Bu günlərdə belə bir informasiya yayıldı: «Özünü QHT rəhbəri adlandıran bir şəxs yanına iki nəfər də qazi salıb, nömrəsiz maşınla şirkətlərə gedir. Onlar şirkətləri məcbur edir ki, pul versinlər. Guya orduya dəstək üçün pul topladıqlarını bildirirlər».
Üstəlik bu adamların qarşısına çıxan şəxsin şəhid qardaşı olması belə bu saxtakarları öz işlərindən geri çəkilməməsi ilə müşayət olunması müharibə veteranlarının da hiddətinə səbəb olub.
Məsələ ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanova müraciət etdik.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov bildirdi ki, bu cür hallara ikrahla yanaşırıq. Fəaliyyətdə olan belə ictimai birliklərin sayı onlarcadır. Bizdə olan məlumata görə 138 müharibə ilə bağlı ictimai birlik fəaliyyət göstərir. İki cüt bir tək üzvü olan bu təşkilatlara bəzən aidiyyatlı qurumların əlaqələri daha sıxdır. 83 minlik veteran ordusunu öz ətrafında birləşdirən və zaman-zaman adicə bir problemin həlliylə məşğul olan AVMVİB, bu üzvsüz təşkilatlar qədər imkanlara malik deyil. Deməli, bu təşkilatları kimlərsə yaradaraq ortaya atır və həm fəaliyyətləri ilə, həm də çirkin əməlləri ilə döyüşçüləri cəmiyyətdə nüfuzdan və hörmətdən salmağa çalışırlar. Bunu məqsədli şəkildə edildiyini düşünürəm.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından dəfələrlə, qazi və veteran adından şəxsi mənafe üçün, kimlərinsə biznes maraqları üçün istifadə edilməsini pisləmişik. Yenə də pisləyirik. Xüsusən qarşıdakı şəhid ailəsinin üzvünə belə məhəl qoymayan bu adamların döyüşçü olmaları belə şübhəlidir. Bir nüansı da qeyd etməliyəm ki, bəzi məmurlar bu cür insidentlərdən daim qazilər əleyhinə qarayaxma faktı kimi istifadə edirlər. Öz yarıtmaz fəaliyyətlərini bu cür yanlış addımlarla əsaslandırmaq şansı qazanırlar.
V. Abdurəhmanov qeyd etdi ki, biz təşkilat olaraq, dəfələrlə mövcud müharibə veteranları, şəhid ailələri və müharibə əlilləri haqqında olan mövcud qanunların və qanunvericilik bazasının işləməsinə nəzarət mexanizmi işlənib hazırlanmalıdır. Dəfələrlə bu barədə müraciətlər etmişik. Qanunlar normal işləsə ortada bu cür neqativ hallara yer qalmaz. Bu gün qazilərə qarşı sanki bir gizli əl kompaniya aparmaqdadır. Qazi adı yeri gəldi, gəlmədi hallandırılır.
Sanki cəmiyyətin və elə qazilərin də reaksiyasını yoxlamağa çalışırlar. Xüsusən də jurnalistikadan uzaq düşmüş bəzi saytlar, internet televiziyaları, sanki sifariş alıblar. Adi məişət hadisəsini qeyri şəxslər törədəndə görməzdən gələnlər, analoji hadisəni qazilər törədəndə haray-həşir salırlar. Elə ona görə də özünü döyüşçü sayan hər kəs bu ada hörmətlə yanaşmağa borcludur. Amma bu addan az qala qaraçılar kimi şəxsi mənafelərinə uyğun istifadə edənlərə döyüşçü deməyə adamın dili gəlmir. Biz daim bu adamlara, qazi adını ləkələyənlərə qarşı mübarizə aparmışıq və aparacağıq.
