Ulu öndər Heydər Əliyevin 99-cuil dönümü, azad olunmuştorpaqlarımızda…

Salman Musayev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, polkovnik

May ayının 10-da Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edəcək. Böyük qürur hissi ilə deyə bilərik ki, artıq ikinci ildir ki, xalqımız öz Ulu Öndərinin anadan olmasının növbəti ildönümünü fərqli ovqatla qeyd edir.         

 44 günlük Vətən müharibəsi şanlı Zəfərlə başa çatdı, rəşadətli Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad etdi. Xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyuldu. Biz doğma Qarabağımıza qovuşduq. Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın böyük oğlu, dünya şöhrətli siyasətçi, dahi Heydər Əliyevin ölməz ideyaları dayanırdı.

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”.

Həmin vaxt 17 ildən sonra yetişdi. Ümummilli Liderin qoyduğu möhkəm təməl əsasında Azərbaycan ildən ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yaratdı. Məhz iqtisadi güc, rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi.

Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevin xatirəsini ehtiramla yad edir.

Azərbaycanın xilaskarı, öz həyatını Vətəninə və xalqına bəxş etmiş Heydər Əliyevin zəngin və mənalı ömrünün hər ayı, hər günü bir dastandır. Hər il mayın 10-da Ulu Öndərlə bağlı xatirələr dilə gəlir, müxtəlif vaxtlarda çəkilmiş fotoşəkillər və video süjetlər bizi Heydər Əliyevli günlərə qaytarır.

Ötən əsrin 70-ci illərində Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri idi. O vaxtadək respublikaya rəhbərlik edənlər bununla barışır, vəziyyəti dəyişməyə cəhd göstərmirdilər. Bu xoşagəlməz vəziyyət Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumunda Heydər Əliyev birinci katib seçilənədək davam etdi.

Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə ölkəmizdə görünməmiş canlanma və inkişaf, nəhəng tikinti-quruculuq işləri başlandı. Bakıda o dövr üçün nadir müəssisələr — məişət kondisionerləri, dərin dəniz özülləri zavodları, paytaxtımıza bu gün də yaraşıq verən ictimai binalar — “Gülüstan” sarayı, Heydər Əliyev Sarayı tikildi. Həmçinin, Yeni Əhmədli, Günəşli kimi nəhəng yaşayış massivləri salındı. Kənd təsərrüfatı məhsulları istehsalı dəfələrlə artdı. Bunun nəticəsi olaraq, əhalinin güzəranı yaxşılaşdı, bir çox sosial layihələr həyata keçirildi. Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər haqlı olaraq intibah dövrü kimi səciyyələndirilir.

Respublikanın əvvəlki rəhbərlərindən fərqli olaraq, Heydər Əliyev bölgələrə tez-tez səfərlər edir, insanlarla bilavasitə ünsiyyət qurur, onların problemləri və qayğıları ilə şəxsən maraqlanırdı. Onun alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə görüşləri də ənənə halını almışdı.

1982-ci ildə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Azərbaycan xalqının böyük oğlu mərkəzi hökumətdə tutduğu vəzifənin imkanlarından istifadə edərək, İttifaq əhəmiyyətli bir sıra böyük layihələri Bakıya yönəltdi. Həmin illərdəki coşqun fəaliyyəti, yüksək işgüzarlığı, fitri təşkilatçılıq bacarığı onu daha da şöhrətləndirdi.

Mixail Qorbaçov SSRİ-də siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi. Baş katiblə aralarında yaranmış ciddi fikir ayrılığı səbəbindən 1987-ci ildə tutduğu vəzifələrdən istefa verdi. Bundan bir il sonra Dağlıq Qarabağda separatçılıq hərəkatı baş qaldırdı, Azərbaycanın qara günləri başladı. Yəqin ki, o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, Azərbaycan xalqı Qarabağ problemi ilə, qara Yanvarla və digər faciələrlə üzləşməzdi.

1990-cı illərin əvvəlində — Vətənin ağır günlərində Ulu Öndər Azərbaycana qayıtdı. Ovaxtkı rəhbərlik onun Bakıya yolunu kəsdiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana getdi.

Naxçıvan Ali Sovetinin Sədri seçilən Heydər Əliyev muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Yetmiş ildən sonra ilk dəfə Naxçıvanda üçrəngli bayrağımızı ucaltdı.

1993-cü ilin yayında xalqın təkidli çağırışları ilə hakimiyyətə qayıdan Heydər Əliyev məsuliyyəti və xilaskarlıq missiyasını çiyinlərinə götürdü. Azərbaycanı çətin sınaqlardan çıxararaq sakitliyə və əmin-amanlığa qovuşdurdu. Separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi.

Həmin dövrdə ölkədə dərin iqtisadi böhran yaşanırdı, dövlət xəzinəsi boşalmışdı. Azərbaycan təbii sərvətlərlə zəngin olsa da, onların bir çoxuna əl çatmırdı. Sənayeni, kənd təsərrüfatını dirçəltmək uzun illər tələb etdiyindən qeyri-adi həll variantları tapmaq lazım idi. Heydər Əliyev uğur açarının harada olduğunu bilirdi. Bilirdi ki, dərin iqtisadi-sosial böhrandan yeganə çıxış yolu Xəzərin təkindəki neftdir. Onu çıxarmağa isə Azərbaycanın gücü çatmazdı. Ölkədə hələ siyasi-ictimai sabitlik yetərincə möhkəm olmadığından xarici şirkətlər riskə gedib Azərbaycan neftinə sərmayə qoymaq istəmirdi. Heydər Əliyev nəhəng neft şirkətlərini inandırmağı bacardı: Azərbaycana qoyulan sərmayə batmayacaq. Uzun-uzadı danışıqlardan, müzakirələrdən sonra, nəhayət, 1994-cü il sentyabrın 20-də Azərbaycanın inkişafının, gələcək uğurlarının başlanğıc nöqtəsi olan “Əsrin müqaviləsi” imzalandı.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü hadisələrlə zəngindir.

Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabandakı möhtəşəm abidəsi əbədiyyət simvoluna çevrilib. Bakının yüksək səviyyəli qonaqları — dövlət adamları və siyasi xadimlər, dünyanın görkəmli elm, incəsənət, mədəniyyət nümayəndələri bu abidəni ziyarət edərək xalqımızın Ulu Öndərinin xatirəsinə hörmət və ehtiramını bildirirlər.

Hər il mayın 10-da Fəxri Xiyabana gələn insanlar Ulu Öndərin abidəsi önündən keçərək, ruhu qarşısında baş əyirlər. Xalqın Heydər Əliyevə məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq.

Bu gün əbədiyaşar Lider haqqında düşünərkən Prezident İlham Əliyevin Şuşa azad olunan gün – noyabrın 8-də Fəxri Xiyabanda Ulu Öndərin məzarını sonsuz qürurla ziyarət etməsi, xalqa müraciətində dediyi sözlər yada düşür: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Ümummilli Liderin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycanı dünyada tanıdan, Qarabağı azadlığına qovuşduraraq, ata vəsiyyətini dönmədən yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi oğul yetişdirməsidir.

2003-cü ilin oktyabrında, prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyev Azərbaycan vətəndaşlarına tarixi müraciətində əsasını qoyduğu siyasəti davam etdirə biləcək liderin dəqiq ünvanı da göstərmişdi: “…Üzümü Sizə — həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu Öndərin siyasi varisi İlham Əliyev Prezidentlik fəaliyyəti dövründə bu inamı bütünlüklə doğruldub, xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı ildən-ilə yaxşılaşıb. Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, milli maraqları nəzərə alınmaqla həyata keçirilir.

Prezident İlham Əliyev ali kürsüyə çıxan ilk gündən bəyan etmişdi ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün var gücü ilə çalışacaq. Dediyi sözə, verdiyi vədə sadiq qalaraq ölkəmizi dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirdi. Bu, bir siyasət adamının böyüklüyünün göstəricisidir. Azərbaycan Prezidentinin şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında birləşdirə, sabaha inam yarada bildi. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyin və vətəndaş həmrəyliyinin əsasında da məhz bu birlik və inam dayanır. Xalqın öz liderinə sonsuz inamı, liderin isə öz xalqına arxalanması Azərbaycanın qazandığı bütün uğurların istinad nöqtəsini təşkil edib və edir.

Ölkə Prezidentinin prinsipiallığı Azərbaycan dövlətinin bütün sahələrdə ciddi uğurlar qazanmasını şərtləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi sistemin təkmilləşdirilməsi, siyasi dialoq mühitinin möhkəmləndirilməsi, yeni siyasi konfiqurasiyanın yaranması, demokratik təsisatların fəaliyyətinə geniş imkanların yaradılması, plüralizmin, insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının təmin olunması, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, məhkəmə-hüquq sisteminin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət Azərbaycanın demokratik sütunlarının daha da möhkəmlənməsini təmin edib.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün zəfər salnaməsinə möhtəşəm səhifə yazaraq, qalib dövlət kimi dünyaya öz gücünü, kimin kim olduğunu göstərdi. Bu gün Prezident İlham Əliyev dünyanın tanınmış ictimai-siyasi xadimləri tərəfindən haqlı olaraq müharibə və sülh dövrünün qəhrəmanı kimi səciyyələndirilir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, güclü iradəsi və qətiyyəti İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərini şərtləndirən əsas amillərdir. Qüdrətli və yenilməz Ordu, düşmənin belini qıran “dəmir yumruq”, informasiya müharibəsində qazanılan zəfər, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və quruculuq işləri, uğurla həyata keçirilən çoxşaxəli islahatlar — bütün bunlar Prezident cənab İlham Əliyevin adı ilə bağlıdır. Bu uğurlu siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan hazırda bütün sahələr üzrə dinamik inkişafın yeni mərhələsini yaşayır.

Xalqımız əmindir ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bundan sonra da Azərbaycanı zirvədən-zirvəyə aparmaqda davam edəcək.

Bu xəbəri paylaşın: