Bu dəfə Mirşahin haqlıdır…

“Real TV”nin rəhbəri, jurnalist Mirşahin Ağayev qələm sahiblərini sərt tənqid edib. Bu dəfə Mirşahin haqlıdır. Özü də tam haqlıdır. Onun dediklərinə qərəzlə yanaşmadan etiraf olunmalıdı ki, nəsə yazmaq şərt deyil.

Qarabağa aid əsərlər Aladağdan danışır. Qarabağda döyüşmüş biri kimi deyə bilərəm ki, müharibədən yazılan əsərlərin çox böyük kəsimi televiziyadan baxdıqları filmlərin təsiriylə yazılıb və orada Azərbaycan insanı obrazı yoxdu. Azərbaycan əsgərinin obrazı, müharibə məşəqqətini öz canında hiss etmiş Azərbaycan insanının obrazı yoxdu.


Mirşahinə irad bildirənlərinin cavabları bir məqamda ümumiləşir: «Mirşahin bizi oxumayıb». Yazıçının böyüklüyü oxucunu oxucu olmağa məcbur etməkdir. Televiziyanı, kino sənətini təbliğə zorlamaqdır. Yaxud da «sifarişlə yazmırıq» kimi gülünc iddia irəli sürüb, Nizami Gəncəvidən özlərini üstün tutanlar da oldu. Soruşmaq ayıb olmasın, bəs siz nə yazırsınız? Sifarişçiniz yox, müştəriniz (oxucunuz) yox. Bəs bu bazarda nə itirmisiniz?


I Qarabağ müharibəsində 4 imperiyaya qarşı döyüşən əli yalın və hərbi biliyi olmayan keçmiş döyüşçülər haqqında yazılan roman, povest yox, adi bir hekayə ortaya qoyun. Dünya ədəbiyyatı bir yana, Biləcəridən o üzə səsi gedən bir əsər göstərin. Doğrusu başsız başçıların sayəsində uğursuzluğa düçar olduğumuz o müharibədən sonra, nəinki əsər, mən bir döyüşçü kimi düşünürdüm ki, bizim xalqın daha oğlan uşaqları olmayacaq. Bu fikir nədənsə beynimə dolmuşdu. Daxildəki xainlərin əməllərini və düşmənin günbəgün azğınlaşdığını görə-görə belə düşünmüşdüm. Bu ilk dəfə yanmaqda olan Xocalını uzaq dağların başından seyr edib əlacsızlığımızı ilk hiss edəndə bu fikir ağlıma gəlmişdi.

Əsil qəhrəman olan «Azərbaycan Bayrağı» ordenli şəhidimiz Altay Sarıkişiyev o gecə mənə: «Müəllim, onlar Azərbaycanın qız-gəlinlərini əsir aparıb ləkələyəcəklər. Mən buna dözə bilmərəm. Özümü öldürəcəyəm»-deyəndə bu fikir beynimə işləmişdi.

Saatlarla bunu müharibənin qaçılmaz bir məqamı olduğuna, tarixən də bütün müharibələrdə belə faktlar sadalayaraq o qəhrəman şəhidimizi azca da olsa sakitləşdirə bildim. Müharibə sənətdir. Onun içində olanları iki şey gözlədiyini anlamış adamlardır. Onlar yaxşı bilirlər ki, bunlardan biri sinəyə tuşlanmış mərmi, digəri isə qəlbi səksəkəli analardır. Bu obrazları görmədim. «Şəhidlər, ay şəhidlər» kimi də qafiyə olarmı? Ukraynalılar onlarla musiqi parçası, rəsm əsərləri, şeirlər yazıblar. Rusları səngərdə deyil informasiya savaşında udurlar. «Bayraktar»a həsr etdikləri mahnı hitə çevrildi. O «Bayraktar»ı dünyaya Azərbaycan əsgəri tanıtmadımı?


Nə dedi, Mirşahin? O adi həqiqətləri dedi.


O, “Mir Şahinin vaxtı” layihəsində çıxış edib və onların Vətən müharibəsindəki qələbəmizlə bağlı əsərlər yaratmamalarından şikayətlənib:


“Nə olub sizə? Hanı gölməçə boyda olub, özünü dəniz sayan şairlər, yazıçılar, bəstəkarlar?


Tutaq ki, əvvəllər bəhanəniz var idi. Qələbə ilə bitməyən davadan yazmaq çətin idi. Gərək üstündən xeyli keçsin, mövzu oturuşsun və s. İndi ki qələbəmiz var. Özü də necə bir qələbəmiz…


Dünyaya nümunə olan. Hamı bu qələbəni öyrənir, tətbiq edir. Bəs hanı bizim “den pobedimiz”?! Hanı operamız, nəğmələrimiz, hanı hekayələrimiz?! Hara qeyb olmusuz? Kompleksdən çıxın hörmətli qələm sahibləri.

Yazın, qələbəmizi vəsf edin! Yazın… İnsanlar şəhid olub, əlini-qolunu, gözünü itiriblər. Azərbaycanın qalibiyyətinə layiq olmağa çalışın. Noyabrda Qələbəmizin 2 ili olacaq. Amma 2 əsərimiz belə yoxdur. Onu da Prezident yazmalıdır? Azərbaycanın qələbəsi heç də Lev Tolstoya “Hərb və sülh” yazdıran qələbədən əskik deyil. Əksinə artıqdır. Bəlkə əskik olan sizsiz?! Əgər belə deyilsə, sübut edin”.


Burada hücum etməli nə var ki? Bu adam öz oxucu mövqeyini bildirib. Mən də eyni fikirdəyəm. Məsələn, mən müharibəyə gedərkən bir jurnalda oxuduğum türkiyəli tanınmamış Fikret Tuncer adlı bir şairin kiçik bir şeiri düşmüşdü. O şeiri cibimdə saxlayırdım. Hərdən də çıxarıb oxuyurdum. Bəlkə də ən zəif şeirdi. Amma müharibənin, barıtın və səngərdə yaşanan hisslər var o şeirdə.


Fikret Tuncerin bu gün də saxladığım o şeirini olduğu kimi sizlərə təqdim edirəm (Gərək ki, «1991-ci ildə «Xəzər» jurnalından cırıb götürmüşdüm):


«Gözlərimi göz bankına, böyrəklərimi böyrək vəqfinə, ürəyimi sizlərə bağışlamışdım. Savaş hamısını aldı məndən»…

Buralarda savaş var
Oralarda günəş varmı?
Varsa sor ona
Niyə isitmir bizi
Sizi isitdiyi qədər?

Buralarda savaş var
Oralarda qadın varmı?
Varsa sor ona
Niyə öpmür bizi
Sizi öpdüyü qədər?

Buralarda savaş var
Oralarda çiçək varmı?
Varsa sor ona
Niyə qoxusu gəlmir
Sizə gəldiyi qədər?

Buralarda ölüm var
Ya oralarda yoxmu, ölüm?
Yoxsa sor özünə
Nədən çox sevir bizi,
Sizin sevmədiyiniz qədər?


Bir daha bildirirəm ki, bütün hallarda Mirşahin haqlıdır. Rejisorun pulu yox, şairin təbi yox, yazıçının da qələmi yox. Televiziyaların soyuduculara uduzduğu bir gündə nə yazacaqlar ki?..

Xaqani Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: