Statistik məlumatlarda Qarabağda 150.000 evin, mənzilin dağılması ehtimal edilir. Yəni fakt təxminlərə görə verildiyindən az və ya çox ola bilər. Yazıda əks olunan məlumatlar və rəqəmlər 2015-ci il üçün statistik məlumatlardan götürülüb.
Öncə bildirim ki, aidiyyatlı qurumlar illərə məcburi köçkünlərin sayında qeyri dəqiq rəqəmlər səsləndirirlər. Həmin rəqəmi rayonlar üzrə statistik (2015-ci il) rəqəmlərlə dəqiqləşdirək. Bir məlumatı da əlavə edim ki, Wikipedik məlumatlarda ermənilərin qoyduğu məlumatlar əks olunub və biriləri bu məlumatları Azərbaycan dilinə tərcümə edərək yenidən yerləşdirib.
Təxmini olaraq məcburi köçkün əhalinin sayı:
Laçın rayonu 1992-ci il 18 may 74 100 nəfər
Kəlbəcər rayonu 1993-cü il 2 aprel 88 300 nəfər
Ağdam rayonu 1993-cü il 23 iyul 191 700 nəfər (45 000 nəfər işğal olunmamış ərazilərdə yaşayıb)
Füzuli rayonu 1993-cü il 23 avqust 125 400 nəfər (25 000 nəfər işğal olunmamış ərazilərdə yaşayıb)
Cəbrayıl rayonu 1993-cü il 23 avqust 76 600 nəfər
Qubadlı rayonu 1993-cü il 31 avqust 38 900 nəfər
Zəngilan rayonu 1993-cü il 29 oktyabr 42 700 nəfər
Qarabağı yuxarı hissəsi (Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonunun 17 minlik əhalisi Kəlbəcər, Tərtər və Ağdam arasında bölüşdürülüb) 70. 000 nəfər Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkünlər 788.950 nəfər göstərilsə də, əslində 632.700 nəfər 2015-ci il statistikasına görə məcburi köçkün olması görünəndir.
Ötən 30 il ərzində dünyanın əlində aciz qaldığı köçkün və qaçqın problemini Azərbaycan Dövlət olaraq tək başına həll etməyə çalışıb. Onların qismən sosial təminatı, kommunal xərcləri, məşğulluğunun saxlanması və məskunlaşmasını cüzi yardımlar istisna olmaqla öz imkanları hesabına həyata keçirib. Məcburi köçkünlər üçün 115 yeni qəsəbə salınıb, 300 mindən çox məcburi köçkün yeni yaşayış sahələrinə köçürülüb. Azərbaycan hökuməti hazırda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) ilə BMT-nin İnkişaf Proqramı, Beynəlxalq Miqrasiya Təşkilatı, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təşkilatlarla Böyük Qayıdışla bağlı çox intensiv şəkildə fikir mübadiləsi aparılır. Onu da qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli Bəyanatda göstərilib ki, məcburi köçkünlərin qayıdışı BMT QAK-ın nəzarəti altında həyata keçiriləcək.
Qayıdışla bağlı müntəzəm olaraq, bu qurumların da rəy və təklifləri alınır. Lakin bu günədək məskunlaşmanın sürətlənməsi və daha çevik, iqtisadi cəhətdən səmərəli heç bir təklifin ortada olmadığını demək olar. Təklif olunmuş «Ağıllı kənd» layihələrinin Qarabağ kəndlərində perespektivi yoxdur. Çünki kənd sakinlərinin böyük əksəriyyətinin gələcək məşğulluğunda heyvandarlıq önə çıxacaq. Bölgənin yeni dünya düzəninə uyğun şəkildə şəkilləndirilməsində az yaşayış məntəqələri (dəmir yolu stansiyaları, hava limanları və s.) və “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyasının bütün əraziləri əhatə etməsi mümkün deyil və bunun zamana ehtiyacı var. Bütün variantları nəzərdən keçirməklə bu işlərin böyük məbləğlərə və vaxta ehtiyacı olmasını görməmək mümkün deyil. Vaxt olaraq ən azı 50 il, maliyyə olaraq isə aparıcı şirkətlərin iş prinsipləri, aidiyyatlı qurumların «Tender saxtakarlıqları», qiymətlərin süni şəkildə şişirdilməsi bizim məskunlaşmamızı ən azı 30-40 il geri sala bilər. Ərazini və əhalinin psixoloji-sosial durumunu yaxşı bilən biri kimi birbaşa məcburi köçkünlərlə əlaqə qurmaqla 6 milyard dollara qısa zaman kəsiyində məskunlaşmanı təmin etmək mümkündür. Dövlət hər bir ailə başçısı ilə öz mövcud olmuş evini bərpa etmək üçün saziş bağlamalı və onlara 40 min dollar vəsait ayırsa, çalışqan Qarabağ əhalisi öz evini və təsərrüfatını qura bilər. Niyə, məhz əhaliylə sazişə gedilməlidir?
Birincisi, Azərbaycanda normal tender proseduru yoxdur. Əminliklə deyə bilərəm və sübut edərəm ki, son 15 il ərzində 1 dənə də normal tender proseduru həyata keçirilməyib və keçirilməsi də mümkün deyil. Bu da izafi «xərclərin» artması hesabına baş verir. Həm də işlərin satınalınmasında qənaətə yer qalmır. Yəni işlərdə qənaətdən və rəqabətdən söhbət gedə bilməz. Rəqabət, yalnız arxanda duran oliqarxların ranqında ola bilər.
İkincisi, araşdırma zamanı qiymətlərin süni şişirdilməsi hesabına maya dəyəri ən azı 40-60% artırılır. Bu maliyyə itkisi olmaqla yanaşı, həm də vaxt itkisidir. Üstəlik, özünə ev tikən sakin öz evini daha keyfiyyətli və gələcək üçün perespektivli tikməsi aksiomdur. İzah üçün faktlar təqdim edirəm. Bu vaxtadək tender adıyla tikilən 100 kv.m istənilən yaşayış evinin qiymətini ortaya çıxarın. Apardığım ilkin hesablamalara görə bu sahədə 150 min yaşayış evi üçün əhaliylə saziş bağlanması 9 milyard manata qənaət deməkdir. Korrupsiyaya zərbə vurmaqla, məcburi köçkünlərin məşğulluğunun və marağının təmin olunması deməkdir. Həm də «Ağıllı kənd» Qarabağda perespektivi olmayan bir layihədir. Çünki əhalinin böyük əksəriyyəti maldarlıq və qoyunçuluqla məşğul olduğunu bilirik. Sabah Qulamın dəli danası, bu ağıllı şəhər uşaqlarının qurduğu sistemlərə buynuzunu sürtməsə ötüb getməyəcək.
Məsələn, 2021-ci ildə Cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə ümumilikdə 2,2 milyard manat nəzərdə tutulub. Müvafiq istiqamət üzrə ilin sonuna icra edilmiş məbləğ 2,178 milyard manat olub ki, bu da təsdiq edilmiş göstəricinin 99 %-nə bərabərdir.
Bu məlumatlar “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi”ndə əksini tapıb.
Həmin vəsait aşağıdakı qaydada müxtəlif istiqamətlərə yönəldilib:
— avtomobil yollarının layihələndirilməsi və tikintisi üçün 1590,2 milyon manat (proqnoza nisbətən 0,2 milyon manat az);
— dəmir yolu xətlərinin layihələndirilməsi və tikintisi üçün 261,1 milyon manat;
— işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün 97,6 milyon manat;
— kadastr xidmətlərinin və torpaq sahələrinin qiymətləndirilməsi işlərinin aparılması, habelə sənaye parklarının yaradılması üçün 67,2 milyon manat (proqnoza nisbətən 0,1 milyon manat az);
— “Ağıllı Kənd”in layihələndirilməsi və tikintisi, habelə kənd təsərrüfatı texnikasının alınması üçün 62,8 milyon manat (proqnoza nisbətən 1,0 milyon manat və ya 1,6 faiz az);
— Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı üçün 24,5 milyon manat;
— turizm infrastrukturunun yenidən qurulması üçün 18,3 milyon manat (proqnoza nisbətən 8,8 milyon manat və ya 32,5 faiz az);
— işğaldan azad olunmuş ərazilərdə içməli su təchizatında sabitliyin təmin olunması məqsədilə mövcud qurğuların əsaslı təmiri və su təminatının yaxşılaşdırılması üçün 12,8 milyon manat;
— Şuşa, Cəbrayıl, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Kəlbəcər şəhərlərinin baş planlarının hazırlanması üçün 12,4 milyon manat (proqnoza nisbətən 0,8 milyon manat az);
— yaradılmış yanğından mühafizə hissələri və bölmələri üçün yanğınsöndürən nəqliyyat vasitələrinin alınması üçün 11,4 milyon manat;
— muzey, memorial kompleks, məscid və digər mədəniyyət obyektlərinin layihələndirilməsi və tikintisi üçün 6,7 milyon manat (proqnoza nisbətən 9,4 milyon manat və ya 58,4 faiz az);
— xüsusi texnikanın alınması üçün 6,4 milyon manat;- Ağdam və Cəbrayıl şəhərlərində orta məktəb binasının layihələndirilməsi və tikintisi üçün 3,2 milyon manat (proqnoza nisbətən 0,3 milyon manat az);
— Şuşa və Cəbrayıl şəhərlərində yeni xəstəxanaların layihələndirilməsi və tikintisi üçün 1,0 milyon manat;- digər zəruri işlərin görülməsi üçün 2,8 milyon manat.
Qeyd edək bəzi işləri faktiki olaraq dövlət büdcəsindən əmək haqqı alan təşkilatlar əlavə xərc çəkilmədən həyata keçirməyə borcludurlar. Məsələn, kadastr xidmətlərinin və torpaq sahələrinin qiymətləndirilməsi işlərinin aparılması, yaxud Şuşa, Cəbrayıl, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Kəlbəcər şəhərlərinin baş planlarının hazırlanması və s.
Xatırladaq ki, həmin ilin yanvar-iyun aylarında Azərbaycan hökuməti Zəngilan rayonunun da daxil olduğu işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına və bərpasına 2,1 milyard manat xərcləyib. İrəli sürülən 300 evlik «Ağıllı kənd» layihəsi üzrə 2022-ci il nəzərə alınmadan bir evin təxmin olunan qiyməti (bütün infrastrukturlarla birgə) 206.666,6 manat təşkil edib. Bu vüsətlə Qarabağın məskunlaşmasına ən azı 31,0 milyard manat vəsait tələb olunar. Bildirək ki, 2021-ci ildə məskunlaşma — 0% olub.
Bu ilin I yarısı başa çatmaqdadır. Xərclənən vəsaitlərin böyük hissəsi layihələndirməyə sərf olunduğu görünür. Xarabazara çevrilsə də əsrlərcə mövcud olmuş kəndlərdə hər kəs öz evini və həyətynı sahəsinin hüdudlarını bilir. Qısa zaman kəsiyində cüzi bir nəzarətlə hər bir məcburi köçkün öz mənzilini bərpa edə və yaxud da yenidən tikə bilər. Hökumət isə mövcud olmuş infrastrukturların tikintisinə həqiqi tenderlər keçirməklə nail ola bilər. Ehtimal olunan və erməni vandalizminə məruz qalan ictimai binalar:
Yaşayış binaları (əsasən 5 mərtəbəli) 150-170
Məktəblər — 693
Uşaq bağçaları — 855
Tibb müəssisələri — 695
Kitabxanalar — 927
Məbədlər — 44
Məscidlər — 9
Tarixi abidələr, saraylar və muzeylər — 473
Avtomobil yolları — 2 670 km
Körpülər — 160
Su kommunikasiyaları — 2 300 km
Qaz kommunikasiyaları — 2 000 km
Elektrik xətləri — 15 000 km
Təklif etdiyim bu yol ən optimal və qənaətcil üsuldur. Tikinti sektorundan xəbərdar olduğuma görə bilirəm ki, təkcə mənzillərin tikintisi üçün 50-60 milyard vəsait barədə təkliflər var. Azərbaycanın bu qədər vəsaiti öz gücüylə əldə etməsinə ən azı 30 il vaxt lazımdır. Amma dediyim üsulla əhali qısa vaxtda verilən vəsaitlə öz mənzilini də tikər, üstəlik həyətini abadlaşdırar və saxlamaq üçün heyvan da ala bilər. Həmçinin maliyyənin tapılması və həyata keçirilməsi maksimum 4-5 il vaxt apara bilər.
Digər bir diqqətçəkən məsələ isə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatında 7-ci maddənin həyata keçirilməsi olmalıdır: » Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır». Xüsusən Yuxarı Qarabağın bir sıra azərbaycanlı kəndlərindəki evlər salamatdır və 5-3 erməni məskunlaşdırılıb. Xocalı, Sırxavənd, Çərəkdar, Umudlu və s. kəndlərinin əhalisi azərbaycanlılar olduğu halda bu günədək əhalinin geri qaytarılması erməniməramlı rus hərbi birləşmələrindən tələb edilməyib. Bu işləri görmək əvəzinə bu hərbi birlik yeni «artsax müdafiə ordusu» yaratmaqla məşğul olur. Bu daha geniş bir mövzudur və hər kəsin diqqəti bu məsələyə yönəlməlidir.
Həyata keçirilmiş «Ağıllı kənd» layihəsiylə bağlı artıq ilkin tənqidlər meydandadır. BBC yazır: «Azərbaycanın tanınmış memarı Elçin Əliyev layihəni tənqid edib:
«XXI əsrdə yeni memarlıq və müasir kotteclər yaradılmalıdır. Bu binaların hətta zahiri görkəmi də «ağıllı kənd» iddiasına şübhələr yaradır».
O qeyd edir ki, beynəlxalq anlamda “ağıllı” qəsəbə tam avtomatlaşdırılmış ekosistem deməkdir — su və elektrik təchizatının avtomatlaşdırılması, nəqliyyatın hərəkətinin təşkili, həmçinin “21-ci əsrdə insanın həyatını asanlaşdıra biləcək bir çox elektron yeniliklər” təmin edilməlidir.
“Juniper Research” təşkilatının tərtib etdiyi beynəlxalq «ağıllı şəhərlər» reytinqinə bu il Şanxay başçılıq edir.
«AS Group»un (Ağalıda tikinti işlərini həyata keçirən şirkət — BBC) göstərdiyi bu günəş panelləri — bu bərbad plastik çərçivələr 20 il əvvələ aid yenilikdir. Bunda ağıllı bir şey yoxdur» — Elçin Əliyev belə deyir.
Tikintilərin fotolarına baxan Vüqarsa hesab edir ki, “orada tikilənlər daha çox otelə oxşayır”.
Kənd Təsərrüfatı Nazirliyinin planına görə, kənddə 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qara saxlamaq mümkün olacaq. Ancaq köçürülmə prosesinə məsul məmurlar Vüqara deyiblər ki, tövlələr qəsəbədən kənarda yerləşəcək — mal-qaranı əvvəllər olduğu kimi evin yaxınlığında saxlamağa icazə verilməyəcək.
Vüqar şikayətlənir; deyir ki, inəyi sağmaq üçün bir kilometr piyada getmək əlverişsiz variantdır.
“Orda şəhərli kimi yaşamağa gedirəmsə, bunu elə Bakıda da edə bilərəm”, — o vurğulayır.
Onu narahat edən əsas məsələ isə insanların kənddə iş tapa bilməyəcəyidir:
“Azərbaycanın digər yerlərindəki rayonların ətrafında başqa kəndlər və şəhərlər var, yəni işləmək üçün başqa yerə getmək olur. Amma orda belə deyil”.
Həqiqətən də Ağalıdan kilometrlərlə məsafədə bircə şəhər də yoxdur, otuz ildir ki, bu torpaqlarda heç kim yaşamayıb. Vüqar deyir ki, “Sovet vaxtı bəziləri kolxozda, bəziləri də rayondakı işlərdə çalışırdı. Ağalıda istehsal yaratmaq lazımdır”-deyə BBC yazıb.
Ən yaxşı halda məskunlaşmanı sürətləndirmək üçün tender elan edilsin və təkliflərimizi verək…
Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri