Azərbaycan jurnalistikası niyə ermənilərə işləyir…

Laçın rayonuna məxsus Qaragöl ətrafında baş verən demarkasiya proseslərini tam erməni istəyinə uyğun, güya Azərbaycan Ordusu Ermənistan ərazisinə daxil olaraq yeni mövqelər əldə etməsi kimi yazırlar. Yəni Ermənistan tərəfi, heç nə yox, adicə bizim bu saytların materiallarını kopyalayıb paylasa ki, baxın Azərbaycan mətbuatı da Ermənistanın dediklərini təsdiq edir, məncə yetərli olar.

Azərbaycanın qəhrəman ordusu öz sərhədlərimizin toxunulmazlığını öz vəzifəsi olaraq təmin edir. İnformasiya bu qədər sadədir. Sanki bizimkilər Kalantaryan-Lavrovdan da daha çox erməniçidirlər. Lavrov deyir: «Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə gəlincə, mövcud vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur. Həm kartoqrafik material, həm də konsaltinq xidmətləri göstərərək bu işdə onlara kömək etməyə hazırıq».

Qeyd edək ki, Qarabağın işğalda saxlanıldığı müddətdə Ermənistan tərəfdən dövlət sərhədimiz pozularaq, bir çox istiqamətlərdə 15 km-yə qədər müdaxilə edilib. Hazırda sərhədin dəqiqləşməsi gedir və Azərbaycan dəqiq xəritələrlə sərhədimizi bərpa etdikdə isə ermənilər “etiraza” qalxıb, yağmaladıqları torpaqların heç olmasa bir hissəsini hay-küy salmaqla saxlamağa nail olmağa çalışırlar. Qətiyyən ərazi güzəşti edilə bilməz. Hər qarış uğrunda sonadək dayanmalıyıq və düşmən tapdağında bir çınqılımız belə qalmamalıdır. Məsələ bunca sadədir. Qəhrəman Azərbaycan əsgəri öz sərhədlərimizi bərpa etməyə çalışır və erməni hay-küyünə baxmayaraq, buna nail olacağıq.

Həm də ermənilərin 30%-lə bağlı uydurduğu xəritələrin də tez-tez yayılması məsələsi çox maraqlıdır.

Faktiki olaraq, İşıqlı dağında, dəniz səviyyəsindən 2658 metr yüksəklikdə yerləşən Qaragöl gölünü də əhatə edən ərazilər əslində Azərbaycan SSR Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qərarı ilə yaradılan Qaragöl Dövlət Qoruğunun ərazisidir.

Göl Qarabağ vulkanik dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbə hissəsi rayonunda Böyük işıqlı dağının (3548 m) şimal ətəyində, şimal-qərbdən Dəmirdaş və Kicik İşıqlı (3452 m) dağı ilə, şimaldan Canqutaran (2790 m) dağı, şərqdən isə alçaq moren tirəsi ilə əhatə olunub. Bu göl sönmüş vulkan kraterini xatırladan relikt su mənbəyidir. Stratiqrafik cəhətdən Qaragöl rayonu yuxarı pliosen yaşlı süxurlar içərisindədir (Mənbə: Laçın rayon İcra Hakimiyyətinin rəsmi saytı). Gölün uzunluğu 1950 metr, maksimum eni 1250 m, sahil xəttinin uzunluğu 5500 m, dərinliyi maksimum 7,8 m, hövzəsinin sahəsi 13 kv.km-dir. Hesablamalara görə, göldə suyun həcmi 10 milyon kub metrdir. Gölün suyunun şəffaflığı 4,6 metrdir.  Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirdi.

Oktyabr ayının ikinci yarısından aprelin axırlarına kimi donmuş olur. Sahildən mərkəzə doğru 20-25 metrə qədər məsafədə buzun qalınlığı 50 sm-dən çox olur. Ətraf ərazilərdə qarın qalınlığı isə 40-45 sm-ə kimi olur.  1964-cü illərdə gölün Ermənistan sahillərində heyvandarlıq fermalarının tikilməsi, göldə güclü nasos stansiyaları tikərək onun suyundan Gorus rayonunun əkin sahələrinin suvarılmasında istifadə edilməsi həm gölün çirklənməsinə, həmdə onun səviyyəsinin aşağı düşməsinə səbəb olurdu. İşıqlı dağında Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olub. Lakin 90-cı illərin əvvəllərindən etibarən Qaragöl və ətraf ərazilər Ermənistanın işğalı altına düşüb. İşğal dövründə Qaragöl Dövlət Qoruğunun ərazisi talanıb, bitki örtüyünə ciddi ziyan vurulub.İndi Ermənistan iddia edir ki, gölün 30  faizi bu ölkənin ərazisinə daxildir, Azərbaycan sərhədçiləri isə gölü tamamilə nəzarət altına alıblar. Habelə İşıqlı zirvəsini nəzarətə götürüblər və oradan Ermənistan ərazisinin bir çox hissəsi, o cümlədən Sisyan aerodromu tam nəzarət altında qalır.

Son olaraq, Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri arasında Qaragöl şifahi razılaşmasının ilkin detalları məlum olub: Azərbaycan tərəfinin Silahlı Qüvvələri dövlət sərhədində dayanırlar. Bunun əvəzində:

1) Qarabağdakı bütün erməni silahlıları çıxarılır;

2) Qırmızıbazar — Şuşa yolu Azərbaycanın ordusunun nəzarətinə verilir;

3) Qazaxın kəndləri və Naxçıvanın Kərki kəndi erməni işğalından azad edilir;

4) Zəngəzur bölgəsindən nəqliyyat dəhlizinin açılmasına icazə verilir.Erməni tərəfi öhdəlikləri iki həftə ərzində yerinə yetirməlidir…


«Sünikdə (Zəngəzur) ortaq postların yaradılması ilə bağlı bir razılığın əldə edildiyi, başqa sözlə türklərin istədiklərinə nail olduqları barədə məlumatlar var».

Bir daha xatırladırıq ki, proseslər bizim ərazilərdə gedir. Erməni saxtakarlığı ilə çəkilmiş xəritələrə gəlincə isə, orada Bakı da erməni şəhəri kimi verilib. Bəs siz kimə işləyirsiniz ki, saxta erməni xəritələrini təbliğ edirsiniz?

Heç olmasa bu cür məsələlərdə diqqətli olun. Marqarita Simonyanın «Sputnik» xəbərlərini ölkəmizdə yaymayın. Neçə ildir ki, bu tövsiyyələri veririk. Amma deyəsən əks tərəf daha yaxşı işləyir. Doğrudanmı bizim jurnalistika ermənilərə əsir düşüb?

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: