Bu gün bizim günümüz — Ordu Günü.
Bu Vətən üçün, bu Bayraq üçün, bu Torpaq üçün və bu Millət üçün öz canını sipər edənlərin günüdür, bu gün.
Taleyini mərmilərdən asıb, sabahlarımız uğrunda həyatlarını ortaya qoyanların günüdür, bu gün.
Tək ümüdünü, gözünün dikənəcəyini bu Vətən naminə qurban vermiş Anaların günüdür, bu gün.
Şəhidinin nəşi önündə qurban kəsən Ataların günüdür, bu gün.
Bu gün «Ata» deyib, məzar daşlarına sarılan şəhid balalarının günüdür.
Şəhid tabutuna zərif çiynini verən Xatun gəlinlərin günüdür, bu gün.
Bu gün, «Qardaş» kəlməsini qəlbinin hıçqırıqlarında boğan qardaş və bacıların günüdür.
Bu gün, bir toplumun ulus olmasını bəyan etdiyi gündür — Ordum varsa, Yurdum var!
Bu gün, öz qanıyla Tarix yazanların və yazmaq növbəsi tutanların günüdür.
Bu gün, şəhidinə baxıb həsəd aparan qəhrəman Qazilərin günüdür!
Kimsələrə çatmaz, amma xainlərin, satqınların xar olduğu, vətənpərvərlərin sağlam durduğu gündür.
Bu gün, 100-cü şəhid övladının dünyaya gəlişiylə: «Bir ölüb, 1000 doğularıq»-bəyan etdiyi gündür!
Bu gün, Ordumuza baxıb qürurlananların və fərəh duyanların günüdür.
Bu gün, bizim günümüzdür, ORDU GÜNÜDÜR! Günlərdən ən gözəli…
Var ol, Qəhrəman Azərbaycan Ordusu!
Səni nə qədər öysək də azdır…
AVMVİB Mətbuat Xidməti


















