ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz regionu ilə daha aktiv şəkildə əməkdaşlıq edəcəyinə ümid edirik.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ın aparıcı beyin mərkəzi «Atlantic Council»in virtual formatda keçirilən müzakirəsində çıxışı zamanı deyib.
H.Hacıyev bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər. Onun sözlərinə görə, ABŞ-ın postkonflikt dövründə quruculuqla bağlı zəngin təcrübəsi və təşəbbüsləri olub, bu istiqamətdə Cənubi Qafqaza da töhfə verə bilər.
H.Hacıyev ABŞ-ın həm ölkə olaraq təktərəfli şəkildə, həm də ATƏT-in Minsk Qrupunun həmsədri olaraq sülh quruculuğu, münaqişədən sonra rekonstruksiya, yenidənqurmada aktiv rol oynaya biləcəyini vurğulayıb.
İşğaldan azad olunmuş ərazilərdə «smart», yaşıl şəhərlərin qurulacağını qeyd edən H.Hacıyev bu prosesdə ABŞ-ın özəl sektoru üçün geniş imkanların olduğunu əlavə edib. (APA)
