Müxbirin təxribatçı, sətiraltı məzmunlu, riyakar, çaşdırıcı hətta bəzən də hədələyici suallarına Prezident İlham Əliyev elə səbr, təmkin və məntiqlə cavablar verməsi cəmiyyətdə geniş rezonans doğurub. Prezident təkcə səngərdə deyil, həm də masada üstün siyasi iradə sərgiləməkdədir.
Elə birinci sualdaca öz jurnalist mövqeyini itirmiş Fransanın “Figaro” qəzetinin müxbirinin qərəzli mövqeyini ortaya qoyması Prezident İlham Əliyevin siyasi cəhətdən yüksək hazırlığını göstərir.
Sual və cavabı bir daha diqqətinizə çatdırırıq.
- Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?»
- “Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi…Biz onlara yalnız adekvat cavab verdik. Bunun nəticəsində biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin bir hissəsini azad etdik və azad etməyə davam edirik”. Bu cavabda ən azı üç məsələ var. Birincisi, “Dağlıq Qarabağ” «iqnor» edilir və Ermənistan Azərbaycana qarşı hücuma keçdi deyilir.
İkincisi, hücumun nəticəsində mülki şəxslərin qurbana çevirilməsi qeyd edilməklə diqqət erməni terroruna çəkilir, üçüncüsu, deyilir ki, Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazilərini bərpa edir və edəcək. Nə qədər sərrast, dolğun və məzmunlu cavabdır. Görünür, fransalı müxbir o qədər qərəzli, ya da lap deyək ki , məlumatsızdır ki, başa düşmür ki, bir ölkə öz legitim ərazisinə qarşı, öz torpağına qarşı necə hücuma keçə bilər və burada hansı siyasi məqsəddən söhbət gedə bilər. Bu sualı verən zehniyyət, “biz Qarabağın ikinci dəfə fəth olunmasına icazə verməyəcəyik” zehniyyətidir. Ona görə də müxbirin bu sualı nə məlumatsızlıqdan, nə qərəzlilikdən irəli gəlirdi”.
Elnur Səlim
