
AVMVİB sədri Füzuli Rzaquliyev:
Dərdiniz bizim dərdimiz, şəhidiniz bizim şəhidimizdir. İnanıram ki, şəhidlərimizin xatirə kompleksi hər kəsin müqəddəs ziyarət yerinə çevriləcəkdir.
AVMVİB sədri Füzuli Rzaquliyev şəhidlərimizlə bağlı baş verən olaylara münasibət bildirib: «Allah Şəhidlərimizə rəhmət eləsin! Şanları uca, məkanları cənnət olsun! Şəhid ailələri qarşısında baş əyirəm. Onların xidmətləri qarşısında hamımız borcluyuq. Onlar Vətənimizə atılan gülləyə sipər oldular və ölkəmizin ərazi bütövlüyünü bərpası, xalqımızın mənliyinə vurulmuş ləkənin təmizlənməsi, minlərlə məcburi köçkünün öz doğma yurd-yuvalarına qayıtmaq hüququnun təmin edilməsi yolunda öz canlarını fəda etdilər.
Qaradağ rayonu ərazisində dəfn edilmiş şəhidlərimizin valideynləri yerin bu günkü vəziyyətindən haqlı olaraq narahatdılar. Biz köhnə döyüşçülər sizinləyik. Amma əldə etdiyim məlumata görə, artıq bu şəhidlər məzarlığı dövlət rəhbərimizin nəzarətindədir. Daim şəhid ailələrinə diqqət və qayğıyla yanaşan ölkə rəhbərimiz bu dəfə də bu problemin həlli üçün ciddi tapşırıqlar verib.
Orada yaxın zamanlarda Şəhidlər Xiyabanı kompleksi şəhid adına layiq bir şəkildə qurulacaq və abadlıq işləri həyata keçiriləcəkdir. İnanın ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev bu problemi də sizlərin istəyinə uyğun bir şəkildə həll edəcəkdir. Sadəcə çətin olsa da sizləri səbrli olmağa çağırıram. Kimlərinsə sizin bu ülvü və duyğusal istəklərinizdən öz çirkin təbliğatları üçün istifadə etmələrinə yol verməyin. O şəhidlər tək sizlərin deyil, xalqımızındır və xalq öz şəhidlərinə mütləq sahib çıxacaqdır.
Hamınızı təmkinli olmağa çağırıram. Sizləri yaxşı başa düşürəm. Dərdiniz bizim dərdimiz, şəhidiniz bizim şəhidimizdir. İnanıram ki, şəhidlərimizin xatirə kompleksi hər kəsin müqəddəs ziyarət yerinə çevriləcəkdir.
Məkanları cənnət olsun!
Elnur Səlimov


