Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bu gün Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən silahlı hücumu terror aktı kimi qiymətləndirib. F.Rzaquliyevin sözlərinə görə, İran hökuməti Azərbaycan səfirliyinə terror aktına şəxsi don geyindirməyə çalışsa da, insan ölümü ilə nəticələnən bu hadisə hər şeyi açıq-aşkar ortaya qoyur.
Ümumiyyətlə, 44 günlük şanlı qələbəmizdən sonra Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə silahlı basqınların sayı artmışdır. Şübhə doğurmur ki bu dəfəki terror aktının arxasında da İranın xüsusi xidmət orqanları və Ermənistanın siyasi hakimiyyəti dayanır. Ümumiyyətlə bu addım hakimiyyətdə olan bəzi fars ünsürlərin də erməni xislətli olmasının bariz göstəricisidir. Terror aktını törədənlər və onu sifariş verənlər dərhal tutulmalıdır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və üzvləri Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən terror aktını pisləyir. Terror aktı nəticəsində şəhid olmuş səfirlik əməkdaşının ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir.
