- Günel Səfərova & Səadət Akifqızı
- BBC Azərbaycanca
Bakıdakı Respublika Əlillərin Bərpa Mərkəzinin qarşısı qələbəlikdir — onlarla adam əlilliyin təyini ilə bağlı qəbula gəlib.
«Səhər gəlsəydiniz, burada bəlkə 200 nəfər var idi,» — mərkəzin qarşısında gözləməkdən yorulduğu üzündən yağan insanlar BBC News Azərbaycancaya deyirlər.
Onlar dəmir darvazanın bayırındadırlar və içəri girmək üçün növbə gözləyirlər.
Onlardan biri Rauf Novruzov yollarda qalıb — 7-ci dəfədir ki, Saatlı rayonundan bura gəlib. O, 15 idlir ki, ikinci qrup əlil kimi təqaüd alırdı, amma indi «pensiya kəsilib».
«Dörd aydır ki, pensiyam kəsilib, özüm əliləm, yoldaşım 2-ci qrup əlildir, hər ikimiz ağciyər xəstəliyindən əziyyət çəkirik. Gözümüzün ağı-qarası bir övladımız var, zülümlə bir övlad böyütmüşük, o övladımızı da alıb aparıblar əsgər, bu ölkədə əsgər valideyninə qoyulan hörmət budur. Mənə dərman lazımdır, mənə yemək lazımdır, içmək lazımdır, müalicə lazımdır, nə ilə müalicə olum? Dörd aydır yazmadığım, müraciət etmədiyim yer yoxdur,»- o deyir.
«Dörd ay yoxlama olar? Mənim ağ kağızımın nəyini yoxlayırsan, çağır mənim içimi yoxla də,» — Rauf Novruzov danışdıqca əsəbiləşir.
Bu pensiya ailənin müalivə və ərzaqla təminatına kömək edirmiş.
«Başqa gəlir yerim yoxdur, əliləm, sağlam adamı işə götürmürlər, mənim iş yerim haradan olsun?» — deyən Rauf Novruzov əlavə edir ki, indi həyat yoldaşının 130 manatlıq təqaüdünün ümidinə qalıblar.

«Dörd aydır yoldaşımın 130 manat sosial pensiyası ilə dolanıram. Bir də get mağazalardan soruş, 500 manat borcum yığılıb,» — o deyir.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, Rauf Novruzovun əlillik müddəti başa çatıb, onunla bağlı yeni göndəriş elektron sistemə yüklənib, amma hələ qərar verilməyib.
Ötən ilin sonlarından indiyə kimi təxminən 23 min şəxsə əlillik pensiyasının ödənilməsi dayandırılıb.
Yüzlərlə əlilliyi olan şəxs isə pensiya müddəti başa çatdığı üçün yenidən sənəd toplamalıdır, yenidən əlillik təyinatı olana qədər isə onlar pensiya almaq hüququndan məhrum olurlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirirlər ki, araşdırmalar zamanı 7 mindən çox şəxsin «saxta əlillik» arayışı düzəltdiyi üzə çıxıb və onlara pensiya verilməsi dayanıb. Əlillik təyinatı üçün yenidən müraciət edənlər arasında təxmininən 16 min şəxs ya reabiltasiya olub, ya da xəstəlik vəziyyətləri əlillik qrupu təyinatı üçün əsas sayılmaylb. Nazirlik bununla büdcəyə illik 101 milyon manat qənaət edildiyini açıqlayıb.
190 min əlilliyi olan şəxsin isə bu il əlillik müddəti bitir və onlar əlillik qrupu üçün yenidən müraciət etməlidirlər, ƏƏSMN deyib.
İqtisadçı Qubad İbadoğlu deyir ki, vaxtilə ölkədə «saxta əlil» arayışları hesabına ölkədə əlilliyi olan şəxslərin sayı birdən-birə yüksəlmişdi, amma onun fikrincə, indi həqiqi əlilliyi olan şəxslərdə əlillik qrupunun təyini ilə bağlı «qarışıq, dolaşıq və uzunçəkən» bir proses tətbiq olunur ki, bu da yeganə dolanışıq mənbəyi əlillik pensiyası olan şəxslərin maddi durumuna ciddi təsir göstərir.
«Xəstələr idarələrin qabağına düzülüb»
Əlindəki sellofan torbaya yığdığı sənədləri göstərən 72 yaşlı qadın deyir ki, bunlar onun gəlininin sənədləridir. 42 yaşlı gəlini «ta uşaq yaşlarından əlilliyə görə təqaüd alır,» — amma ötən ilin dekabrında «bu təqaüdün ödənilməsi dayandırılıb».
Adını söyləmək istəməyən qadının dediklərinə görə, gəlini 200 manata yaxın təqaüd alıb və bu pul əsasən onun dərmanlarına xərclənib.
«Oğlum 400 manat maaş alır, onun 100 manatı evə gəlir,» -deyən qadın təqaüdün yenidən ödənilməsi üçün sənəd toplayıb, o hesab edir ki, bu sənədlərdə onun gəlininə təqaüdün düşdüyü göstərilib, amma müxtəlif dövlət qurumları arasında get-gələ salınıb.
«Xəstələr idarələrin qabağına düzülüb,» — o »ah» çəkir.
Video açılmırsa, YouTube-da baxın.
Mərkəzin qarşısındakı daşların üstündə əyləşən digər vətəndaşlar da saatlarla gözləməkdən və qurumlara gedib-gəlməkdən yorulublar.
Burda gözləyənlərdən biri danışır ki, iki dəfə insult keçirib və 5 ildir təqaüd alırmış. O deyir ki, 4-сü dəfədir ki, Respublika Əlillərin Bərpa Mərkəzinə gəlsə də, pensiyasının dayanma səbəbini ona heç kim söyləmir.
«260 manat alırdım. Bunun [get-gəl] büdcəmə ziyanı var. Türkiyədə 2 uşaq oxutdururam, sağlamlığımı qoruya bilmirəm. Bu [pensiya] mənə düşürsə, niyə verməsinlər ki?! Kiminsə ucbatından yollarda qalmışam, mən bu günün altında bir də insult olsam, kim mənim ailəmə cavab verəcək, uşaqlarıma kim baxacaq?»- o deyir.
«9 dəfə imtina cavabı gəlib»
Mərkəzin qarşısında gözləyənlərin ürəyi doludur, danışıb dərdlərini söyləmək istəyirlər. Əksəriyyəti 200-230 manatlıq pensiyasından məhrum olub və bunun da səbəbini bilmir, ya da göndərilən sənədlərə kiminsə baxmadığını deyir.
BBC News Azərbaycanca müxbirinin söhbət elədiyi vətəndaşların sözlərinə görə, bu mərkəzə regionlardan o qədər gələn var ki, hətta Gəncə və İmişlidən bu mərkəzin yanıba birbaşa avtobuslar gəlir.
Mərkəzin qarşısında gözləyənlər arasında əlillik təqaüdünü ilk dəfə düzəltdirmək istəyənlər də var. Beyləqandan gəlmiş gənc qadın qohumunun 5 yaşlı uşağının epilepsiya xəstəsi olduğunu, təqaüd təyinatı ilə 9 dəfə «müxtəlif bəhanələrlə» imtina cavabı aldığından danışır.
Gənc qadın Beyləqan, Ağdam və Bakıdakı idarələr arasında get-gəldən çox əziyyət çəkdiklərini deyir.
«[Qohumun] yoldaşı yoxdur, qayınanası ilə bir yerdə qalır. Bu adam yol pulunu necə tapsın? Bir gün o xala, bir gün bu xala verir yol pulunu. İndi də bəhanə uydurublar ki, uşağın heç nəyi yoxdur, sağlamdır . Uşaq bir az əsəbiləşsə, özündən gedir. Deyirlər, heç nəyi yoxdur. Həkim uşağın xəstə olduğunu deyib, sənəd də verib, amma bura qəbul etmir,»- o danışır.
Müsahibimiz deyir ki, Bakıda həkim qəbulunda uşağın «normal olmadığını» öz dili ilə deyib, amma rəy verməyib.
Yollarda qalanlar
Daşkəsəndən gəlmiş Ceyhunə Məmmədova da 1 yaş 7 aylıq qızının serebral iflic olduğunu, lakin ona təqaüd verilmədiyini deyir.
O da deyir ki, xəstəxanada həkimlər ona uşağın sağalmayacağını desə də, sənəddə «uşağın sağalacağı, buna görə də ona pensiya düşmədiyi» qeyd olunub.

«On gün yatıb xəstəxanada, [həkim] bizə dedi ki, sağalmayacaq. Amma kağız verib ki, uşaqda heç nə yoxdur, elə-belə qıcolması var, sağalacaq».
Ceyhunə Məmmədovanın sözlərinə görə, ailəyə təkcə orduda MAXE kimi çalışan və Kəlbəcərdə çalışan həyat yoldaşı gəlir gətirir. Uşağın müalicəsinə isə hər ay azı 250-300 manat pul lazımdır. Uşağın babası idarələr arasında, yollarda qaldıqlarını deyir.
«Uşağı təkcə Bakıya gətirmək üçün 150 manat taksiyə pul vermişəm,»- o deyir.
«Xəstəxanada yatızdırmaqla boyu uzanmayacaq»
Ölkənin bir çox yerində əlillik pensiyasının kəsilməsi ilə bağlı şikayətlər eşitmək olur. Hekayəsi sosial mediada dolaşan Göyçay sakini Zeynəb Şərifova da pensiyası dayandırılanlardan biridir.
Ona qulluq edən qohumu Sadəgül Şərifova BBC News Azərbaycancaya deyir ki, boyu 80 sm, çəkisi 28 kiloqram olan 54 yaşlı Zeynəb Şərifovanın əlillik pensiyası ötən ilin dekabrında kəsilib, o, ikinci qrup kimi əlillik pensiyası alırmış: «Anadangəlmə əlilliyi var, illərdir pensiya alır. Dekabr ayında pul karta köçürülməyib, sonra dedilər ki, pensiya dayandırılıb».

Sadəgül Şərifova deyir ki, pensiyanın yenidən təyinatı ilə bağlı toplanmış sənədlər ƏƏSMN-ə göndərilib və yanvarın 19-da imtina cavabı gəlib.
«İmtina verilib, deyilib ki, xəstəxanada stasionar müalicə almalıdır. Son vaxtlar xəstəxanaya müraciət etməyib, xəstəxanada yatmayıb. Biz də getdik həkimə müraciət etdik, o da dedi ki, bunu xəstəxanada yatızdırmaqla boyu uzanmayacaq, çəkisi çoxalmayacaq. Anadangəlmə əlilliyi var, bu xəstə deyil ki, müalicə alıb düzəlsin.»
Sadəgül Şərifova əlavə edir ki, məsələ ictimailəşəndən sonra Zeynəb Şərifovaya 3-cü qrup əlillik təyin olunub.
«Yazırlar ki, yüngül, oturaq işdə işləyə bilər. Hansı işdə işləyə bilər ki, 28 kq çəkisi var. 6-7 yaşındakı uşağaməxsus bədəni var. Nə iş görər, hansı işə gücü çatar ki? Onun bütün işlərini mən edirəm, yeməyini də, bazarlığını da, zibil atmağını da, çimizdirməyini də,» — o deyir.
Sadəgül Şərifovanın sözlərinə görə, Zeynəb Şərifovanın aldığı 130 manat yüksək məbləğ olmasa da, yenə dərmana və ərzağa xərclərinin öhdəsindən birtəhər gəlirmiş:
«Pensiyasının kəsilməsinə görə, çox bədbin olub. Deyir ki, Zeynəb Şərifova gözünü o pula dikmişdi ki, dərmanını, yeməyini alar, qardaşına möhtac qalmaz».
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirirlər ki, Göyçay sakini Şərifova Zeynəb İsgəndər qızına 19.01.2021 tarixində «dəqiqləşdirilmiş ostexondrodisplaziya, xondrodiatrafiya, digər rubrikalarda təsnif olunmayan cırtdanboyluluq, qeyri-proporsional nanizm» meyarına əsasən, qanunverciliyə uyğun olaraq 3-cü dərəcə müddətsiz əlillik təyin edilib.
Ardı var