TƏKLİF: Müharibə veteranlarının bir qisminə sosial yardım verilməlidir…

Koronavirusa qarşı mübarizədən ən çox zərər çəkən sosial qrup Qarabağ uğrunda müharibədə iştirak edən şəxslər olduğunu deyə bilərik.

Aldığımız yüzlərlə zəng və təmasda olduğumuz imkansız, bəlkə də əlacsız müharibə veteranları bu vəziyyətə düşmələrini öz qürurlarına sığınaraq adlamağa çalışırlar. Müharibə veteranı ailələri var ki, tək gəlirləri 80 manat Prezident təqaüdüdür. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi bu müavinət-təqaüd fərqinə varmadan bu sosial təbəqənin heç bir problemi ilə maraqlanmayıb.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi şərhə görə isə müavinət (veteranlar prezident təqaüdü alırlar) alan şəxslər və həyat yoldaşları bu vəsaiti ala bilməzlər. Yəni veteran aldığı 80 manatla ayı yola verməlidir. AVMVİB rayon şöbələri bu çətin məqamlarda ən ağır vəziyyətdə olan müharibə veteranlarına, istər aidiyyatlı orqanlar, istərsə də dost-tanış hesabına yardımlar etməyə çalışdılar. Bu heç bir gəliri olmayan, yalnız könüllülük əsasında fəaliyyət göstərən bir ictimai birliyin gücü çatası bir problem deyil.

Bununla əlaqədar biz təkliflər hazırlamaqdayıq. Birincisi bu cür çıxılmaz vəziyyətdə olan müharibə veteranları AVMVİB tərəfindən qısa müddətdə müəyyən oluna bilər. Hazırda bu təqaüdü 80 min veteran alır. Onların 27 mini isə pensiya alan müharibə veteranlarıdı. Yəni bu veteranların maliyyə dəstəyinə ehtiyacı yoxdur. Qalan 53 min nəfərdən isə təxmini hesablamalara görə 17 min nəfərin daimi iş yerləri var. 36 min nəfər müharibə veteranları arasında sosial müavinət alan müharibə veteranları və müxtəlif sahələrdə müqavilə əsasında çalışanlar da mövcuddur. İlkin hesablamalara görə təxminən 30 min nəfər müharibə veteranı ağır durumda yaşayır və ƏƏSMN -nin verdiyi şərhə uyğun olaraq 80 manatla ayı yola verməyə məcburdurlar.

Nazirlik sosial işlərlə məşğul olsaydı ilk olaraq Vətən uğrunda vuruşmuş bu insanlardan başlamalıydı. Ölkə rəhbəri cənab İlham Əliyev bu sahədə yarıtmazlığı görərək yardım olacaq sayı 600 min nəfərə qaldıraraq humanist addım atdı. Lakin yenə də bu sosial təbəqənin qapısı döyülmədi. Əslində 30 min müharibə veteranına bu sosial yardımın verilməsi, bu proqramın ən azı 120 min nəfəri əhatə etməi deməkdir.

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: