Putin: «Rusiya sülhməramlı kontingentinin səylərinə son dərəcə tələbat var»

Ermənistan-Azərbaycan sərhədindəki son hadisələr göstərir ki, regionda vəziyyət sakitləşməyib və Rusiya sülhməramlı kontingentinin səylərinə tələbat var.

Bu fikri Rusiya Prezidenti Vladimir Putin noyabrın 18-də Rusiya XİN kollegiyasının iclasında söyləyib.

Putin xatırladıb ki, Rusiyanın vasitəçiliyi ilə «Dağlıq Qarabağda münaqişə» bir il bundan əvvəl dayandırılıb.

«Lakin Ermənistan-Azərbaycan sərhədində baş vermiş atışmalar göstərib ki, regionda vəziyyət hələ tam sakitləşməyib. Stabilliyin təmin edilməsi üçün atəşkəs rejiminin və dinc əhalinin təhlükəsizliyinin qarantı kimi Rusiya sülhməramlı kontingentinin səylərinə son dərəcə tələbat var», — Putin qeyd edib.

Rusiya Prezidentinin sözlərinə görə, «şübhəsiz, Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin tənzimlənməsi üzrə səylərin davam etdirilməsində, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpa olunmasında və həyati əhəmiyyətli nəqliyyat dəhlizlərinin açılmasında Rusiya diplomatiyasının rolu artır.»

Vladimir Putin xatırladıb ki, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpa olunması, həyati əhəmiyyətli nəqliyyat dəhlizlərinin açılması ilə bağlı Baş nazirlərin müavinləri səviyyəsində dövlətlərarası müvafiq komissiya yaradılıb.

«Bu komissiya işləyir. Fikrimcə, bu komissiyanın işinin perspektivləri pis deyil., Rusiya daxil olmaqla, regionun bütün ölkələri, bu problemlərin uzunmüddətli həllində maraqlıdırlar», — Rusiya Prezidenti deyib.

Mənbə: BBC

Bu xəbəri paylaşın: