Sabirabadda şəhid ailələri və qaziləri ziyarət olunub

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin üzvləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sabirabad rayon şöbəsinin rəisi Vüqar Mirzəyevin iştirakı ilə Novruz bayramı ərəfəsində şəhid ailələrini və hər iki ayağını itirmiş Vətən müharibəsi qazisini ziyarət ediblər.

Bu barədə AVMVİB Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib.

Faiq Hüseynov bildirdi ki, ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri misilsiz qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızın azad olunmasını, şanlı Qələbə qazanılmasını təmin edib. Ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinin, müharibə veteranları və əlillərinin dövlət qayğısı ilə əhatə olunub.

Xatırladaq ki, SHXÇDX-nin yerli idarə, şöbələri və AVMVİB şəhər, rayon şöbələri tərəfindən respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə şəhid ailələrinin ziyarəti həyata keçirilir. Bundan sonra da şəhid ailələrinin ziyarəti davam etdiriləcək.

Türkay Xaqan

Bu xəbəri paylaşın: