Gənc Həsən…

Aprel ayı bir çox səbəblərdən mənim üçün sevimli bir aydır. Yazın bu gözəl ayı hazırda karantin dövrünə düşüb. İnsanlar evlərindədir. Apreli mənimçün fərqli edən bir səbəb də 2016-cı ilin aprel döyüşlərinin nəticələridir. Aprel şəhidlərinin də qəlbimizdə yeri bir başqadır.


Aprel Hacı Həsənin taleyində də maraqlı aylardan biridir. Belə ki, bu ayda o, iki dəfə dünyaya gəlib.


Aprelin 17-də I dərəcəli müharibə əlili Hacı Həsən döyüşdə ağır yaralanmışdır.


O, cəbhəyə könüllü olaraq getmişdi. İl yarım təkrar xidməti zamanı təcrübəli zabit kimi olduqca məharətlə xidmət edirdi. Lakin Allahın qədərindən qaçmaq olmur. Taleyində bunları yaşamaq da varmış. O günləri xatırlayan Hacı Həsən gülümsəyərək deyir ki, mən o ağrılara və Vətən yolunda aldığım zədələrə, o çətinliklərə görə Allahıma asi deyiləm əksinə, minnətdaram. O, məni müqəddəs bir yola yönəldərək mətinləşdirdi. Mənə hidayət yolu göstərdi.


1993-cü il aprel ayının 17-nə qədər yaşamış Həsən Hüseynovu dəyişib yeni bir başlanğıca qərar verdi. O gün yenidən dünyaya gəldim. Daha möhkəm, daha güclü, daha inamlı, daha sadiq və mükəmməl.


Həqiqətən o, aprel ayında iki dəfə dünyaya gəlib. Sayılacaq qədər az günlər qalıb onun anadan olduğu günə. O gün ki, Hacı Həsənin 50 yaşı tamam olacaq. Amma, mən daha çox onu 28 yaşında müharibə alovlarından doğulmuş bir gənc kimi tanıyıram.


Bu gün onun ikinci doğum gününü – əslində dünyaya mükəmməl qayıdışı günü münasibətilə təbrik etmək stəyirəm.


Onu tanıyanların, sevənlərin, Azərbaycan Respublikası AVMVİB-nin çoxsaylı kontingenti adından ona bu gün münasibəti ilə «28 yaşın mübarək» deyirəm.

Dilbər Ağayeva //Müstəqil Jurnalist

P.S. AVMVİB Zəngilan rayon şöbəsi üzvləri və sədri Azad Musayev də təbriklərə qoşulurlar!

Bu xəbəri paylaşın: