O cığırı salanın davamçısı sənsən…

60 illiyinə yubiley yazısı qələmə almağı düşünmüşdüm, amma qismət  sonbeşiyinin 15 yaşına bu qeydləri etmək imiş.

…Altı ay bundan əvvəl zalım fələyin sıralarımızdan qopardığı Xaqanın üç yadigarından kiçiyinin, doğum sənədinə böyük Hun sərkərdəsinin şərəfinə adını yazdırmış yeniyetmə oğlanı deyirəm. Kolanı elinin, Ağdərənin Xatınbəyli kəndinin vətənpərvər qazi övladı, igidi, Turan sevdalı məsləkdaşımız Xəqani Rzaquliyevin Atillasından danışıram. Hələ qarşıda uğurlarla müşayiət olunacaq uzun və maraqlı həyatın gözlədiyi, atasının başladığı böyük yolun davamçısı olacaq Atilladan.

…İndilikdə o böyük yolun kandarına yaxınlaşan Atillanın 15 illik ömür kitabının yaddaşımda iz buraxan iki epizodunu xatırlayıram. Həmin epizodlar son altı ayda tez-tez yadıma düşür. Birincisi on il bundan əvvəl, 5 yaşını Zabratdakı evlərinin həyətində qeyd etdiyimiz məclisdə Atillanın Azərbaycanın Himnini əzbər söyləməsi idi. Həmin an azyaşlı oğlunun ötkəm və duyğulu səsinə qulaq asıb, qürurlu duruşuna baxıb məmnunluq qarışıq fəxarət hissi keçirən Xaqanın üzünün ifadəsi heç vaxt hafizəmdən silinməyəcək. İkinci epizod isə altı ay əvvəl hamımızın ürəyini param-parça etmiş o müdhiş xəbərdən sonra Atillanın son nəfəsində atasının yanında olmuş Zəkəriyyə qazi-qardaşımızdan …səbəbini təkrar-təkrar soruşduğu zaman gözlərinin dərinliyindən boylanan nisgil idi.

…Yaramız isti, acımız böyükdür. Amma Xaqanımızın başladığı millətsevərlik və türkçülük yolunun davamçılarının mübarizliyini, qətiyyətini görəndə təskinlik tapırıq. Və o yolun bizi son ünvan-məqsədə çatdıranadək uzanacağına əminik.  Çünki bu müqəddəs missiyanı çiyinlərinə götürüb, mərdi-mərdana daşıyacaq Atillalarımız yetişir.

Xaqanımızın 5 il əvvəl 55 illiyi münasibətilə mediaya doğma Xatınbəyli ilə bağlı söylədiklərindən seçdiymiz aşağıdakı ismarıcını 15 yaşlı Atillanın timsalında bütün  Azərbaycan gəcliyinə xitabı kimi qəbul etmək daha doğru olar:

“O illəri və doğma kəndimi xatırlayarkən kəmər kimi dağın belinə dolanan bir cığırdan keçmək üçün bütün dünyanı verməyə, hətta keçmiş döyüşçü kimi canımdan keçməyə hazıram. Cığırın şimalına qar yağardı, cənubunda isə hətta bəzən payız günəşi parlayardı. Sanki bu cığır iki fəslin bu dünyadakı sərhəddiydi. Bu cığırı hərdən şirin və şor suları qovuşmayan dənizlərin sədlərinə bənzədərdim…  O cığırları bizlər və bizlərdən öncəkilərin ayaq izləri salıb. O cığırlar bizim cığırımızdır. O cığırlar bizləri gözləyir…”

İmran Bədirxanlı    

Təbrikə əmisi Füzuli Rzaquliyev başda olmaqla bütün qohumları qoşulur. 

        

Bu xəbəri paylaşın: