İşdən çıxarılan müəllim məhkəmədə direktora qalib gəldi

İşdən çıxarılan müəllimə direktoru məhkəməyə verib. İki məhkəmə instansiyasında qalib gələn müəllimənin işə bərpa edilməsi ilə bağlı qərar çıxarılıb.


Kəlbəcər rayonu 87 saylı tam orta məktəbin müəlliməsi Türkan Əkbərova direktor Zülfiyyə Hüseynovanı məhkəməyə verib.


Səbəb Türkan Əkbərovanın işdən çıxarılması olub. Direktor əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə Türkan Əkbərovanı işdən çıxarıb. Amma Türkan Əkbərova bununla razılaşmır və bildirir ki, onunla bağlanan müqavilə müddətsiz olub.


Kəlbəcər Rayon Məhkəməsinə müraciət edən Türkan Əkbərova qalib gəlib. Onun müddətsiz əmək müqaviləsi əsasında ibtidai sinif müəlliməsi vəzifəsinə bərpa edilməsi ilə bağlı məhkəmə tərəfindən qərar verilib.
Türkan Əkbərova müqaviləsinin müddətsiz olduğunu və işdən çıxarılmasının əsassız olduğunu sübuta yetirib.


Direktor həmin məhkəmədə Türkan Əkbərovanın işdən qanunsuz olaraq çıxarıldığını etiraf edib. Bildirib ki, əmək müqaviləsi müddətsiz olduğu halda Türkan Əkbərovanı işdən çıxarıb.


Amma sonra direktor bu fikrindən daşınıb və məhkəmə qərarından şikayət vermək qərarına gəlib.


Direktor apelyasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsində həyəcanlı olub. Buna görə də işdən çıxarılan müəllimənin müqaviləsinin müddətsiz olduğunu deyib. Onun sözlərinə görə, Türkan Əkbərovanı müqaviləsinin müddəti başa çatdığı üçün işdən çıxarıb.
Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edib. Direktorun sözlərinə görə, Türkan Əkbərovanın işdən azad edilməsi qərarı qanunvericiliyə tam uyğun olaraq verilib.
Türkan Əkbərova ifadəsində bildirib ki, 2013-cü ildən həmin məktəbdə işləməyə başlayıb. Bir müddət də müvəqqəti olaraq tədris işləri üzrə direktor müavini vəzifəsini tutub. 2018-ci ilə qədər də məktəbdə fasiləsiz olaraq müəllimə işləyib. T.Əkbərova 2015-ci ildə bağlanmış əmək müqaviləsinin müddətsiz olduğunu bildirib.


İş materiallarından da məlum olub ki, Türkan Əkbərova ilə 2015-ci ildə bağlanan müqavilə müddətsiz olubmuş. Bu, müəllimənin haqlı olduğunu sübut edib.


Məhkəmə tərəfləri dinlədikdən sonra birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Müəllimə işinə bərpa edilməlidir…/musavat.com/ 

Bu xəbəri paylaşın: