Vətənpərvərliyi gücləndirən əsas amillərdən biri hərbi Zəfərimiz və idman uğurlarımızdır

Müşfiq Əliyev

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi 

XƏZƏR RAYON SAKİNİ

Məlumdur ki, hər hansı bir ölkənin dünya miqyasında tanınmasında həmin ölkənin idman siyasətinin və idmançılarının böyük əməyi var. İdmançılar əldə etdiyi qələbələrlə təmsil olunduğu dövləti başqa dövlətlər arasında da tanıdır. Ümumiyyətlə, bu işdə idmanın özünəməxsus çəkisi və rolu vardır. Azərbaycan Respublikası da bu mənada istisna dövlət deyil. Ölkəmiz, artıq uzun illərdir ki, idman ölkəsi olduğunu sübut edib. İdmançılarımız dünya və Avropa miqyasında, eləcə də, olimpiya oyunlarında qazandıqları möhtəşəm uğurları ilə üç rəngli Azərbaycan bayrağını layiqincə dalğalandırıblar.

 Gənclik gücdür, ümiddir və gələcəkdir. Düzgün tərbiyə olunmuş, təhsil almış, öz biliyi daxilində hər hansı bir peşəyə yiyələnmiş, zəkalı, bacarıqlı gənclər millətin, dövlətin nurlu gələcəyidirlər. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial sahələrdə tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan gəncliyinin idman sahəsində də irəliləməsi, uğurlar qazanması üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.

 Gənclər sırasında güləşçilərimizin ölkə idmanına verdiyi töhfələr danılmazdır. Birmənalı həqiqətdir ki, güləş ölkəmizdə ən populyar idman növlərindən biri olmaqla yanaşı, kütləvilik baxımından da ön sıralarda dayanır. Tarixi kökü olan bu idman növü Azərbaycanda heç vaxt ənənəsini itirməyib. Azərbaycan güləş məktəbinin yetirmələri olan gənc olimpiya, dünya, Avropa çempionları iştirak etdikləri bütün yarışlarda rəqibləri üçün ən ciddi idmançılar sayılırlar. Yəni pəhləvanlarımız iştirak etdikləri istənilən turnirin favoritidirlər. Bu gün Azərbaycanın idman şöhrətini yüksəldən idmançılar çoxdur.

Bildiyimiz kimi, Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə, həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.  Təbii ki, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır. Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları-həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.

Onu da qeyd edim ki, İki ildən sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaq. Vaxt az qalıb və, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar. Düzgün təlim-məşq toplanışları müəyyən edilməlidir. Növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. Gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu günə qədər ləyaqətlə təmsil edirlər.

Heç kimə sirr deyil ki, Vətən Müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı. Erməni ordusu dinc insanlara qarşı terror əməllərinə əl atmışdır. Bizim şəhərlərimiz, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu, 100-dən çox dinc insan, onların arasında uşaq, qadın, yaşlı insan bu namərd atəş nəticəsində həlak oldu. Azərbaycan əsgəri düşmənə döyüş meydanında cavab vermişdir. Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. Sözsüz ki, Qələbədən daha vacib olan əsas şərt ləyaqət amilidir. İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər, çünki bu, qələbədən də vacibdir. Qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir. Halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıb.

Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına evsahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançıların layiqincə qiymətləndirilməsi də onların yeni uğurlar qazanmalarında mühüm rol oynayır.

Beləliklə, Azərbaycan dövləti idmançılara hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclərimiz də bu etimadı doğrultmaq üçün əllərindən gələni əsirgəməməlidirlər. Bunu bir çox gəncimizin idman bioqrafiyası sübut edir. İnanırıq ki, bu sahədə başladılan islahatlar nəticəsində beynəlxalq yarışlarda Azərbaycanın bayrağını qaldıran, himnini səsləndirən onlarca gənc yeni idmançımız, yeni adlar olacaq.

Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına! Uca Allahdan xalqımızın Ümummilli Lideri Heydər Əliyevə rəhmət diləyirik! Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!…

Bu xəbəri paylaşın: