü qüvvə bu münasibətlərə xələl gətirə bilməz.

“Biz hesab edirik ki, bu münaqişə beynəlxalq qanunlar, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır”, – deyə o əlavə edib.

Bu xəbəri paylaşın: