Mərkəzi Elmi Kitabxana yeni daxil olan elektron dərs vəsaitlərini təqdim edir

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına (MEK) fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, professor Arzuman Həsənov tərəfindən PDF formatda ali məktəblər üçün elektron dərs vəsaitləri daxil olub.

MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxana dərslikləri PDF formatda oxuculara təqdim edir.

Kitabxanaya daxil olan “Nanotexnologiyadan laboratoriya işləri” adlı dərs vəsaitindən ali məktəblərin fizika, kimya və biologiya fakültələrinin bakalavr və magistr pillələrində təhsil alan tələbələr, aspirantlar və nanotexnologiya sahəsi ilə məşğul olan elmi işçilər istifadə edə bilərlər.

“Atom və molekul fizikasında riyazi metodlar” kitabında molekulların elektron quruluşunun kvantmexaniki tədqiqi zamanı yaranan molekulyar inteqralları hesablamaq üçün istifadə edilən riyazi metodlar, ayrılış və köçürmə düsturları, molekulyar funksiyalar şərh olunub.

Oxuculara təqdim olunan “Hərbi sistemlərin riyazi modelləşdirilməsi”, “Hərbi sistemlərin riyazi modelləşdirilməsi məsələlərinin həlli”, “Tədqiqat nəticələrinin işlənmə üsulları”, “İnformatikadan test tapşırıqları” dərs vəsaitləri Silahlı Qüvvələrin Hərbi Akademiyasının Elmi şurasında təsdiq edilərək eyniadlı proqram əsasında hazırlanıb. Vəsaitdə hərbi sahədə riyazi modellərin qurulması və həll metodları verilib. Bu vəsaitlər xüsusi təyinatlı ali təhsil müəssisələrinin adyunkt və dissertantları üçün nəzərdə tutulub.

Bu xəbəri paylaşın: