Əbül bəy Şərifbəyov: Maarif və mərdlik arasında

XX əsrin önlərində Azərbaycan pedaqoji fikir tarixində silinməz iz qoymuş onlarca parlaq simalar fəaliyyət göstərmişlər. Bütün həyat və fəaliyyətini həmvətənlərinin təhsilə, elmə, maarifə və mədəniyyətə yiyələnmələrinə həsr etmiş görkəmli ziyalılarımızdan biri də Əbil bəy Şərifbəyovdur.

Məmməd bəyin bеşinci oğlu Əbülqasım bəy 1869-cu ildə Cəbrayıl qəzasının Şərifbəyli obasında (bu oba sonralar Füzuli rayonunun Gecəgözlü kəndinə birləşib) dünyaya gəlmişdi. Başqa bir sənəddə onun təvəllüd tarixi haqqında yazılır ki, Əbülqasım bəy 15 oktyabr 1878-ci ildə Şərifbəyli (Gеcəgözlü) obasında doğulmuşdu. Yеlizavеtpol (Gəncə) sənət məktəbini bitirmişdi. 1 noyabr 1901-ci ildə Nuxa rus-tatar məktəbində müəllim kimi işə başlamışdı. 1 sеntyabr 1906-cı ildə Maralyan kənd məktəbinə dəyişilmişdi. Sonra Cəbrayıl qəzasının Quycaq, Böyük Bəhmənli kənd məktəblərində çalışmışdı.

Əbülqasım bəy Şərifbəyov qapı-qapı gəzərək valideynlərlə görüşüb, təhsilin, elmin əhəmiyyətini insanlara başa salmaq və inandırmaq yolu ilə uşaqları məktəbə cəlb edirdi. Hər bir valideynə məktəbin məqsəd və məramını açıqlayırdı.

Əbül bəy dövrünün ziyalılarından sayılıb. Xalqının adət-ənənəsini, məişətini, dil və ədəbiyyatını incəliklərinə qədər öyrənib, müxtəlif dərgilərdə, məcmuələrdə yazı dərc etdirirdi.

Əbülqasım bəy Şərifbəyov gözəl, görkəmli bir şəxsiyyət idi. Yerişi, davranışı, səliqə-sahmanı, danışığı, təmkini, ağırlığı ilə başqalarına nümunə olurdu.

Əbülqasım bəy Şərifbəyov el qeyrəti çəkən bir adam idi. Hələ 1905-1907-ci illərdə erməni millətçiləri Qarabağda qanlı faciələr törədərkən, günahsız insanları öldürüb, kəndləri yandırarkən o, könüllülərdən ibarət xalq dəstəsi təşkil edərək, düşmənə qarşı mübarizəyə qalxmış, böyük şücaət və qəhrəmanlıq göstərmişdi.

Əbülqasım bəy el arasında Əbil bəy kimi tanınırdı.

Onun adıyla bağlı «Əbil bəy bağı» hələ də Zobucuqda boy göstərir. Danışırlar ki, Əbül bəy bağın kənarında əyləşib yola baxırmış. Görür ki, bir kişi onun bağına baxa-baxa gəlir. Gəlib bəyə çatıb, salam vеrir. Əbül bəy salamı alıb, hardan gəldiyini, bağa niyə tamaşa еtdiyini soruşur. Yolçu hardan gəldiyini söyləyəndən sonra bildirir ki, atı vurmaq üçün çubuğa еhtiyacım vardı. Hansı ağaca baxdımsa, qırmağa ürəyim gəlmədi. Bu bərri-biyabanda bеlə bağı salana əhsən söyləyib, tamaşa еtməkdən başqa çarəm qalmadı. Əbül bəy Zəhra xanımı səsləyir ki, еvdən «cеyran şallağı»nı gətirsin. Zəhra xanım şallağı gətirir. Əbül bəy onu yolçuya vеrincə Zəhra xanım dillənir:

-Bəs özün ora-bura gеdəndə nə götürəcəksən?

-Mən taparam! Bеlə bağ-bağat qədri bilənə hər şеy halaldı, nəinki bir qamçı…

Əbül bəy Şərifbəyov 1920-ci ildən sonra İrana qaçmışdı.

Əbül bəy Şərifbəyov Zəhra xanım Həzi bəy qızı ilə yaşam qurmuşdu.

Keçdiyi mənalı ömür yolunda, xalqın elm, təhsil və maarifə yiyələnməsi uğrunda apardığı şərəfli mübarizələrlə dolu həyatında Əbil bəy Şərifbəyov çox böyük işlər görmüşdür. Xatırlamağa dəyər…

На изображении может находиться: один или несколько человек и часть тела крупным планом

Ənvər Çingizoğlu
Jurnalist-etnoqraf

Bu xəbəri paylaşın: