Ukrayna vətəndaşı, Şamaxılı Oleq Krapivin bu gün «YAŞAT» Fonduna 10.000 dollar yardım edib

Ukrayna vətəndaşı, Şamaxılı Oleq Krapivin bu gün «YAŞAT» Fonduna 10.000 dollar yardım edib.

Oleq Krapivin Şamaxıda doğulub, burada yaşayıb, sonra ailəsi ilə birlikdə Bakıya köçüb. 1989- cu ildən isə Ukraynada yaşayır. Yəni qazancı Azərbaycandan formalaşmayıb, xaricdə qazanıb Azərbaycanda xərcləyir, Azərbaycan üçün xərcləyir, bu əsas məsələdir.

Krapivin öz imkanları hesabına Şamaxıda “Şirvan” idman klubunu tikdirib.

Hər il Şamaxıda gənclər arasında beynəlxalq güləş turniri keçirir, dünyanın məşhur güləşçilərini və məşqçiləri Şamaxıya gətirir.

O, Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edir.

Krapivin veteranlar arasında sərbəst güləş üzrə dünya çempionudur.

2016-cı ildə ölkə başçısı tərəfindən Oleq Krapivin Azərbaycanın “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adı ilə təltif olunub.

Krapivin Vətən müharibəsi zamanı da Silahlı Qüvvələrə dəstək Fonduna 20.000 dollar yardım edib.

Uzun illərdir ki, Ukraynanın daxili işlər nazirli milliyyətcə erməni olan Avakovdur. Bunu bilən və ondan çəkinməyərək, nümayişkəranə şəkildə istər Vətən müharibəsi dövründə, istər ondan əvvəl və sonra Azərbaycanın yanında olan Oleqdir.

Onun adı Oleq, soyadı Krapivin olsa da, o bizim öz dilimizdə danışır — Azərbaycan dilində və Şamaxı ləhcəsi ilə, bir çoxumuzdan da səlis və təmiz.

Oleqin ruhu Şamaxılıdır, özü isə təpədən dırnağa qədər Azərbaycanlı.

Mənim üçün Oleq günümüzün ən böyük Şamaxılısıdır. Heç bir təmənnası və marağı olmadan nə edibsə Şamaxı üçün, Azərbaycan üçün edib.

Allah səni qorusun, Oleq!

Məzahir Məmmədli

Bu xəbəri paylaşın: