Ağdərə torpağı minlərlə şəhidin qanıyla yoğruldu. Bu döyüşlərin ilk günündən son gününədək Vətən uğrunda savaşa qatılmış şəhid Polad Şəmşir oğlu Ərəbovun Ad günüdür. Hərbi xidmətdən dönən kimi silaha sarıldı. XX əsrin ilk genosidini yaşamış doğma Umudlu kəndinin müdafiəçilərinə qoşuldu. Sonradan polis sıralarına daxil olsa da bir an silahını yerə qoymadı. Daim ön dəstədə oldu və hərdən anasına deyirdi ki, «qalanları sənin olsun, məni də Vətənə qurban ver».

Kazimirov və Qraçovun İNOBİS planı üzrə erməni-rus hərbi birləşmələri Kürə çıxmağı planlayaraq Azərbaycanı diz çökdürməyə çalışırdı. Düşmənlə döyüşdə ön sırada -Qançanağı adlanan yerdə onlarla şəhidin qanı və canı hesabına düşmən durduruldu.
Bu döyüşdə neçə gəncin ömrünə mərmiylə nöqtlər qoyuldu. Neçə gəncin əlləri toy xınası əvəzinə, şəhid qanıyla boyandı. Onlardan biri də toyunu təxirə salıb döyüşlərə qatılan polis starşinası Polad Ərəbov idi. O, «öncə VƏTƏN, MİLLƏT, sonra Ana və Yar», deyənlərin sırasındaydı…
… Tərtər istiqamətində bütün canlı qüvvəsini səfərbər edərək hücuma keçən düşmənə qarşı mübarizədə Ağdərə rayon Polis şöbəsinin əməkdaşları həmişə olduğu kimi yenə ön sıradaydılar. Şıxarx istiqamətində hücuma keçən rus-erməni hərbi birləşmələrinə qarşı ölüm-dirim savaşında 7 may 1994-cü ildə 4 polis əməkdaşı şəhid oldu. Hər biri bir qəhrəmandı. Hər biri döyüşdən-döyüşə mətinləşmiş mətin döyüşçü idi…

… Bu gün şəhid Polad Ərəbovun ad günüdür. Tərtərdə bir küçə şəhidin adını daşıyır. O döyüşdə polislərin göstərdiyi qəhrəmanlıq barədə ən yüksək ada təqdimat verilib. Lakin bu təqdimat bu günədək nəzərə alınmayıb…
Məzarı Bərdə Şəhidlər Xiyabanındadır…
Bunca qısa bir ömür…Amma barıt qoxulu bu ömrün hər anına dastanlar yazmaq olar. Bunu anlayanlar bilir.
Anlamazın ”Vətəni” evindən başlayıb zibillikdə bitər. Şəhidin bildiyi ”Vətən” ürəkdən başlayıb ”ŞƏHADƏTLƏ” bitər!
Bu gün şəhidin ad günüdür. Ən azı bu cür arzu deməliydim: «Sənin qanınla yoğruldu bu müqəddəs topraqlar, sənin qanınla cücərdi nəfəs aldığımız bu ağaclar, gözün arxada qalmasın, ey Şəhidim!»
Amma deyə bilmədim. Bağışla. Sən şəhid və biz şahid olduğumuz o savaşdakı itkilərimizi qaytarmamışıq. Nigaran şəhid ruhları qarşısında susqunuq…
Şəhid Polad Ərəbovun ad günüdür. Hərdən şəhidlər haqqında yazırlar ki, əgər yaşasaydı … yaşı olacaqdı…
Şəhidlər ölməz ki…
Onlar daim diridirlər…
Məkanı cənnət, məqamı uca olsun! Ad günün mübarək olsun!
X. Ədəboğlu


