Azərbaycanda daha iki general həbs edilib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlan Şıxalıyev və Nizami Şirinov saxlanılıb.

Hər iki şəxs Baş Prokurorluğun İstintaq İdarəsində dindirilib. Daha sonra Nəsimi rayon Məhkəməsi tərəfindən hər iki general barəsində həbs qətimkan tədbiri seçilib.

Mövlan Şıxəliyev MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi olub. 1958-ci ildə Ağdaşda anadan olan general bu posta məhz ləğv edilmiş MTN-nin sabiq rəisi Eldar Mahmudov tərəfindən gətirilib. 

 Mövlan Şıxəliyev barədə dövrü mətbuatda kifayət qədər şikayət məktubları işıqlandırılıb. O, daha çox vətəndaşlardan, xüsusən də iş adamlarını “ilişdirməkdə”, onlardan bu səbəbdən rüşvət almaqda ittiham edilir.

Həbs olunan digər general isə ləğv edilmiş MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi general-mayor Nizami Talış oğlu Şirinovdur. 

Mövlan Şıxaliyev kimi Nizami Şirinov da Eldar Mahmudova xüsusi yaxınlığı ilə tanınır. Maraqlıdır ki, Nizami Şirinov daha öncə də, MTN-də, sonradan idarə rəisi olduğu şöbənin tərkibində çalışıb. Lakin 1997-ci ildə işində yol verdiyi nöqsanlara görə MTN-dən uzaqlaşdırılıb. 

Nizami Şirinovun da adı mətbuatda daha çox rüşvət qalmaqallarında çəkilir. Yayılan iddialara görə, o, hər çağırış vaxtı yüksək məbləğdə rüşvət alaraq əsgərləri MTN-in hərbi hissələrinə hərbi xidmətə qəbul edirdi. Məlumata görə, bu məbləğ 10-40 min manat arası dəyişib. 

Bu xəbəri paylaşın: