Professor Əziz Əsgərovun gənclərə örnək şərəfli ömür yolu

1944-cü ildə Əziz müəllim Badamlı mineral su mənbəyini tapanda onda hələ II Dünya
müharibəsi bitməmişdi. Bu çətin illərdə və ağır şəraitdə Azərbaycan geologiya elminin fədaisi
olan Əziz Əsgərov bu elmin inkişafı yorulmadan çalışmışdır. Bu həmin «Badamlı»-dır ki indi
Azərbaycanda hər bir ailənin süfrəsinin bəzəyidir və xarici ölkələrə ixrac olunan ən məşhur
brendlərimizdən biiridir. Badamlı mineral su mənbəyinin kəşfində, tədqiq olunmasında, orada
məhz zavodun tikilməsində Əziz müəllimin misilsiz zəhməti olmuşdur. O, zarafatla deyirdi:
«Sanki mən mineral suların qoxusunu hiss edirəm». Mineral bulaqların tapılmasında onun biliyi,
savadı və peşəkarlığı əsas rol oynayırdı. Əziz müəllim həmçinin Sirab, Vayxır, Qalaaltı mineral
su mənbələrini də ilk dəfə kəşf edən alim kimi tarixə düşmüşdür.


Əziz Əsgərov Azərbaycanda kurort işinin inkişaf etdirilməsi işlərinin başında dururdu və
respublikamızda bir çox kurort zonalarının yaradılmasına nail olmuşdur. Keçmiş Sovet
məkanında o kurort işinin inkişaf etdirilməsində Azərbaycanı təmsil edirdi. Buna görə o «Fəxri
kurortoloq» diplomu ilə təltif olunmuşdur. Əziz Əsgərovun rəhbərliyi ilə bir çoxları namizədlik
və Doktorluq dissertasiyası müdafiə etmişdir. Opponent kimi isə o respublikamızdan əlavə
keçmiş Sovet İttifaqının bir çox şəhərlərində namizədlik və doktorluq dissertasiyalarının
müdafiyəsində iştirak etmişdir. Aspirantları onun evinə gələr, ondan məsləhətlər alar, sonra isə
birlikdə nahar edib, çay içərdilər. Əziz müəllim onlara, öz övladları kimi böyük qayğı ilə
yanaşırdı. O öz biliklərini tələbələri və həmkarları ilə bölüşməyi çox sevirdi. Bütün zəngin
nəzəri, praktiki bilikləri və təcrübələrdən başqa, onun ağlına yaxşı ideyalar da gəlirdi və özünü
saxlaya bilməyərək bu ideyaları öz həmkarlarına çatdırırdı. Bu ideyalar həyata keçəndə isə
sevinirdi ki, ölkədə elm inkişaf edir.


Əziz Əsgərov may ayının 6-da, 1907-ci ildə Dərbənd şəhərində ziyalı Azərbaycan ailəsində
dünyaya göz açmışdır. Çətin uşaqlıq illəri keçirməsinə baxmayaraq yüksək iradəsi, elmə olan
böyük marağı sayəsində təhsilini davam etdirir. 1934-cü ildə Azərbaycan Dövlət Pedağoji
İnstitutunu fərqlənmə diplomu ilə bitirir və Elmi Şuranın qərarı ilə Geologiya və paleontologiya
kafedrasının aspirantı kimi institutda saxlanılır. Tezliklə Hidrogeologiya ixtisası üzrə elmi işlərın
aparılması bu gənc və perspektivli kadra həvalə edilir. Təsadüfi deyil ki, onun elmi rəhbəri
dünyada tanınmış alim professor V.V.Boqaçov olmuşdur.


Əziz müəllim çöl ekspedisiyalarında hələ tələbəlik illərindən iştirak edirdi. 1930-cu ildən
etibarən İ.E.Yakovlevin, daha sonralar isə K.N.Paffenqolsun və A.A.Florentskinin Naxçıvan
üzrə geoloji ekspedisiyalarında olmuşdur. N.E.Kruq ilə Kəlbəcərdəki “İstisu” mineral su
yatağinda birlikdə çalışmış, S.N.Sokolov ilə birlikdə İstisuda və Naftalanda elmi tədqiqatlar
aparmışdır.


1938-ci ildə Moskva Dövlət Universitetində Elmlər namizədliyi dissertasiyasını və 1949-cu ildə
həmin Universitetdə “Azərbaycan SSR-nin mineral bulaqları” mövzusunda doktorluq (işin
ümumi həcmi 500 səhifədən çox, çoxasaylı coğrafi xəritələrlə birlikdə) dissertasiyasını
müvəffəqiyyətlə müdafiə etmişdi. Bu elmi iş Azərbaycanın yeraltı nemətləri o qədər dolgun
göstərmişdir ki, strateji əhəmiyyətinə görə, “Məxfi” qrif altında monografiya Moskvanın
icazasəsindən sonra, qısaldılmış formada çap olunmuşdur.


Professor Əziz Əsgərovun «Badamlı» su zavodunun açılmasında çox böyük rolu olmuşdir. O
vaxt Azərbaycan Sovet İttifaqının tərkibində olduğu üçün Əziz Əsgərov Moskvaya təkidlə
yazdığı çoxsaylı məktublarında bu zavodun əhəmiyyətindən bəhs etmiş, açılması üçün icazə əldə
etməsinə şəxsi təşəbbüsü ilə müvəffəq olmuşdur.


O 1949-cu ildə «Azərbaycan SSR-nin mineral bulaqları» mövzusunda uğurla elmlər doktoru üzrə
doktorluq dissertasiyasını müdafiə etmiş, professor dərəcəsinə sahib olmuşdur. Bu qiymətli elmi
tədqiqat işində professor Əziz Əsgərov mineral mənbələrin adları ilə bərabər, həm də onların
müalicəvi xüsusiyyətləri də sadalamışdır: qotur-suyun – qaşınmanı müalicə etməsini (dermatit),
yelli-suyun – revmatizmi müalicə etməsini, xalatan-suyun, mirvari, yəni insanın dərisində xal
salan su, acıbulaq və s. mənbələrin müalicəvi xüsusiyyətini və tibbi əhəmiyyətini də üzə
çıxarmışdır. Professor öz işində mineral suların fiziki-kimyəvi xassələrini, onların duz və qaz
tərkibini, təsnifatını, yayılma zonalarını, əmələ gəlməsi üçün geoloji şərtlərini hərtərəfli və bütün
incəlikləri ilə təsvirini vermişdir. O, həmçinin mineral suların yerləşməsinin hidrokimyəvi
sxemini vermiş və mineral su mənbələrdən istifadə perspektivlərini aydınlaşdırmışdır. O bütün
ömrü boyu demək olar ki Azərbaycanın bütün coğrafiyasında elmi ekspedisiyalar təşkil edərək
Azərbaycan elminə əvəzolunmaz töhfələr vermişdir və ilk dəfə olaraq Azərbaycan
Respublikasının termal və mineral suların təsnifatını apararaq onun hidrogeoloji xəritəsini
hazırlamışdır. O həmçinin “Badamlı”, “Sirab”, “Vayxır”, “Aşagı İstisu” və “Turşsu” mineral
sularından faydalanmaq və istehsalını başlatmaq təşəbbüslərini irəli sürmüşdür. Məhz onun
yorulmaz elmi və ictimai fəaliyyətinin nəticəsidir ki, 1979-cu ildə SSRİ Nazirlər Sovetinin qərarı
ilə professor Əziz Əsgərova dövlət mukafatı ilə təltif olunmuş, Azərbaycanın milli mədəni və
maddi sərvətlərindən hesab olunan qiymətli Badamlı, Sirab, Vayxır və Qalaaltı mineral su
mənbələrini ilk kəşf edilməsində və zavodlarının açılmasında böyük xidmətləri olmuşdur.
Professor Əziz Əsgərovun Azərbaycan torpaqlarının milli sərvətləri olaraq kəşf etdiyi mineral
sular, xüsusilə “Badamlı” bu gün Azərbaycan brendi və ticarət nişanı altında dünyada getdikcə
məşhurlaşmaqdadır. Biz bu gün Əziz Əsgərovun şərəfli ömür yolunu işıqlandırmaqla
gənclərimizi elmə təşviq etmək, onu daha yaxından tanıtmalıyıq.

Elnur Səlim

Bu xəbəri paylaşın: