Fars körfəzi ilə Qara dəniz arasında formalaşdırılan yeni nəqliyyat dəhlizi İran, Azərbaycan, Gürcüstan üzərindən reallaşdırılacaq. Əvvəllər isə bu layihənin İran, Ermənistan və Gürcüstan üzərindən həyata keçirilməsi planlaşdırılırdı.
Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqaz bölgəsində həyata keçirilən layihələr hər zaman diqqət mərkəzində olub. Ölkəmiz şərqlə qərbi birləşdirən kommunikasiyaların kəsişməsindəki mövqeyindən uğurla istifadə edir. Uzun müddətdir müzakirə edilən Şimal-Cənub nəqliyyat dəhlizi belə layihələrdəndir. Artıq Azərbaycanın adı bu layihədə əksini tapıb. Belə ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün Tvitter səhifəsində yazıb ki, İran, Azərbaycan, Gürcüstan, Qara dəniz və Avropa yeni dəhlizi aktivləşəcək. Onun sözlərinə görə, bu dəhliz Pakistan, İran, Türkiyə arasında və Şimal-Cənub Dəhlizinin (Finlandiya, Rusiya, Azərbaycan, İran, Fars körfəzi və Hindistan) sınaq şəklində istifadəyə verilməsindən sonra aktivləşəcək.
Xatırladaq ki, İran, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Fars körfəzi – Qara dəniz marşrutunun yaradılması gündəmdədir. Bu marşrut çərçivəsində İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərindən üç ölkənin 144 yük maşını ilə yükdaşıma başlanacaq. Əvvəllər isə bu layihənin İran, Ermənistan və Gürcüstan üzərindən reallaşdırılması planlaşdırılırdı. Lakin indi Ermənistan prosesdən kənarda saxlanılmaqla layihə İran, Azərbaycan, Gürcüstan üzərindən reallaşdırılır. Beləliklə, Ermənistan yenə də oyundankənar vəziyyətə salınır.
Mənbə: KAİM.az