ABŞ səfiri Qarabağın statusundan danışdı və cavabını da aldı

BBC xəbər verir ki, şənbə günü Yerevanda jurnalistlərlə görüşən ABŞ-ın Ermənistandakı səfiri Dağlıq Qarabağın statusu barədə danışıb.

«30 illik müharibə və gərginlik bir gecədə həll oluna bilməz. Ancaq başa düşürük ki, burada həll edilməli olan bəzi təməl məsələlər var. Onlardan biri də, artıq dediyim kimi, budur ki, biz Dağlıq Qarabağın statusunu həll olunmuş hesab etmirik. Və bunu Minsk qrupunun gündəliyində saxlamağa davam edəcəyik», — Lynne Tracy deyib.

Amerikalı diplomatının sözlərinə görə, ABŞ tərəfləri masa arxasına qaytarmaq üçün səylərini əsirgəmir. Lynne Tracy danışıqlar üçün «mükəmməl platformanın» mövcud olmadığını deyib. Hərçənd ki, onun sözlərinə görə, Minsk Qrupunun müvafiq «mandatı» və «legitimliyi» var və bu danışıqlara gəlincə «çox vacibdir».

Azərbaycan Dağlıq Qarabağ kimi ərazi vahidinin və onun status məsələsinin mövcud olmadığını bildirir.

ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva ABŞ-ın Ermənistandakı səfirinin fikirlərinə münasibət bildirərkən deyib.

XİN rəsmisi bildirib ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə bölgədə yeni reallıqlar, o cümlədən beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılması imkanı yarandığı bir vaxtda ABŞ rəsmisinin belə bir açıqlama ilə çıxış etməsi vəziyyətin gərginləşdirilməsinə xidmət edir və qarşı tərəfdə əsassız gözləntilər yaradır:

«Hazırda ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyəti müzakirə olunduğu bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi, məhz Minsk Qrupunun gələcək fəaliyyətinə xələl gətirir».

Bu xəbəri paylaşın: