Onunla hesabım məhşərə qaldı…

ELBƏYİ

ÇİLƏ ÇƏKMİŞİK

İnsan öz yurdunda azad yaşayar,
Bizsə yurdumuzda çilə çəkmişik.
Həsrətik asana, düzə, enişə,
Üzü yoxuşlara şələ çəkmişik.

Qəflət uşağıyıq, yaman yatmışıq,
Günahdan günaha düşüb batmışıq,
Bizim olmayana əl uzatmışıq,
Şeytanin özünü dilə çəkmişik.

Qardaşa atilan daş, bizlik olmaz,
Yetimin tökdüyü yaş, bizlik olmaz,
Sabahı düşünən baş, bizlik olmaz,
Bizlik olan şeyi zilə çəkmişik.

Yıxmışıq vətənə göz olanları,
Susmuş dodaqlara söz olanları,
İşdə, əqidədə düz olanları
Sürüyüb belədən-belə çəkmişik.

Bizi haraylayıb çağırmaz Bozqurd,
Yolların sonunda varmı bir umud?
Köklə qopuzunu ay Dədə Qorqud,
Gör kimin oğluyuq kimə çəkmişik?

*****

GETMİŞ…

Başladım keçmişi vərəqləməyə,
İllər göz yaşı tək axışıb getmiş…
Ötmüş həyatımın şirin çağları,
Gözlər də güzgüylə baxışıb getmiş…

Ölmüş arzuların məzarlığında.
Donmuş damla kimi yaş yanağımda,
Tənhayam boşalıb solum, sağım da,
Dostlar da harasa yığışıb getmiş…

Saralmış çiçəklər, güllər, ağaclar,
Dağları qoynuna alan yamaclar
Ürəyi titrətmiş, ağarmış saçlar,
İllər də mənimlə savaşıb getmiş…

Romantik aşk resimleri - Romantik aşk şekilleri ~ Kuaza

*****

YOL UDUR YORULANI

Üfiqlər çox uzaqda,
Dağlar da sıralanıb.
Güc qalmayıb ayaqda,
Yol udur yorulanı.

Duymadılar səsini,
Görmədilər hisini
Torpaq örtdü üzünü,
Qəlbində qor olanın…

Yurdda nə var, əyridir
Yalan atın səyirdir,
Bizə ərkan öyrədir,
Yamana yar olanı.

Tamahla yarıdılar,
Yeməkdən yoruldular,
Kəfənə sarıdılar,
Dünyaya sarılanı…

*****

QORX

Biqeyrətin, binamusun,
Qeyrətə gəlməsindən, qorx.
Zəncirindən bezən qulun,
Özünü bilməsindən, qorx.

Namərd mərdin büküb dizin,
Haqsız haqqın töküb gözün
Dərd oynadan çarəsizin,
Dəli tək gülməsindən, qorx.

Min haramdan doymaz harın,
Satar pula namus, arın,
Nifrət ilə məzlumların,
Göz yaşın silməsindən qorx.

Nahaq yerdə çıxmaz səsi,
Küfür olub hər nəfəsi,
Ömrü kafir olan kəsin,
Mömin tək ölməsindən, qorx!

*****

VAXTIM OLMADI BAXMAĞA…

27 yaşıma…

Bu dünya bir güzgü imiş,
Vaxtım olmadı baxmağa…
Dünyanı pislik bürüdü,
Bir dağ tapmadım çıxmağa.

Hər yan şaxta, hər yan sazaq,
Yığdım odun, qucaq-qucaq,
Yanmadı çatdığım ocaq,
Ha sürtdüm daşı çaxmağa.

Sağım nakəs, solum nadan,
Adam alan, adam satan,
Yolu kəsdi, kötük adam,
Gücüm yetmədi yıxmağa.

Fələk mənə nə pay verdi?
Nə dinlədi, nə hay verdi.
Arzulardan da çay verdi,
Yataq vermədi axmağa.

Bunca ilim müşkül, qovğa,
Yük qalmayıb daşımağa,
Nə heyim var, yaşamağa,
Nə yaxasın buraxmağa…

*****

MƏHŞƏRƏ QALDI

Mən bəri taydayam, sən o taydasan,
Arada sıldırım bir dərə qaldı.
Bu gecə son gecəm, əcəl göz tökür,
Həkimin dərmanı səhərə qaldı.

Sevgim ünvanını düz götürmədi,
Solan çiçəkləri yaz bitirmədi,
Mənimki dünyayla düz gətirmədi,
Onunla hesabım məhşərə qaldı…

1990-cı il

Bu xəbəri paylaşın: