Xaqani Ədəboğlu: «Azərbaycan jurnalistikası qatilini sevən məşuqəyə bənzəyir»…

Redaktordan: Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür

Bu gün münasibətiylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri, AVMVİB İdarə Heyətinin üzvü Xaqani Ədəboğlunun mətbuatımızla bağlı 2017-2020-ci illərdə yazmış olduğu və hazırladığımız müsahibəni sizlərə təqdim edirik.

Xaqani Ədəboğlu: «Azərbaycan jurnalistikası qatilini sevən məşuqəyə bənzəyir»…2019-cu il

Müsahibimiz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Mətbuat Xidmətinin rəhbəri, ölkənin döyüşərək əlil olmuş ilk jurnalisti Xaqani Ədəboğludur. Mətbuatımızın bu günkü durumuna nəzər salmaq istəyimizi qəbul etdi və suallarımızı cavablandırdı…

E. S. — Bu gün Mətbuat günüdür. Öncə təbriklər…

X. Ə. — Mən jurnalist kimi Mətbuatı bu kökə saldığımız üçün bu günü bayram kimi qəbul etmirəm, nə kimsəni təbrik etmirəm, nə də təbrik qəbul eləmirəm. Çünki biz sözə xəyanət etdik. Milli mətbuatı «məişət tullantıları poliqonuna» çevirdik. Özünü jurnalist sayan hər kəs bunun fərqində olmalıdır. Sələf dedikləri rəhmətlik Həsən bəy Zərdabi öz evini satıb Söz deməyə çalışırdı, amma özünü xələf adlandıran biveclər, cüvəllağılar, Sözü satıb ev, ad almaq uğrunda bir-birinin «ətini yeyirlər».

Mən anadan jurnalist doğulanları təbrik edirəm, jurnalist olmaq xatirinə sümüyə, yala gedənlərə isə, «Ar olsun!»- deyərdim! Amma hansısa ağlı dayaz birisinin cızdığı xəttlə sözə müharibə elan etdik. Bu gün analitik yazı yaza bilən neçə jurnalistimiz var? İnformasiya savaşında uzaq hədəfli neçə mətbu orqanımız var? Sözlə güləşmək olmaz, Qəzet olmadı, insanlar sosial şəbəkələrdə sözünü dedi. Sosial şəbəkələri bağlamaq kimi nadan təklifləri səsləndirən deputat zehniyyəti bilmir ki, sosial şəbəkələri bağlasalar vərəqlər yaymaqla söz öz missiyasını həyata keçirəcək. Dünyaları ayağa gətirən bircə fateh deyin ki, Sözə də qalib gəlmiş olsun. Bu ağılsız Don Kixot mübarizəsidir. Bunun əvəzinə jurnalistikanı profesionallaşdırmaq lazımdı. Əlbəttə aidiyyatlı qurumların 99 faizi sözün qəsdinə dayanmaqla öz fəaliyyətini qurmaqdadır. Kimi reket jurnalist ovlayır, kimi reket məmurun hüquqlarını «istixana jurnalistikasından» qoruyur, kimi də niyə bu yolda olduğunu da dərk eləmir. Bizlər isə susuruq. Xalqımızın zərərli bir xüsusiyyəti var. Uşaq günah işlədəndə deyir ki, başın burax getsin uşaqdır. Gənc günah işəyəndə deyirik ki, bağışla gəncliyinə, bilməyib. Qoca günah işləyəndə də deyirik ki, yaşına bağışla. Qocalıb ağlı gedib. Amma bir adam oğlu adam çıxıb demir ki, bu adamın heç gənclikdə də bir normal ağlı olmayıb. Uşaq ikən günaha görə cəza versəydik, günahlar bizimlə qoşa qocalmazdı. Bizim jurnalistikaya da münasibət eynidir.

Bu gün dünyada hibrid müharibəsi, informasiya savaşı ilə ölkələr alınır, tarimar edilir. Baxın, biz, bu savaşın harasındayıq? Oruellin bir deyimi var: «İnformasiyaya sahib olanlar, dünyaya hökm edərlər». Bizim informasiyalara baxın: «Afət Fərmanqızı ərə gedir», «Əmisinin qızını illərcə zorladı», «Dayı bacısı qızını…», «Ata qızını…» və s.

Bir köşədə yazmışdım ki, Azərbaycanın «şoooook xəbər» jurnalistikası bu tip mövzular tapmayanda, gedib belə xəbərləri Afrikanın San-Tome və Prinsipi Demokratik Respublikası adına uydururlar- ATA QIZINA TƏCAVÜZ ETDİ (ifadəyə görə oxuculardan üzr istəyirəm).q

Belə jurnalistikanın təmsilçisini təbrik edən adamcığın boynuna qəmiş ölçüm. Özünüzü bu jurnalistikaya aid edirsinizsə, Sizi təbrik edirəm…

E. S. — Bizim saytlar AVMVİB Mətbuat Xidmətinin kurasiyasında olduğu üçün ilk gündən bizə kriminal, şou və qeyri-əxlaqi mövzuları qadağan etmisiniz və biz də bu şərtlər daxilində işimizi qurmuşuq. Peşiman da deyilik. Bunu dövlət səviyyəsində etmək olmazmı?

X. Ə. — Gərək ki, Norveçdə kriminal xəbər yayan mətbuat orqanını böyük cərimələr gözləyir. Amma bizdə bu sahədə demokratiyadır. Qadağa tətbiq olunsa, Madam Avropa İnsan haqlarını gözə soxar. Özü etmədiyini, nədənsə bizə rəva görür. Məhz bu yanlış informasiya siyasətinin nəticəsidir ki, Azərbaycan gənci, ya «vorzakon», ya da şoumen olmaq istəyir. Hitlerin ən yaxın adamı, faşizmin (nasional sosializmin) ideoloqu olan Göbbels yazırdı: «Mənə vicdansız media verin, mən sizə avam bir xalq təqdim edim»…

Buyurun. Cəmiyyətdə sorğu aparın və baxın, bu ölkə üçün canından keçən qəhrəmanın, yoxsa bayram nurluların reytinqi, tanıtımı yüksək olacaq? Kimdi günahkar? Əlbəttə, inhisarda olan televiziyalar. Yaxşı ki, sosial şəbəkələr bu sahədə dirəniş göstərməyi bacarırlar, yoxsa Azərbaycanın təqdim olunan «simvolları» önündə xəcalətdən ölərdik. Televiziyalarda hansısa döyüş qəhrəmanları haqqında silsilə verilişlər izləmisinizmi? 24 saat düşmən əhatəsində olan bir ölkədə yaşayırıq. Heç bu istiqamətdə hazırlanan süjetlər izləmisinizmi?

Televiziya bir kənara, himayə olunan saytların Azərbaycanın müqəddəs və tabu saydığı hər şeyə dil uzatmaları, sizcə təsadüfdürmü? Əlbəttə tək məqsəd xalqın yararsız olmasını elan etmək kimi bir düşmən siyasətidir. Bunu öncə erməni FETÖ-nün əliylə edirdilər, indi də davam etməkdədirlər. Erməni tərəf bizim informasiya məkanındakı savadsızlığımızdan ciddi surətdə və məharətlə istifadə edir. İstədikləri informasiya yüklü xəbəri efirə ötürə bilirlər. İnformasiyadan korluq çəkən media istənilən şok effektli xəbəri göydə qapır və yayır. Çünki xəbəri süzgəcdən keçirmək imkanlarımız məhduddur. Çoxları adi jurnalist qabiliyyətlərindən mərhumdurlar. Bu istiqamətdə ciddi işlər görülməlidir. Heç olmasa jurnalist yazmağı bacarmalıdır. Sual verməyi öyrənməlidir…

E. S. — Bunun qarşısını necə almaq olar? Bunun üçün hansısa təklifləriniz varmı?

X.Ə. — Jurnalistika bu gün bütün peşə sahiblərini özündə birləşdirən sahəyə çevrilib. Bu, heç də jurnalistikanın ixtisaslaşması, sahə jurnalistikasıyla bağlı deyil. «Hər kəs jurnalist ola bilər» çox yanlış tendensiyadır. Bu sahə insanşünaslıqdır, yəni subyekt insandır. Amma baytarlıq diplomuyla, təhsiliylə jurnalist olanlar var. Deyən də yoxdur ki, səni heyvanşünas kimi hazırlayıblar, insanşünaslıqda sənin nə ölümün var? Haradasa öz sahəsini yarıtmayıb jurnalistikaya gələnlər bu sahədə üstünlük təşkil edirlər, bir də var ki, jurnalistika təhsili alanlar və anadan jurnalist doğulanlar. Yəni bu gün Azərbaycan jurnalistikası ortalıqda qalmış bir ölüyə bənzəyir. Ya bunu dəfn etməliyik, ya da Həzrəti İsa olub onu diriltməliyik. İlk öncə dəfələrlə yazmışam ki, media qurumlarının, KİV-lərin rəhbərliyinə təhsilli jurnalistlərin gəlməsi təmin edilməlidir. Bunun üçün sadə üsul, mətbu orqanlara rəhbərlik lisenziyalaşdırılmalıdır. Əgər ölkədəki universitetlərdə Jurnalistika fakültələri fəaliyyət göstərməkdədirsə, bu addım gec və ya tez atılacaqdır. Çünki öz peşəsinə hörməti olan jurnalist, qaraçı kimi idarə-idarə gəzib pul dilənməz və bu gün «reket» dedikləri, qaraçı redaktorlar qısa zaman kəsiyində arxivə verilər. Bunu ona görə etmirlər ki, səlahiyyətlilər də o qəbildən olan şəxslərdən ibarətdir.

Müasir Azərbaycan jurnalistikası öz qatilini sevən məşuqəyə bənzəyir. Bir dəfə bir nazirliyin mətbuat xidməti qoyulmuş balqabağa diktorla jurnalistin fərqini başa sala bilmədim və əlbəttə ki, artisti bu cür məsul yerə təyin edən adamın özü də bu fərqi bilmədiyi verdiyi əmrdən bəlli idi. Çoxluğu ələ keçirən qeyri-peşəkarlar informasiya yayırlar ki, xaricdə heç jurnalistika fakültəsi yoxdur, peşənin dəxli yoxdur və s. Lakin yaxın Türkiyədə media qurumlarının rəhbərlərini gedin arayın. Bizdəki bu analoqsuzluq heç bir ölkədə yoxdur. Hətta xarici ölkələrdə jurnalistika sahələr üzrə də çoxdan ixtisaslaşıb…

Yadıma, BDU Jurnalistika fakültəsində oxuduğumuz zaman, müəllimimiz Cahangir Məmmədlinin bir dəfə dərsdə «Jurnalistika fakültəsi sizə nə verdi?» sualı ilə auditoriyaya sual ünvanlaması düşdü. Ümumiyyətlə, Cahangir müəlim tez-tez belə diskusiyalar edərdi. Mənə növbə çatanda dedim ki, fakültə bizə heç nə verməsə də, heç olmasa qrupumuzda olan 28 nəfərdən 17 nəfərə başa sala bildi ki, onlardan jurnalist olmaz. Qalan 11 nəfər isə onsuz da yaza-yaza bura gəlmişdilər və burada jurnalistikanın janrlarını öyrəndilər. Yəni o qəlibdən çıxan və yazmağı bacaran adamın Sözə xəyanət edəcəyinə inanmıram. Hadisələrə də bu nöqteyi nəzərdən yanaşıram. Bu artıq ölkə üçün qlobal problemə çevrilməkdə olan bir problemdir. Aprel döyüşləri zamanı Azərbaycan jurnalistikası Kor aşıq sayağı «Şəhidlər, ay şəhidlər» seriallı yazıdan özgə şey ortaya qoya bilmədi. Həmin günlər Rusiya və erməni mənbələrini izlədiyim bir zamanda və informasiya savaşında boy göstərə bilməyən jurnalistikamız üçün qəlbim ağrıdı…

E.S. — Azərbaycan jurnalistikasında hər şeyi qara rəngdə təsvir elədiniz. Başqa rəngdə olan xüsusiyyətlər yoxdurmu?

X.Ə. — Niyə ki? Sarı rəng də var. Rusca «jeltaya pressa» deyirlər. Özü də Mətbuat Şurası verdiyi vəsiqənin rəngi də deyəsən sarı rəngdədi. Azərbaycanda jurnalistikanın evi, siyasi mənsubiyyətli və tərəfkeş jurnalistika meydana gələndə yıxıldı. Nə qədər tərəfsiz jurnalist tanıyırsınızsa, bir o qədər jurnalistimiz var. Hakimiyyət tərəfdarı olmaqla, müxalifət tərəfdarı olmağın elə bir fərqi yoxdur. Yəni bu adamlar tərəfsizliklərini itirdiklərinə görə jurnalistikanı atmalıdırlar. Baxırsan ki, özü ölkə prezidentini jurnalistikada qadağan bir üslubda tənqid edən birisi, öz siyasi partiya liderini tənqid edənlərə qarşı ən aqressiv ifadələrə əl atır. Belə jurnalistikanın heç rəngi də yoxdur. Olsa da göy qurşağına bənzəyir.

Jurnalistikanın inkişafı onun ədalətli olması ilə şərtlənir. Jurnalist nə iqtidarın, nə də müxalifətin mirzəsinə çevrilməməlidir. Normal jurnalistika üçün fond, şura yaratmaq deyil, onun fəaliyyəti üçün normal ortam yaradılmalıdır. Sağlam rəqabət mühiti, reklam bazarı yaradılmalıdır. Oxunmayan 5-3 qəzetə dotasiya vermək, jurnalistə ev verməklə jurnalistika inkişaf etməz. Düzünə qalsa bu vəziyyət hər kəsə sərf edir. Jurnalistikanın kriteriyası artıq yazmaq deyil, bu kriteriyanın nədən ibarət olduğunu kimsə müəyyən edə bilməz.

E.S. — Siz ölkəmizin Qarabağ savaşında yaralanaraq əlil olan ilk jurnalistsiniz. İnformasiya savaşı o zaman da vardı. O dövrün ən populyar «Gənclik» jurnalında işləyirdiniz. Niyə o dövrlər qələmi silaha dəyişməyə üstünlük verdiniz?

X.Ə. — O dövr işlədiyim «Gənclik» jurnalı, həqiqətən də ölkənin ən populyar jurnalı idi. Məni əyani oxuduğuma baxmayaraq böyük şairimiz və jurnalın yaradıcısı Məmməd İsmayıl dəvət etmişdi. Rəhmətlik Hüseyn Əfəndi iki dəfə fakültəyə gəldi. «Qarabağ gedişi» adlı yazım onlarda çap olunmuşdu və əyani oxuya-oxuya işləyirdim. 1991-ci ilin oktyabrında Dağlıq Qarabağda vəziyyət kəskinləşmişdi. «Azərbaycan» nəşriyatının çayxanasında bir qrup vardı. Elə hey jurnalist batalyonu yaratmaqdan dəm vururdu. Mən cəbhəyə yollandım və yaralanıb, hospitalda müalicə olunub qayıtdım. 9 ay keçmişdi və çayxanaya ilk girdiyimdə hələ də həmin adamların jurnalist batolyonu haqqında danışdıqlarını gördüm. O vaxt döyüşçüyə ehtiyac vardı. Həm də doğulub böyüdüyüm kənd təhlükədəydi. İlk tələbə dəstəsini də tələbə olduğum 1026-cı qrup təşkil etmişdi. Belə də tez-tez gedib gəlirdim, amma özümü orada görürdüm. Bakıda qalmağı özümə sığışdıra bilmirdim. Bir ay sonra rəhmətlik Sabir Sarvan Ağdərəyə yanıma gəldi ki, geri qayıdım. Amma postları gəzəndən sonra «hər kəsin yeri buradır»-dedi.

Mən sadəcə öz vətəndaş borcumu yerinə yetirməyə çalışdım. Əgər bunu etmədsəydim, ölənədək ruhum sakit olmazdı. Mən qələmlə deyilməyən sözləri mərmiylə yazacağıma inanırdım. Qoymadılar. Bizim əsgərin qanıyla yazdığı böyük və şanlı tarixi milli satqınların və haykanuşun biclərinin xəyanıtiylə əlimizdən aldılar. Bu gün bu iyrənc əməllərdə əli olanlar hərdən baş qaldırırlar. Dövriyyədən çıxarılmış pula bənzəyən bu zatlar yenidən özlərini dövriyyəyə soxmaq istəyirlər. Onların yeri isə köhnə pul kimi yandırılma sobaları, ya da muzeylərdir.

Fransız yazıçısı Andre Morua «18 yaşlı gəncə məktublar» əsərində yazır ki, Alen adlı professor müharibə başlayan kimi işdən çıxıb cəbhəyə yollandı. Əsgər kimi səngərlərdə yatdı, yaralandı. Onun professor olduğunu biləndə irəli çəkmək istədilər və o bütün adlardan imtina etdi. Müharibədən sonra cəbhədən döndü və heç nə olmamış kimi öz elmi fəaliyyətini davam etdirdi. Yəni Morua bu adamı nümunə olaraq sadə vətəndaş kimi gəncə örnək göstərir. Yəni vətəndaş gözləməməlidi ki, onu dəvətnamə ilə çağırsınlar. Amma bu gün bəzi adamlar var ki, heç Qarabağda düz — əməlli olmayıblar, amma danışanda sərkərdə kimi danışırlar. Döyüşçülərin yanında özünü, fərarilərin yanında isə hamımızı biyabır eləyirlər.

Biz o günlər silahlansaydıq və Azərbaycana diş qıcamış 5 imperiyaya qarşı daxili təxribatları susdura bilsəydik, bu gün fərqli durumda ola bilərdik. Əsgər bir heçdən ordu yarada-yarada bu imperiyalarla çarpışdı və onu arxadan informasiya ordusu qoruya bilmədi. Çünki müasir savaş iki cəbhədə aparılır. Öndə bəzən mərmilərin və əsgərlərin deyə bilmədiyini bizlər söyləməliyik. Döyüşən əsgər arxasında informasiya sipərinin olmasını hiss etməlidir. İndiki şəraitdə qlobal informasiya savaşı aparılmalıdır. Bu savaşda münaqişənin keçmişi (tarixi aspekt) və gedişi (hərbi aspekt) izlənilməlidir. Cəmiyyətin şüuruna təsir edən informasiyaların yayılması ən güclü silahdan belə, qorxuludur.

Qlobal informasiya sahəsi 90-cı illərin əvvəllərində yaranıb. CNBC (1989), BBC World News (1991), CNN (1992), Euronews (1993), Blomberg (1994), Əl-cəzirə (1996) və s. kimi qurumların fəaliyyəti örnək ola bilər. Bu gün media orqanları Müdafiə Nazirliyinin verdiyi informasiyalarla kifayətlənir. Düz addımdır, amma düşmən tərəfin informasiya cəbhəsindən nə məlumat ala bilirik? Bu geniş bir mövzudu. Bu qədər, məncə yetərlidir…

E.S. — Yenə Azərbaycanda Mətbuatın günündən və yaxud Mətbuat Günündən danışaq…

X.Ə. — Ötən 2017-ci ildə sizin saytda bir köşə yazmışdım. Xahiş edərdim ki, o yaznı tapın və buraya əlavə edin.

E. S. — Onu artıq 2 dəfə vermişik…

X.Ə. — Dəyişən nəsə varmı? Bir 3 rəqəmi artır ver getsin. Həsən bəy Zərdabinin dəfn mərasimində Əhməd bəy Ağaoğlunun çıxışı var. Deyir: “Ey müqəddəs ruh, Sən ki, gedirsən o dünyaya, əvvəla, bizdən babalarımıza salam deyərsən. Sonra da tutub babalarımızın yaxasından soruşarsan ki, ay kişilər, bu nə Vətəndir bizə qoyub getmisiniz? Vəzifəlisi oğru, məmuru rüşvətxor, bir-iki ziyalısı var, onlar da bir-biri ilə didişirlər. Eyvah, nə bu irs olaydı, nə də biz!”

Sizcə dəyişən nəsə varmı? Aradan 144 il vaxt gedib. Biz həmin o iyrənc işlərdən bərk-bərk yapışmışıq. Mən yazdığımdan isə, cəmi 3 il keçib, nə dəyişəsiydi ki?…

P.S. Lap 146 il keçsin nə fərq edər ki?!

*****************

…sAqqızdan «heykəl» düzəldən jurnalistikamız

Azərbaycan jurnalistikasının anısına…

(Təkrar-4… Çünki dəyişən nə isə yoxdur-2017)

Bəri başdan bütün jurnalistlərimizi və bu sahədə bu sənətə gor qazılması işində öz «iynəsi» ilə az-çox əməyi keçən hər kəsi Milli Mətbuat günü münasibətiylə təbrik ETMİRƏM.

Çünki mənzil almaq növbəsində boy göstərən bir sənətin adına jurnalistika deyilməz. Dünya informasiya məkanında bir nöqtəsi olmayanlara isə jurnalist heç deyilməz. Çünki sələf dedikləri rəhmətlik Həsən bəy Zərdabi öz evini satıb Söz deməyə çalışırdı, amma özünü xələf adlandıran biveclər, Sözü satıb ev almaq uğrunda bir-birinin «ətini yeyirlər».

Bu gün bir jurnalist yarlıqlı tanışım mənzil növbəsindəki neqativ özəlliklərdən ağzı köpüklənə-köpüklənə qeybət edib, bu sahədə «40 il külüng çaldığını» da tez-tez millətin başına taqqıldadmaqla mənzilə daha çox haqqının olmasını sübut etməyə çalışırdı. Tam özgə bir sənət «tarlasından» səmt küləyinin jurnalistikaya atdığı bu «qanqal toxumuna» dedim: «Yaxşı ki, sən jurnalistikada külünglə işləmisən. Qələmlə işləsəydin, indi Azadlıq meydanında heykəlinin qoyulmasını tələb edəcəkdin»…

Müstəqillik dediyimiz illərdə bu sahədə kimi traktorla, kimi külünglə, kimi bellə, kimi isə yabayla işləyərək Azərbaycan jurnalistikasına gor qazmaqla məşğul olublar. İndi məzarı hazır olan ölünün özü belə ortada yoxdur. Bu boş məzarın başında moizə oxumağa isə jurnalist deyil, ya molla, ya da keşiş lazımdır.

Azərbaycan jurnalistikası özünə «başbilənlik» düzəldib və buraya 1 tək və 1 cüt təhsilli olanlar istisna olmaqla qeyri sənət sahələrindən adamlar toplayıb. İndi də qalıb bu qurumun əlində. Hansısa «ağıllının» ağlıyla jurnalistikamızı oxunmayan beş-üç qəzet və baxımsız 3-5 televiziyaya çevirənlər bu gün sosial şəbəkələri bağlamaq barədə bəyanatlar verirlər. Çünki oxunmayan qəzetli və yaxud baxımsız televiziya ilə bu şəbəkələr qarşısında çarəsiz qalıblar. Bu adamlar unudurlar ki, bu dəfə xalq «vərəqələr (listovka)» yaymaqla da bu bivec jurnalistikadan daha samballı olacaqdır. Sözlə və sözə qarşı Don Kixot mübarizəsi aparanlar hələ də anlamayıblar ki, sözün öldürülməsi mümkün olmayıb, həbs edilməsi və qadağan edilməsi də mümkün deyil. Ona görə də sözlə mübarizənin tək yolu ondan daha yaxşı sözü deyə bilməkdir. İnformasiya da eyniylə anlaşılmalıdır…

Bu gün hökumət jurnalistlərə mənzil verib. Bəs bu jurnalistlər, görəsən hökumətə nə veriblər ki? Azərbaycan jurnalistləri «ev vermə» əməliyyatının dünyada anolqsuz oduğunu deməklə gül vurmaqdadırlar. Doğrudan da bizim jurnalistlərin «möhtəşəmliyi» bundadır. Bir güllə ilə iki dovşan vurmalarındadır. Analoqsuzluğun informasiya yükünə diqqət edin. Əlbəttə, jurnalistlərə ev tikib, mənzil vermək istəyən hökumətlər dünyada çoxdurlar. Sadəcə o təklifi qəbul edə biləcək ranqda olan jurnalistlər isə yoxdurlar. Siz Allah, inciməyin. Bilirəm bizim jurnalistlərimiz bir az ərköyündürlər. Çünki qucaqda böyüyən uşaq, həmişə ərköyün olar. Kirvənin də «pay-püşt» verməsi normal şeydi. Amma bu məsələyə bircə iraddan başqa, heç nəyim yoxdu. Gərək bu binaları, heç olmasa Masazırda tikəydilər. Sənətiylə Biləcəri səddini keçə bilməyənlər, barı mənzilləriylə bu səddi aşmış olardılar. Azad mətbuatın inkişafı üçün bina tikmək deyil, zəmin yaratmaq lazımdır. Jurnalistikanın inkişaf istiqamətlərini müəyyən edəcək qurumların başında bu sənətdə izi olmayan adamların olması təsadüfü ola bilməz. Bir müstəqil ölkənin mətbuatı azad reklam bazarı, azad informasiya almaq imkanlarından mərhumdursa, bu lallara çoxlu bina tikmək lazımdır.

Napoleon deyirdi ki, feodalizmi top yıxdı, müasir quruluşu isə qələm yıxacaq. Amma günümüzün reallıqları Qələmi yıxdı. Bu gün dünya mediyası öz informasiya yükünü beyinlərə yeritmək üçün HƏRF axtarışındaykən, Azərbaycan jurnalistikası hələ də HƏRİF axtarır. Onlar xəbərdən saqqız, bizlər isə saqqızdan heykəl düzəldirik. Onlar olayı xəbərləşdirir, biz isə xəbəri olaylaşdırırıq. «Jurnalistikaya giriş» dərsi deyən müəllimimiz Nəsir İmanquliyev tez-tez deyərdi: «Kapitalizmdə jurnalistlər kapitalistlərin pul kisəsindən asılıdır». Bizdə isə bu gün jurnalistikanı koopitalistlər qatlayıb «ciblərinə» qoymuşlar. Jurnalistləri, Jurnalistikamızı söyüş və nifrət hədəfinə çevirdikləri üçün, lütfən kimsəni təbrik etməyin. Çünkü o adın belə zadlara dəxli yoxdur. Unudaq getsin.

Özüm də daxil, Mətbuat gününüzü təbrik ETMİRƏM…

Müsahibəni Elnur Səlim hazırladı

******************

Əzrayılın gəlişiylə varlıların göz dikdiyi nökərə bənzəyir, Azərbaycan jurnalistikası…

2021-ci il…

Dəyişən heç nə yoxdur. Qapı üzərindəki «Giriş», «Çıxış» lövhələrini dəyişməklə «ölü diriltmək» olmaz. Bu ölünü diriltməyə İsa olmasa da onun «ölü diriltmə ayinini bilən» birisi lazımdı. Bu gün sürücülük vəsiqəsinə oxşar jurnalist vəsiqəsi verməklə, jurnalistikanı inkişaf etdirəcək bir zehniyyətə Nobel mükafatı düşür. Bəlkə jurnalistlərə ABŞ pasportları verək, kovboy kimi düşünsünlər?

Yenə mətbuatımız «qan» eləyir. Hələ «Məhərrəmin» adını dəyişib «Məhi» qoyandan ilk dəfə səsi çıxdı. Kaş çıxmaz olaydı…


Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib ki, jurnalist işləmədən cibində hər hansı bir vəsiqə gəzdirənlər, cəmiyyətimizin içərisində fəaliyyət göstərən insanlar da var. Amma indiki halda onların jurnalist olub-olmamasını müəyyən etmək mümkün deyil. Ona görə də jurnalistlərə sürücülük vəsiqəsi kimi vahid vəsiqənin verilməsi təklifləri ilə çıxış edə bilərik və “Media haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində bunu müzakirə edəcəyik.

Kişi düz deyir də. Yazmaq o yanda qalıb özlərini «kaptan» elan edən jurnalistlərə elə vəsiqə əvəzinə traktorçu vəsiqəsi vermək daha məqsədəuyğun olardı. «Bədbəxt» Əli Həsənovun «dəlləklik» etdiyi dövrdə Azərbaycan jurnalistikasını «cəlladını sevən məşuqəyə» bənzətmişdim. Simvolları, rəmzlərin rənglərini deyil, əxlaqı, proseslərə yanaşma tərzini və ən başlıcası zehniyyəti dəyişmək lazımdır. «Kamaz» sürücüsünü çıxarıb, yerinə pilot qoymaqla yaradıcı sahədə yenilik əldə etmək mümkün deyil. İstedad tələb olunan sahələrdə əsas meyar jurnalistika olmayınca, əldə olan 5-7 internet resursu da xaricdə söyüş söyən bədzatların resurslarına bənzəyəcək. Dəxli yoxdur, kimi söyürsən. Əsas məsələ söyməkdir. Mən dəfələrlə təklif etmişəm və bir daha təkrar edirəm ki, jurnalistika bir sahə kimi sertifikatlaşdırılmalıdır və bu işi görəcək komissiyaya peşəkar olmayan kimsə daxil edilməməlidir. Yoxsa o «joltıy press» vəsiqəsini elə Əflatun müəllim də vermişdi. Nə olsun?


Taylandın paytaxtı Krung Thep Mahanakhon Amon Rattanakosin Mahinthara Ayuthaya Mahadilok Phop Noppharat Ratchathani Burirom Udomratchaniwet Mahasathan Amon Piman Awatan Sathit Sakkathattiya Witsanukam Prasit şəhərində, yəni qısacası Banqkok (şəhərin tam adı) şəhərində 13 yaşlı qızın zorlamasından tutmuş, Məmmədhəsən əminin eşşəyinin itməsinə kimi «informasiya» ilə əhatə edən KİV-lərimiz, hərdən ayın tarixlərini də səhv yazmağa başlayıblar. Yəni mətbuatımız «qan-qan» eləyir. Elə son gün üçün bizim mətbuat Paşinyanı sui-qəsddə öldürüb, Sarqsyan itini də «sifariş» verib. Qubanın İcra Başçısını tutdurub, Siyəzəninkini də sifariş verib. Zalım uşağı, barı havadan yazanda, bayıra baxıb yazmırlar ki, düz informasiyaya sahib olsunlar. Bunların saxta informasiya yayan, yazdığını tez-tez təkzib edən mətbu orqanların dünyada ən nifrət bəslənən bir şey olduğunu belə bilmirlər. Özü də ölkə adına çıxan saytların adlarına baxın. Rusiya saytlarının adını götürüb yayınlayırlar. Belə çıxır ki, bunlar saytlara ad belə düşünüb tapmaq qabiliyyətində də deyillər. Ya da …


Savaş getdiyi günlərdə zərərli informasiyaların daxil olma və yayılma sxemini işlədim. Bizə və bizim müttəfiqlərimiz əleyhinə olan, hətta yaxın qonşularla münasibətlərimizi gərginləşdirməyi hədəfləyən bütün materialların 80-90 %-ini «Sputnik» və ermənipərəst «Regnum»dan alındığını gördüm. Yəni erməni Marqarita Simonyanla ermənidən daha pis olan Modest Kolerov olmasa, biz «batarmışıq». Eyni informasiyalar fərqinə varılmadan demək olar ki, bütün saytlarda yayınlanırdı. Bunca rəzillik olarmı? Bir az informasiya təhlükəsizliyi konsepsiyası haqqında düşünmək olmazmı? Bu gün tək informasiya deyil, onun haradan alınması da önəm daşıyır. Çünki bu günün savaş silahı informasiyadır. Bu işin adı artıq xəyanətdir. Jurnalistika ilə məşğul olmaq istəyənlərə vəsiqə deyil, onun cəmiyyətə verəcəklərini və rolunu izah eləmək vacibdir.

«Leeds Times» qəzetinin redaktoru olmuş, şotland yazıçı və filosofu (XIX əsr) Samuel Smaylsın məşhur bir sözü var: «Yazarlar yazdıqlarına görə cavabdehdirlər və bu cavabdehlik yazar öldükdən sonra da davam edir, bir əsər meydana gətirərkən, yazarlara bu fikir hakim olmalıdır.» Anlada bildimmi, «qələmin müqəddəs vəzifəsini»?


Neçə ki, at ət yemir, aslan saman yemir, bizim jurnalistikada yenilik əldə etmək mümkün olmayacaq. Çünki mənim bildiyim jurnalistikada əsas iş yazmaqdır, insanşünaslıqdır, ictimai fikrin kompleks şəkildə yönləndirilməsidir. Əks arqumenti olan biri, qoy rəhbərlik etdiyi nəşrin, yaxud da saytın bu istiqamətdəki fəaliyyətini yaydığı materiallar üzrə izahını versin.

Neçə ki, yazmaqdan uzağıq və neçə ki, hər yetən ucuz mövzular dalınca qaçmaqdayıq, reytinqli yazınız və yayanların əxlaqı «Ata qızını zorladı +99» (çox üzür istəyirəm -X.Ə.) informasiyasına uyğun olacaqdır. Vay o millətin halına ki, onun reytinqli məqaləsi, informasiyası budur. Belələrinin ortaya çıxardığı oxucunu və bu oxucunun quracağı cəmiyyəti fikirləşin. Bu, Vətən adına, Millət adına və Gələcək adına tarixi bir cinayətdir. Bu cinayəti isə işləyənləri sizlər daha çox tanıyırsınız? Sizə elə belə gəlməsin, bunun adı xəyanətdir. Bir millətə bundan böyük xəyanət olmaz. Çünki əsgərin uduzduğu mövqeni 30 il sonra qaytardığımızı gördünüz. Kəsilmiş ağaclar əkiləcək, sökülmüş evlər də tikiləcək. Amma deqradasiyaya uğramış milli mənəviyyatın bərpa edilməsi müşkül məsələdir.


Yenə Əli Həsənovun jurnalistikaya «kirvəlik» etdiyi əyyamda yazdığım bir yazıda demişdim ki, hər yetənə göz-qaş edən «namuslu» televiziyaların, nə də hər gecəsini biriylə keçirən «bakirə» qəzet və saytların bizim sənətə heç bir dəxli yoxdur. Bu sənəti dərk edən kimsə mənsub olduğu bir sənətə bunca xəyanətlər etməzdi. Əvvəl-axır kimsə «Kral lütdü» deməliydi. Amma demədilər. Bunu hər kəsdən öncə jurnalistikanın demək qabiliyyəti yoxdursa, niyə bu meydanda əsil peşəkarların yerini dar edirlər? «Əli öldü, yaşasın Vəli!»- şüarıyla mətbuatı «kolxoz yabısına» döndərən adamlar ictimai qınağa çəkilməlidirlər. Özünə peşəkar deyib susanlar da elə bunların taylarıdır.


Dəyişən heç nə yoxdur. Qapı üzərindəki «Giriş», «Çıxış» lövhələrini dəyişməklə «ölü diriltmək» olmaz. Bu ölünü diriltməyə İsa olmasa da, onun «ölü diriltmə ayinini bilən» birisi lazımdı. Bu gün sürücülük vəsiqəsinə oxşar jurnalist vəsiqəsi verməklə, jurnalistikanı inkişaf etdirəcək bir zehniyyətə Nobel mükafatı düşür. Bəlkə jurnalistlərə ABŞ pasportları verək, qoy elə kovboy kimi düşünsünlər?


Hələ ki, Azərbaycan jurnalistikası xam təbiblərin əlinə düşmüş xəstə kimi ortalıqda qalıb. Əzrayılın gəlişiylə varlıların göz dikdiyi nökərə bənzəyir, Azərbaycan jurnalistikası…

Evdə sınan və dağılan bir şey üçün suçlanan arzu edilməz qonağa bənzəyir, Azərbaycan jurnalistikası…


Dünən saytlarımız «qan» elədi. Yenə Paşinyana «sui-qəsd edib öldürdülər», Sarqsyan adlı itin də sifarişini verdilər…


Qubanın İcra Hakimiyyətinin başçısını «tutdurdular», Siyəzəninkini də «sifariş verdilər»…


Ziyanın, çoxlu Əlilərin, Kamaləddinin, Ramizin və daha kimlərin mülklərinin siyahısını yayıblar. Bizim saytların sayəsində bu adamların çoxları unutduqları bəzi mülklərini tapıblar…


Bizim mətbuat Co Baydenlə Kiryakos Miçotakisin gizli danışıqlarını «xəbər verib». İnanmırsınız gedin oxuyun…

Bu qədər…

P.S. Məqaləni təkrar yayına hazırladğım günün ən reytinqli yazısı «450 manat borca görə günə 10 kişi ilə cinsi əlaqədə olurduq» (bu biyabırçı başlığa görə Fedai.az-ın oxucularından üzr istəyirəm) olan jurnalistləri izləyən “Pegasus” proqramına xeyli güldüm. Bu Azərbaycana qarşı növbəti təxribatdır. Mahiyyətcə dünyanı axmaqların idarə etdiyi bir daha gözüm önünə gəldi…(Mətbuat günündə yazılmış qeyd)

Bu xəbəri paylaşın: