BABİL QÜLLƏSİ: TƏKRARLANAN ŞƏXS ADLARI – TƏSADÜFLƏR, YOXSA..?

I YAZI

Araz Şəhrilinin “Səfəvilər, paralellər, ehtimallar, həqiqətlər…” əsərindən

ALI – ƏLİ

Qədim türk adlarından biri Alıdır. Fikrimizcə, Alı şəxs adı ilə türk dillərində “uca”, “böyük” mənalarını ifadə edən “ulu” sözü eyni mənşəyə malikdir.

Qureyşilər arasında ən populyar adlardan biri Əli olmuşdur. Əli şəxs adı ərəb dilində “uca”, “böyük” mənalarında işlənən “ali” sözü ilə etimoloji cəhətdən bağlıdır.

Əli və Alı adlarına bənzəyən Ali (Ale, Ole) adı qədim skandinaviyalılar arasında yayılmışdır. “İnqlinqlər haqqında saqa”ya əsasən, əfsanəvi İsveç konunqu Qoca Aunun (Aun inn gamle) qardaşı oğlunun adı konunq Güclü Ale (Ale den Starke) olmuşdur. Dəqiq olmayan bir məlumata görə, bu ad “alicənab” anlamını ifadə edir.

Eli isə yəhudi şəxs adıdır. “Tövrat”dan götürüldüyü və mənasının “ucalmaq”, “yüksəlmək”, “qalxmaq”, “hündürlük” və ya “ucalıq” olduğu deyilir.

FAİDİME – FATİMƏ

Əhəməni nəslində qadın şəxs adlarından biri Faidime olmuşdur. Əhəməni nəslindən olan Otanın qızının və Əhəməni hökmdarı I Daranın arvadının adı Faidime idi.

Fatimə qadın adı Qureyş qəbiləsində çox yayılmışdır. Muhəmməd Peyğəmbərin qızının, İmam Əlinin anasının adlarının Fatimə olduğunu xatırlasaq, zənnimizcə, kifayət edər.

ESEN – HƏSƏN

Qədim türklər arasında geniş yayılmış kişi şəxs adlarından biri də Esen idi. Balkar türklərinin dilində “esen” sözü “sağlam”, “yaxşı” mənalarını verir. Şimali Qafqazdakı Yesentüki şəhərinin adı “Həsən tikən” deyil, “Esen tox” – “çox sağlam yer” və ya “sağlamlığın bol olduğu yer” anlamındadır.1

S.Q. Klyaştornıya görə, göytürklərin Aşina xaqan nəslinin adı qədim saka dilindəki “asana” (ləyaqətli, alicənab) sözündən törənmişdir. Ərəb mənbələrinə əsasən, əsl adı Həsən olan Babək Xürrəminin edam zamanı son sözü “asanya” (asandır) və ya “zəhi asani” (nə qədər asandır) olmuşdur.

Qureyşilərin Həsən və ondan törənmiş Hüseyn şəxs adları ərəb dilində “gözəl”, “yaxşı” mənalarını ifadə edir və bütün müsəlmanlar arasında geniş yayılmışdır. Şiələrin İkinci İmamı Həsən, Üçüncü İmamı isə Hüseyn adlarını daşımışlar.

İvrit dilində ibadətə başçılıq edən şəxsə “hasan” deyilir. Sefard yəhudiləri bu adın Hasan, aşkenazi yəhudiləri isə Hazan formasından daha çox istifadə edirlər.

Həsən adı irlandlar arasında da kifayət qədər populyardır. İrlandiyada, Şimali İrlandiyada və digər ölkələrdəki irland icmalarında Həsən adının Hassan, Hassen, Has-son, O’Hassan, O’Hoisin, O’Hoiseain kimi formaları yayılmışdır.

Ardı var…

Araz ŞƏHRİLİ

Araşdırmaçı-jurnalist

_____________________________________

1 «История Балкарии и Карачая в трудах Исмаила Мизиева», том II, с. 123.


Bu xəbəri paylaşın: