Media rəhbəri, heç olmasa yazmağı bacarmalıdır…

ELNUR Səlim

Azərbaycan mediası ilə bağlı ciddi islahatlara ehtiyac var. Ali Baş Komandan, ölkə prezidenti cənab İlham Əliyevin bu gün imzaladığı «Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında bu məsələ, öz əksini tapıb. Bildirildiyinə görə, «Media haqqında” yeni qanun hazırlanacaq. Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına «Media haqqında” qanununun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Alqışlanmalı qərardı. Xüsusən də Vətən müharibəsi informasiya təhlükəsizliyinin və informasiya savaşında ciddi peşəkarlara ehtiyac olduğunu gördük. Bu gün savaşla bağlı ən yaxşı fotonun müəllifi əsgərdir. Torpaqlarımızı azad edən də əsgərdir. Ən real informasiyanı verən də əsgərdir. Ən orjinal çəkilişlərin müəllifi də əsgərdir. Yaşa Azərbaycan əsgəri! Bəs bu savaşda jurnalistikanın yeri haradadır? Cəbhədən məsafədə saxlanılan Azərbaycan mediasını çağdaş durumuyla ən doğru yerdə saxladılar. Güya daha yeni informasiyaya yetişmək istəyənlərin informasya məkanında ermənilərin atdığı qarmağa necə yem olduqlarını gözümüzlə gördük. Bir dəfə bir informasiyanı hamı tələsik vermişdi və bu informasiyanı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbərinə göndərdim ki, biz də yayına alaq. X. Ədəboğlu bildirdi ki, bu cəmiyyətə qarşı hesablanmış bir informasiyadır. Bunu ermənilər ata bilər və araşdırıb «süzgəcdən» keçirincə aydın oldu ki, bu xəbər Marqarita Simonyanın (Sputnik) informasiya «mətbəxindən» çıxıb. Az sonra xəbəri bir neçə sayt sildi, amma qalanları isə bunun fərqinə varmadılar.

Fedai.az olaraq, jurnalistikamızı dəfələrlə tənqid etmişik. Yürüdülən informasiya siyasətinin olmaması və jurnalistikadan xəbərsiz olmaları, jurnalistikaya yad adamların Əli Həsənov tərəfdən qəsdən bu sahəyə doldurulması barədə tənqidi məlumatlar yayınlamışıq. Bizim saytın öz informasiya siyasəti mövcuddur. Mövzumuz elə birliyin adından bəllidir. Könüllülük əsasında fəaliyyət göstərdiyimiz bu saytın çox imkanları olmasa da əsil jurnalistikanın nə olduğunu, informasiya seçimini, informasiyanın «süzgəcdən keçirilməsini» öyrəndik. İlkin fəaliyyətə başlayanda daxil olan oxucuları cəlb etmək üçün şou, kriminal və s. bu tip xəbərlər vermək istəyimiz rədd edildi. AVMVİB Mətbuat Xidmətinin rəhbəri dedi: «Əgər xalqa və döyüşçülərə xidmmət etmək niyyətiniz varsa, ucuz yolla getməyin». Bu günədək bizim saytda bu cür xəbərlərə yer verilməyib. Amma dəyərli oxucular qazanmışıq.

Bu gün bu fərmanı alqışlayıram və yeni hazırlanacaq «Media haqqında” yeni qanuna təkliflərim var. İnformasiya vasitəsinə heç olmasa rəhbərlik sertifikatlaşdırsın. O zaman jurnalistikanın inkişafına nail ola bilərik. Media rəhbəri gülməli olsa da, heç olmasa yazmağı bacarmalıdır…

P.S. Fotoya görə üzr istəyirik, amma buna, «reallıqdan qaçmaq olmur» deyirlər…

Bu xəbəri paylaşın: