POEZİYA ÇƏLƏNGİ: SEVİNCİN DADI NECƏYMİŞ?

ELBƏYİ

Dünya nəyin əlacıydı?
Bir qaranlıq gecə imiş.
Dərdi daddım, çox acıydı,
Sevincin dadı necəymiş?

ZÜLÜM ELƏDİM

Uydum Fələyin oynuna,
Özümə zülüm elədim.
Atıldım soyuq qoynuna,
Közümə zülüm elədim.

Yol yolsuza cığır olmuş,
Yarı çuxur, yarı yoxuş,
Atın, itin izi yolmuş,
İzimə zülüm elədim.

Yetənin qanı qaynayır,
Burda dəli tək oynayır,
Dünya bir qırıq aynadır,
Gözümə zülüm elədim.

Çörəyinə əl uzatdım,
Təknəsində aslan yatdı,
Tufan gəldi, batan batdı,
Dizimə zülüm elədim.

Nadanlığın sönməz odu,
Hər biri insan cəlladı,
Məni anlayan olmadı,
Sözümə zülüm elədim

YENƏ DƏ SƏNİNLƏYƏM

Həsrətin yollarında,
Gözümü qanatsa da,
Bu yollar yıxa-yıxa,
Dizimi qanatsa da
Sel tək daşa çırpsa da,
Dərələrə atsa da,
Yenə də səninləyəm!

Zülmətlərin içindən,
Gözlərimə nur gələ,
Göydən mələklər yenə,
Aydan mənə yar gələ,
Sıxılam pəncələrdə,
Dünya mənə dar gələ,
Yenə də səninləyəm!

Tale özgə vüsalla,
Min dəfə yarıtsa da,
Səadətlər mənimlə,
Qucaqlaşıb yatsa da,
Heçimdən həyat məni,
Yenidən yaratsa da,
Yenə də səninləyəm!

Dünya tərsə fırlanıb,
Çaylar geri axsa da,
Bu od məni yandırıb,
Atəşlərə yaxsa da,
Bir gün çöküb sinəmə,
Əcəl məni yaxsa da,
Yenə də səninləyəm!
Yenə də səninləyəm!!

TƏNHA MƏZAR

Kitab idim, sinə açdım,
Amma oxuyan olmadı.
Çiçək oldum, ətir saçdım,
Dərib qoxlayan olmadı.

Əyri yollar düzdən keçdi,
Bəxt paylandı seçən seçdi…
Məni görən gendən keçdi,
Tutub saxlayan olmadı.

Yetən buraxdı əlimi,
Haqsızlar kəsdi dilimi,
Mənim pərişan halımı,
Sorub yoxlayan olmadı.

Mizanını əydi Tanrı,
Xoş gün gəlməz mənə sarı,
Qəmə açıq qapılarım,
Yetib bağlayan olmadı.

Bax, dərd mənim, azar mənim,
Öz canından bezar mənəm,
O tənhaca məzar mənim,
Üstdə ağlayan olmadı…

SEVİNCİN DADI NECƏYMİŞ?

Əzəlində dar beşikdi,
Sonu vur-tut dar məzardı.
Bəla mənə yuva tikdi,
Cana dolansa azardı.

Zamanı ötmək istədim,
Yaman məni ötüb keçdi.
Geriyə getmək istədim,
Dedilər ki, artıq gecdi.

Yolun ölçdüm, əriş, arğac,
Günlər keçmiş, ömür ötmüş.
Tənha qaldım, yox bir əlac,
Kimə uydum, çıxıb getmiş.

Dünya nəyin əlacıydı?
Bir qaranlıq gecə imiş.
Dərdi daddım, çox acıydı,
Sevincin dadı necəymiş?

Bu xəbəri paylaşın: