«Azərsu» ASC-dən «ixtira»: Hidrogenlə oksigeni ayrılıqda verirlər — Beyləqan

Bu «ixtira»ya «Azərsu» ASC Beyləqan rayon 5 nömrəli Regional Su Kanal İdarəsinin müdiri Novruz Şirinov imza atıb.


Təfərrüatlarına diqqət edin. Beyləqan şəhəri Habil Hacıyev küçəsinin sakinləri etdikləri çoxsaylı şikayətlərə baxan yoxdur. Novruz Şirinov isə şikayətçiləri öz «halal kabineti»ndən qovmaqla məşğul olur.


Arada isə sakinlər yayın günündə su üzünə həsrət qalıblar. Amma sən demə məsələ tamam başqa cürmüş. Novruz müəllim suyu verməyinə verir, amma maye halında deyil, qaz halında verir. İnanmırsınız kranlarınızı açın, fışıltıdan qulaq tutulur. Bol-bol hava gəlir. Şikayət edib, Yezid gəzmək əvəzinə, sakinlər bu fışıltını suya çevirmək barədə düşünsələr daha yaxşı olar. Yəni suyun «H» və «O» kompanentləri H2O şəklində birləşdirməyin yolunu tapmağa çalışmalıdırlar. Özü də «qazlama» pulunu yığmağa gələn Kamal Allahyarovu incitməyin. Onsuz da bu yeni təyin olunanlar xalqın şikayətlərə cavab verməyi «za podlo» sayırlar. Cavab gözləməyin. Çünki bu mübarək insanlar əməlli-başlı «elmi kəşf və ixtiralarla» məşğuldurlar.

Olay yerinə göndərdiyimiz müxbirimiz də su borusundan gələn «fışıltıdan» əməlli-başlı vahimələnib. Qorxmaq lazım deyil.

Beləcə səs-küy salıb, ixtiraçı suçuları incitməyin. Qazınızı, havanızı suya çevirib probleminizi həll edin. Nə «Azərsu» ASC-dən, nə də qeyrisindən, sizlərə imdad yoxdu, ey H.Hacıyev küçəsinin sakinləri.


Ən yaxşı kurslara gedib kondensasiya prosesini öyrənin. Kondensasiya — maddənin qaz haldan maye hala keçməsi prosesidir.Xüsusi kondensasiya istiliyi — verilmiş temperaturda 1 kq buxarın mayeyə çevrilməsi zamanı ayrılan enerjidir və ədədi qiymətcə xüsusi buxarlanma istiliyinə bərabərdir.

Allaha şükür, Beyləqanda da havalar isti keçir.


Bacarmasanız işiniz mollalıqdır. Çünki şikayətə baxan yoxdur, yazıb eləməyin. Ən yaxşısı gedib bir kənd mollasına duadan-zaddan yazdırın. Ya da bir hündür yerə «Yağmur duasına» çıxın. Allah Yezidə lənət eləsin, amma bilmirəm bu Yezidin Beyləqana nə dəxli?

O boyda binası olan «Su» idarəniz var, su nəyinizə lazım?

Fedai.az

Bu xəbəri paylaşın: