“Zamanında dedim ki, hərbi jurnalistika fakültələri açaq, amma heç kim ciddi yanaşmadı”

Xəbər verdiyimiz kimi Qarabağda vəziyyət gərginləşib. Tovuz döyüşlərindən sonra Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün ortaya qoyduğu qətiyyətli fikri düşməni təşvişə salıb. 


Bəs əgər sabah müharibə başlayarsa, mediamız ekstremal şəraitdə işləməyə hazırdırmı?


Moderator.az-ın sualını ehtiyatda olan mayor, hərbi telejurnalist Rahib Qərib cavablandırdı. Onun sözlərinə görə bu gün Çingiz Mustafayev səviyyəsində cəbhəyə göndərməyə elə bir jurnalistimiz yoxdur:


“1992-ci ildən bu günə kimi hərbi jurnalistika sahəsində elə bir irəliləyiş olmayıb. Əslində o dövrdə indiki texniki vasitələrin olmadığı vaxtda Çingiz Mustafayev kimi bir jurnalist var idi. Amma indi Ç.Mustafayev səviyyəsində elə bir jurnalist yoxdur ki, o cür hazırlıqlı olsun və müharibəyə gedə bilsin. Bura özümü də aid edirəm. Müharibə tamam fərqli bir şeydir, bunu döyüş repartyorları yaxşı bilirlər. Gərək tez-tez cəbhə bölgəsində, atəş səslərinin içində olasan ki, buna öyrəşəsən. Bu çox mürəkkəb bir işdir, hadisələrə hardan, hərbçilərə necə yanaşmağı bilmək lazımdır.  Məsələn, sovet vaxtı tibbi və mədəniyyət jurnalistikası yox idi. Redaksiyalarda mədəniyyət şöbəsi və ona uyğunlaşmış jurnalistlər var idi. Amma hərbi jurnalistika tamam fərqli qol idi və onun siyasi məktəbi var idi. Zamanında dedim ki, hərbi jurnalistika fakültələri açaq, amma heç kim buna ciddi yanaşmadı. Bir sözlə, biz müharibə şəraitində media olaraq işləməyə tam hazır deyilik. Tutaq  ki, sabah Ali Baş Komandan əmr verdi və səfərbərlik elan olundu müharibəyə getdik. Təsəvvür edin ki, jurnalist olaraq ora telekanallardakı peşəkar olmayan aparıcılar jurnalist kimi gedəcək”.


R. Qərib artıq bundan sonra televiziyalarda işləmək fikrinin olmadığını bildirib: 


“Mən “Xalq” qəzetində işləyirəm, düzgün yol seçmişəm, indiki ailə vəziyyətimə də uyğundur.Televiziyalara da heç ayaq basmaq istəmirəm. O televiziyalarda gedib neyləyim? Telekanallardan bir çox peşəkar jurnalistləri uzaqlaşdırıblar”.

Vasif Əlihüseyn

Bu xəbəri paylaşın: