Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.
Danışıqlar V.Putinin təşəbbüsü ilə keçirilir.
Görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr edilib. Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə edilir.
Xatırladaq ki, görüşöncəsi açıqlamada V.Putin deyib: «Biz bu gün Qarabağ nizamlanması ilə bağlı üçtərəfli formatda danışacağıq. Bir müddət sonra Ermənistanın Baş naziri bizə qoşulacaq». APA-nın xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə bildirib. O vurğulayıb ki, Qarabağ nizamlanmasında Rusiya sülhməramlıları müsbət rol oynayır. “Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi də aktiv işləyir. Təəssüflər olsun ki, problemlər var, insidentlər olur. Təəssüf ki, ölümsüz ötüşmür. Biz elə bunun üçün yığışmışıq. Baxaq görək indiyə kimi nə edilib, bundan sonra belə şeylər baş verməsin, regionda vəziyyət sakitləşsin, region ölkələrinin inkişaf etməsi üçün şərait yaransın”, — deyə Rusiya dövlət başçısı qeyd edib.