CƏBHƏ GÜNDƏLİYİ — 24. 10.2020-Cİ İL

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***

***Prezident: “Biz Qarabağda ermənilər və ora qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik” 

“Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi sizə deyə bilərəm, həmçinin, mən Minsk qrupunun həmsədrləri vasitəsilə Ermənistanın əvvəlki hökumətinə bizim gələcəyi necə görməyimizlə bağlı müəyyən mesajlar vermişəm. Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın bütün digər yerlərində etdiyimiz kimi, inkişaf etdirməyi planlaşdırdığımız ərazi kimi görürük”.

Prezident İlham Əliyev bu fikirləri Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Qarabağın gələcəyi ilə bağlı baxışından danışarkən səsləndirib.

***İlham Əliyev: “Ermənistan hökuməti türk və Azərbaycan xalqlarına qarşı nifrəti dayandırmalıdır” 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində deyib:

“Beləliklə, Türkiyənin, Azərbaycanın və Mərkəzi Asiyanın quru əlaqəsi olacaq. Bu gün bizdə bu, yoxdur. Lakin Türkiyənin həmin regionla Azərbaycan vasitəsilə əlaqəsi var. Biz bir neçə il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunu tikdik. Beləliklə, Türkiyə malları Gürcüstan, Azərbaycan və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə daşınır. Lakin Türkiyədən Naxçıvana, Ermənistana, Azərbaycana yol daha qısadır. Ona görə də məsələ onda deyil ki, Türkiyənin belə əlaqəsi yoxdur və dediyiniz kimi, kimsə fikirləşir ki, onlar buna sahib olmaq üçün Ermənistanı silmək istəyirlər. Onlar buna sahibdirlər, biz buna sahibik. Biz daha birinə sahib olacağıq. Lakin bu, yenə də sülh planının bir hissəsidir, bütün kommunikasiyalar açılacaq. Düşünürəm ki, Ermənistan hökuməti əhalini Türkiyə ilə qorxutmağa çalışmamalı, türk və Azərbaycan xalqlarına qarşı nifrəti dayandırmalıdır”, — deyə dövlət başçısı bildirib.

***İlham Əliyev Qarabağın gələcəyindən danışdı 

Dövlətimizin başçısı deyib: “Sizə deyə bilərəm ki, bizim çox əhəmiyyətli iqtisadi nailiyyətlərimiz var. Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faizdir. Ermənistanda bu, 50 faizə yaxındır. Həmçinin bizdə işsizlik səviyyəsi çox aşağıdır. Pandemiyadan əvvəl bu, 5 faizə yaxın idi, indi 7 faizdir. Lakin bu amilin geniş vüsət aldığı Dağlıq Qarabağla müqayisədə fərq gecə ilə gündüz qədərdir. Beləliklə, biz orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik”.

 ***Rəcəb Tayyib Ərdoğan: “Bu səhər qardaşım İlham Əliyevlə danışdım” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə danışdığını deyib.

“Haber Global” məlumat verir ki, bu barədə o, Kayseridə çıxışı zamanı bildirib.

“Bu səhər qardaşım İlham Əliyevlə telefonla əlaqə saxladım. Azərbaycan televiziyasında aparıcının ağlamağı barədə onunla danışdıq. İndi azərbaycanlı qardaşlarımız işğal altındakı torpaqlara doğru irəliləyirlər. Həmd olsun, onları geri almağa başladılar. Heç bir şey əzmdən, imandan qaça bilməz”, — deyə Türkiyə lideri bildirib.

***Ərdoğan: «Azərbaycandakı faciələrin arxasında Fransa dayanır» 

“Hazırda Azərbaycandakı fəlakətlərin arxasında Fransa var”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Minsk qrupunda varsınız. Bu günədək nə edibsiniz? Azərbaycan ərazilərini işğaldan azad edibsinizmi? Sadəcə, ermənilərə silah göndəririsiniz və ermənilərə göndərdiyiniz silahlarla sülh yaradacağınızı düşünürsünüz. Edə bilməzsiniz, çünki dürüst deyilsiniz”, — o qeyd edib.
***H. Hacıyev: «Ermənistandan Azərbaycanın ərazisinə hücumların edilməsi növbəti hərbi təcavüz aktıdır» 

«Ermənistanın öz ərazisindən Azərbaycan ordusunun bölmələrini Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan, Qubadlı və Laçın rayonları istiqamətində atəşə tutması, Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumların edilməsi növbəti hərbi təcavüz aktıdır».

Bunu Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.


***Azərbaycanın Hərbi Komandanlığı işğal olunmuş ərazilərdəki dinc sakinlərə yenidən müraciət edib 

Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan dinc əhaliyə bir daha müraciət edərək onların xəsarət almaması üçün hərbi obyekt və infrastrukturdan uzaq durmasını tövsiyə edir.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Eyni zamanda, Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə də müraciət edərək silahı yerə qoymağı və təslim olmağı təklif edir.


***MN: Düşmən qüvvələrindən əsir götürülənlər var

Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib.

 Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.


***“Amerikanın səsi» Azərbaycandan üzr istədi

“Amerikanın səsi” radiostansiyası rəsmi feysbuk səhifəsində və saytında Azərbaycana qarşı daima qərəzli mövqeyi ilə fərqlənən «Human Rights Watch» təşkilatının açıqlamasını yayıb. 

Təşkilat heç bir ciddi mənbəyə əsaslanmayaraq Azərbaycan Ordusunun guya Dağlıq Qarabağdakı mülki əhaliyə zərbə endirdiyini iddia edib. Bu məlumatı öz oxucuları ilə paylaşan “Amerikanın səsi” radiostansiyası isə saxta məlumatı yaymaqla kifayətlənməyərək həmin məlumatı Gəncədə ermənilərin raket zərbəsi nəticəsində dağılan evlərin fotosu ilə paylaşıb. Saxta məlumat və səhv foto paylaşan media orqanı oxucuların ciddi etirazı ilə qarşılaşıb. Əvvəlcə oxucularından üzr istəyən media orqanı daha sonra, ümumiyyətlə, həmin xəbəri və fotonu öz rəsmi feysbuk hesabından çıxarıb.


***Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Gəncədə Artur Mayakovun həlak olması ilə əlaqədar rəsmi “Twitter” səhifəsində paylaşım edib.

 Paylaşımda deyilir: «Oktyabrın 17-də raket hücumu nəticəsində yaralanaraq Gəncə Şəhər Xəstəxanasına gətirilmiş 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Vasilyeviç Mayakovun oktyabrın 24-də vəfat etməsi barədə Azərbaycanın hakimiyyət orqanları tərəfindən səfirliyə məlumat verilib. Səfirlik Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, mərhumun qohumları və yaxınları ilə əlaqə saxlayır, onlara lazım olan köməyi göstərir. A.V.Mayakov oktyabrın 24-də Azərbaycan Respublikasının Gəncə şəhərində dəfn olunub.

Dəfn mərasimində Gəncənin rus icması başçısının müavini İ.V.Kalaşnikova və Gəncədəki Aleksandr Nevski məbədinin keşişi Varfolomey Ata iştirak ediblər. Səfirlik bu kədərli hadisə ilə əlaqədar mərhumun qohumlarına və yaxınlarına başsağlığı verir”.


***Ermənistan ordusunun Tərtərə raket zərbəsindən 16 yaşlı yeniyetmə həlak olub 

“Ermənistanın mülki vətəndaşlara, xüsusən də uşaqlara qarşı müharibəsi davam edir”. Bunu Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter” hesabında paylaşıb. Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan ordusu tərəfindən Tərtər şəhərinə “Smerç” raketi atılıb və hücum nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan evlərinin həyətində həlak olub. “Xurma mövsümü olduğu üçün Orxan həyətdə xurma yığırdı”, — deyə Prezidentin köməkçisi vurğulayıb.

***Azərbaycandan erməni əsgər və könüllülərə — “Təslim olun!” 

Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə müraciət edib.

Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, Hərbi Komandanlıq onlara silahı yerə qoymağı və təslim olmağı təklif edir.

Məlumatda deyilir ki, Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır.


***Azərbaycan təyyarələri havaya qalxdı: Düşmən məntəqələri bombalandı 

Oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib. Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.

***Düşmənin döyüş təyyarəsi məhv edilib 

Oktyabrın 24-də gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.


***Həlak olan mülki şəxslərin sayı 65-ə çatdı — 297 nəfər yaralanıb

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb. Bundan başqa, 398 mülki obyekt, 2174 yaşayış evi və 90 çoxmənzilli yaşayış binası yararsız hala düşüb.


***MN: Təslim olan erməni hərbi əsirlərin, mülki şəxslərin üçüncü dövlətlərə keçməsi üçün lazımi şərait yaradılacaq

Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə də müraciət edərək silahı yerə qoymağı və təslim olmağı təklif edib.

A.Eyvazov vurğulayıb ki, Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır:

Bundan əlavə, beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsirlərin, mülki şəxslərin bütün hüquqları qorunacaq və üçüncü dövlətlərə keçmək istəyən şəxslərə beynəlxalq təşkilatlar vasitəsilə lazımi şərait yaradılacaq.

***Makron başa düşdü ki, ermənilər onu aldadır — Fransız ekspert 

Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən fərqli olaraq, həm Bakı, həm də Paris daha uyğun tonlarda danışmağa başlayıb.

Bu sözləri Axar.az-a açıqlamasında fransız tarixçi, politoloq Maksim Qauin deyib. «Paris başa düşdü ki, «Suriya muzdluları» heç vaxt mövcud olmayıb. Razılaşın, aldadıldığını anlamaq heç də xoş deyil… İlham Əliyev bu məsələyə əvvəlki kəskin reaksiya göstərmir, çünki Emmanuel Makron və Jan-İv Lö Drian ictimaiyyətə açıq və şəxsi şəkildə «yumşaldıcı» bəyanatlar veriblər. Hər iki ölkə bu təkamülü müsbət amil kimi qiymətləndirməlidir. Qarşılıqlı maraqlar göz qabağındadır və erməni millətçilərinin onları pisləşdirmək cəhdləri nəzərə alınmalıdır» , — deyə o bildirib.


***Ermənistan növbəti leş sayını açıqlayıb


 Ermənistan hökuməti oktyabrın 24-də Dağlıq Qarabağ münaqişəsində həlak olan hərbi qulluqçularının yeni siyahısını açıqlayıb. Erməni mənbələrinin verdiyi məlumatına görə, bugünkü siyahıda 36 nəfərin adı yer alıb. Bununla da rəsmi açıqlanan məhv edilən erməni hərbi qulluqçuların sayı 963-ə çatıb. Sadəcə erməni tərəfi bu rəqəmin sonundakı sıfırı siliblər…


***Paşinyanın qızı saxta “facebook” hesabları ilə rus xalqını təhqir edir

Ermənistan baş naziri Nikol Paşinyanın qızı Məryəm Paşinyan sosial şəbəkədə saxta hesablarla rus xalqını təhqir edir.

«Report» “Politrus.com” saytına istinadla xəbər verir ki, N.Paşinyan tərəfindən koordinasiya edildiyi deyilən səhifələrdən birində «Rusları Ermənistandan qovmalıyıq, ruslar olmadan qazanacağıq. Yaşasın Nikol Paşinyan və Anna Akopyan!» başlığı ilə statuslar paylaşılıb.

Ümumiyyətlə, sosial şəbəkələrin erməni seqmenti Rusiya prezidentini təhqir edən və antirus ruhlu yazılar və səhifələrlə doludur. Bu səhifələrdən biri Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Məryəm Paşinyan tərəfindən şəxsən koordinasiya edildiyi deyilən «Margo Margarita» səhifəsidir. Həmin təxəllüslə yazan Paşinyanın qızı saxta səhifədən anası Anna Akopyanın fotosu ilə «Ən böyük qadınlar erməni qadınları» başlıqlı status da paylaşıb.

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın: