İlham Əliyev: Azərbaycan xalqı onları 27 il əvvəl tarixin zibilxanasına atıb

“İqtisadi vəziyyətə pandemiyanın təsiri qaçılmazdır. Biz artıq bunu görürük. Ona görə hökumətə tapşırıq verirəm, xüsusilə Baş Nazirə, Maliyyə nazirinə və İqtisadiyyat nazirinə ki, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin. Eyni zamanda, vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır.”

Bu barədə prezident İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə bildirib.

Onun firkrincə, bəzi hallarda cari xərclər şişirdilir.

“Xüsusilə dövlət təşkilatlarının, dövlət şirkətlərinin cari xərcləri əfsuslar olsun ki, şişirdilir və bu sahəyə çox ciddi diqqət göstərilməlidir. Bu sahədə şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması zəruridir.”

Dövlət başçısı ölkədə aparılan islahatlardan danışarkən bildirib ki, struktur islahatlarının davam etdirilməsi məsələlərinə yenə də baxılacaq.

“Siyasi islahatlar göz qabağındadır, kadr islahatları aparılıb. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə böyük kadr dəyişiklikləri edilib. Bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin.”

O deyib ki, bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq.

“Hesab edirəm ki, prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq.”

Prezident parlament seçkilərinin keçirlməsini islahatların davamı kimi xarakterizə edib.

“İslahatların məntiqi davamı parlament seçkiləri idi və bu ilin fevral ayında keçirildi. Parlament seçkiləri bir daha xalqımızın iradəsini ifadə etdi, bir daha göstərdi ki, apardığımız siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir və parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addımdır. Seçkilərdən sonra parlamentin tərkibi böyük dərəcədə, rəhbər orqanları isə tam dəyişdirildi. Tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclisin sədrinin müavini vəzifəsinə seçildi. Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək.”

Əliyev hesab edir ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.

“O ki, qaldı bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz. Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır.”

Prezident AXCP və Müsavat partiyalarından danşarkən deyib ki, indi koronavirus bunlar üçün sanki, göydəndüşmə bir hədiyyədir.

“Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var — düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq. Sözüm onda deyil, sözüm ondadır ki, siyasi islahatlar bu gün tam yeni bir konfiqurasiya yaradır. Əminəm ki, marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur və olmamalıdır. Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıbdır,” o qeyd edib.

Əliyev münaqişə ilə bağlı danışarkən deyib ki, Ermənistan təbliğatına və ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vurulub.

Bu zərbəni, əslində, onlar özləri özlərinə vurdular. Əlbəttə ki, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirdi. Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən gedir. Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri — Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası — bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, bir daha göstərdi və mən bunu demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.”

Bu zaman Əliyev Avropa Şurası və Avropa Şurası Parlament Assambleyasının ünvanına kəskin tənqidi ifadələr işlədib.

“Ancaq istəyirəm Azərbaycan vətəndaşları bilsinlər ki, bu beynəlxalq təşkilatlar arasında bir təşkilatın adı yoxdur. Hesab edirəm, hər kəs başa düşür ki, söhbət Avropa Şurasından, Avropa Şurası Parlament Assambleyasından gedir, hansı ki, uzun illər, 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir.”

Əliyev deyib ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar.

“Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb. Bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Azərbaycanla bağlı məruzəçilər var və bu məruzəçilər də susub, bir söz demirlər. Burada balaca bir hadisə baş verən kimi ölkəmiz haqqında ağızdolusu yalan, böhtan uydururlar. Nə üçün susublar? Bundan sonra onlar Azərbaycan üzrə məruzəçi olmaq mənəvi haqqını itiriblər. Azərbaycan xalqı hər şeyi yaxşı görür. Görür ki, bunların çirkin bəyanatlarının arxasında heç də Azərbaycanda demokratiya, insan haqlarının qorunması məsələsi dayanmır. Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq, beləliklə, ölkəmizin maraqlarına zərbə vurmaq bu qurumun məqsədidir,” o qeyd edib.

Bu xəbəri paylaşın: