«Müharibə veteranı» statusu necə və kimlərə verilir?

Cəbhədən geri dönmüş əsgər və zabitlərin müraciətlərinə veriləcək cavabımız qalmayıb. Gənc döyüşçülərə Dövlətimiz naminə qucaq açdığımıza görə, hər gün bu sualı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) ünvanlayanların sayı artıq 15 min nəfəri keçib.

Bu istiqamətdə heç bir əməli iş görməsi barədə xəbər belə olmayan Baş Nazirin I müavini Yaqub Eyyubovun sədrlik etdiyi komissiya və heç bir iş görmək niyyəti bilinməyən Müdafiə nazirliyinin verəcəyi cavabı biz bilmirik. Ona görə də yaradılmış komissiyaya rəsmi olaraq etdiyimiz müraciətə belə bu günədək cavab verilməyib. Yaradılmış komissiya ilə əlaqə yaratmış bir nəfər şəxsə bu 7 ay ərzində rastlaşmamışıq. Dəfələrlə bu sayt vasitəsiylə bildirmişik ki, komissiya sədrinin veteranlar arasında xoşlanmayan bir imici var.

Bu gün hələlik qüvvədə olan qanunvericiliyə əsasən bir daha verilən suala cavab verməyə çalışdıq.

Müdafiə Nazirliyi tərəfindən «Müharibə veteranı» adının verilməsi ilə bağlı bəzi məqamları bir daha diqqətinizə çatdırırıq…


Xidmətin hüquqi əsasını «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə» və «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı təşkil edir .


Müraciət zamanı hər hansı rüsum tələb olunmur. Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər:


— Əgər hərbi xidmətlə bağlı hər hansı bir arayışı varsa, onun notarial qaydada təsdiq olunmuş surəti.

— Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti

— İtirilmiş veteran vəsiqələrinin əvəzinə yenisinin alınması üçün (Respublika Hərbi Komissarlığı tərəfindən verilmiş veteran vəsiqələrinin arxiv sənədləri Müdafiə Nazirliyində olmadığına görə) vəsiqənin itirilməsi barədə elan verilmiş qəzetin bir nüsxəsi, rayon polis idarəsinin tapıntı bürosundan sənədin tapılmaması haqqında alınmış arayışı, hərbi biletinin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surəti, şəxsiyyət vəsiqəsinin surəti və varsa hərbi xidməti haqqında arxiv arayışı, yaralanması və ya xəsarət alması varsa bu haqda müvafiq arayışları, xidmət etdiyi dövrdə hərbi hissə tərəfindən verilmiş hər hansı bir arayış və ya sənəd varsa onun surəti hərbi xidməti və vəsiqənin itirilmə səbəbi qeyd olunmuş ətraflı ərizəsi ilə birlikdə təqdim olunmalıdır.

— Əgər yaralanması və ya xəsarət almasını təsdiq edən müvafiq sənəd varsa, sənədlərin notarial qaydada təsdiq olunmuş surəti.

— Ərizə (ətraflı yazılmalıdır, hansı hərbi hissənin tərkibində, nə vaxtdan nə vaxtadək xidmət etməsini, əgər yaralanması və xəsarət alması varsa, hansı şəraitdə almasını və hansı tibb müəssisəsində müayinə və müalicə olunmasını, varsa hərbi həkim komissiyasının qərarını və əlilliyi haqqında məlumatı, əlaqə telefonunu qeyd etməlidir).

— 3×4 ölçüdə fotoşəkil – 2 ədəd

— Hərbi biletinin bütün səhifələrinin notarial qaydada təsdiq olunmuş surəti (hərbi bilet itibsə və ya hər hansı bir səbəbdən yoxdursa, SHXÇDX rayon şöbəsinin verdiyi hərbi bilet əvəzi arayışın və ya hərbi xidməti haqqında arayış).

— Əgər varsa hərbi xidməti haqqında Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən alınmış arayışın notarial qaydada təsdiq olunmuş surəti.

P.S. Bizim bildiyimiz bu qədərdir, gerisini Yaqub Eyyubov bilər…

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: