
Tofiq Əzizbəyli
Tarixçi, arxeoloq
Alban əlifbası haqqında qısa məlumat. İtmiş hesab edilən 52 hərfdən ibarət Alban əlifbasını 1937 – ci ildə gürcü alimi İlya Abuladze Matenadaranda 1442 – ci ildə yazilmış MS 7117 şifrəli ermənicə bir əlyazmasıda tapmışdır. Alban əlifbası 10 sait və 42 samit hərfdən ibarətdir. Azərbaycanda bu əlifba ilə yazılmış yazılar 1948 – 1952 — ci illərdə Mingəçevirdə aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmişdir və 8 ədəddir.
Onlardan ən böyüyü V – VI əsrə aid Alban xristian məbədinin mehrabındakı daş lövhənin üzərindədir və bu yazı 56 hərfdən ibarətdir. Digər yazılar gil şamdanlar və küp qırıqları üzərindədir. Bu yazıların oxunmasına mane olan əsas səbəblərdən biri də, onların çox qısa və bəzi hərflərin zədəli olmasıdır.
Azərbaycan alimləri Alban əlifbasının mənşəyi haqqında.
Firudin Ağasıoğlu: ,,Hay tarixçilərinə görə, hay, gürcü və alban əlifbalarını güya Mesrop Maştos yaratmışdır. Gürcü əlifbasının aramey əlifbası əsasında formalaşması bəllidir. Hay əlifbası da aramey – yunan və türk runik əlifbalarının qarışığından yaranıb. Maştosun xidməti bundadır ki, kalliqraf yunan Rufanla birlikdə hay əlifbasının hərflərini əvvəlki əlifbalara nisbətən daha uyumlu biçimə salmışdır. O ki, qaldı alban əlifbasına, sadəcə bu, hay tarixçilərinin uydurması, sonrakı hay şərhçilərinin yozumu və yanlış tərcümələrin nəticəsində ortaya atılmış qondarma bir fikirdir” (F. Ağasıoğlu. Azərbaycan türklərinin İslamaqədər tarixi. I bitik. Bakı – 2014, s. 161 – 162).
Yusif Yusifov: ,,Son tədqiqatlar göstərir ki, bu əlifba erməni və gürcü əlifbalarının işarələri əsasında tərtib olunmuşdur.
… Bəzi tədqiqatçılar müvafiq (52 işarəlik) əlifbanın albanlara mənsub olduğunu söyləmişlər. Bəziləri isə bu faktı inkar edirlər. Doğurdan da, həmin əlifba ilə alban və qarqarların əlifbası arasında yəqin ki, heç bir əlaqə yoxdur” (Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. Bakı — 1994, s. 219).
Fəridə Məmmədova: ,,V əsrin başlanğıcında arami qrafikası əsasında alban yazısı — əlifbası təkmilləşdirildi. Antik müəlliflərə görə, albanlar hələ e. ə. I əsrdə öz yazılarından istifadə edirdilər. V yüzilin əvvəllərində təkmilləşdirilmiş 52 fonemli alban əlifbası fışıltılı və boğaz səsləri ilə zəngin idi” (Azərbaycan tarixi. Yeddi cilddə. II cild. Bakı – 2007, s. 127).
Məlumat üçün deyək ki, Finikiya əlifbası əsasında yaradılmış Arami əlifbası yalnız samit səsləri ifadə edən 22, Yunan əlifbası 24, Gürcü və Hay əlifbaları isə 38 hərfdən ibarətdir. Alban əlifbası haqqında yazılı mənbələrdəki əsas məlumatlar və onlardan çıxan nəticələr. Özündən əvvəlki müəlliflərin verdiyi məlumatlarla tanış olan Moisey Kalankatuklu ,,Alban tarixi” adlı əsərində yazır: ,,XVI fəsil. Mesropun Albaniya çarı Arsvagenin yanına gəlməsi, burada əlifbanı təkmil etməsi, məktəbləri yenidən açması, ölkədə qalmış bütpərəst məzhəblərin kökünün kəsilməsi və Albaniyada xaçpərəstliyin möhkəmlənməsi.
… Albaniyaya, bizim patriarxımız Yeremiya və çarımız Arsvagenin yanına həmin Mesrop gəldi. Onların hər ikisi (Arsvagen və Yeremiya) ona maarifçilik fəaliyyətində kömək etməyə razılıq verib (o, Müqəddəs Ruhun köməyi ilə erməni və gürcülərə əlifba yaradıb) və məmuniyyətlə ona şagirdliyə fərasətli gəncləri təhkim etdilər. Onlar Sünikdən (Zəngəzurdan) Bəncamin adlı tərcüməçini dəvət etdilər və onu Sünikin gənc knyazı Vasaq yepiskop Ananiyanın xahişi ilə Albaniyaya göndərdi. Onlar Mesropun yanına gəlib, onunla birlikdə qırtlaq, qaba, barbar və çətin səslənən qarqar dilinin əlifbasını yaratdılar. Bundan sonra Maştos, burada öz şagirdi Yovnatanı dini qəyyum vəzifəsində qoyub və çar sarayına keşişlər təyin edib, Erməniyyəyə qayıdır” (Moisey Kalankatuklu. Albaniya tarixi. Bakı – 1993, s. 32 – 33).
F. Ağasıoğlu M. Xorenatsinin Qarqar əlifbasının yaranması ilə bağlı verdiyi çox qiymətli bu məlumatı üzə çıxarıb, ona verdiyi şərhlə çox böyük bir iş görərək yazır: ,,Bütün ehtimal və gümanları bir tərəfə qoyub, əsas məsələyə, hay tarixinin atası sayılan M. Xorenatsinin ilkin mətninə qayıdıb, buradakı sözlərə baxaq: Steğts nşanaqirs kokordaxos ağxazur xjakan xetsbekazunin aynorik qarqaratsvots lezun.
Bu cümlənin qədim haycadan hərfi tərcüməsi belədir: ,,boğazda danışan yabani ağxəzər pozuq əlifbasını qarqarların dilinə uyğun düzəltdi” (F. Ağasıoğlu. Azərbaycan türklərinin İslamaqədər tarixi. I bitik. s. 164).
Yazılı mənbələrdəki bu məlumatlardan belə bir nəticə çıxır ki, Mesrop Maştosun yaratdığı bu əlifba Albaniya dövlətinin yaradıcısı Alban tayfasının dilinin yox, Albaniyaya kənardan gəlmiş Qarqar tayfasının qafqazdilli hissəsinin dilinin əlifbasıdır. M. Maştos bu əlifbanı həmin vaxt türk Alban tayfasının da istifadə etdiyi Ağ xəzərlərin əlifbasına Qarqar tayfasının dilinə məxsus boğaz səslərini ifadə edən hərfləri əlavə etməklə düzəltmişdir. M. Maştosun bu əlifbanı düzəltməkdə yeganə məqsədi, qarqarlar və digər qafqazdilli tayfalar arasında Xristianlığı geniş şəkildə yaymaqdan ötrü Xristian dininə aid kitabların onların dilinə tərcüməsinə, təbliğinə və məktəblərdə tədrisinə nail olmaq olmuşdur. Beləliklə, elmdə Alban əlifbası adı almış bu əlifbanın həqiqi tarixi adı Q a r q a r ə l i f b a s ı d ı r və belə də adlandırılmalıdır.
P.S. Mesrop Maştots bir erməni uydurmasıdır. Yazılar runik (türk), arami və həbəş əlifbaları əsasında yaradılıb. Əlifbaya erməni iddialarını heç bir tarixi yazı nümunəsi təsdiqləmir. Alban əlifbasında da runik əlifbanın işarələri üstünlük təşkil edir.
