Birinci Qarabağ müharibəsi nəticəsində torpaqlarımız uzun müddət düşmən nəzarəti altında qaldı. Bu səbəbdən də Azərbaycan Silahlı Qüvvələri mütəmadi olaraq təlimlər keçirir, texnika baxımından müasir silahlarla təchiz olunurdu. Təlimlərin gələcək nəticəsi kimi Azərbaycan Ordusunun qarşısında duran əsas məqsəd torpaqlarımızı düşmən tapdağından azad etmək idi. Bütün bunların fonunda ilk olaraq 2016-cı il Aprel döyüşlərini, 2018-ci ildə «Günnüt» əməliyyatını və 2020-ci il Tovuz döyüşlərini qeyd edə bilərik. Hər üç döyüş və əməliyyat ordumuzun gələcək uğurları üçün yol xəritəsi idi. Ümumiyyətlə Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət, Ordumuzun müasir silahlarla təchizatı Vətən müharibəsində Qələbə qazanmaq üçün xalqımızda böyük ruh yüksəkliyi yaratmışdı.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev deyib.
F.Rzaquliyev qeyd edib ki, eləcə də Mübariz İbrahimovun qəhrəmanlığı nəticəsində, Aprel döyüşləri, Naxçıvandakı Günnüt əməliyyatı zamanı erməni ordusuna ağır zərbələr vurulmuşdu. Düşmən bu döyüşlər zamanı itki verərək geri çəkilmişdi. Bütün bunlar hamısı Azərbaycan Ordusunun güclənməsi, onun müasir silahlarla təmin edilməsi sayəsində olmuşdu. Ali Baş Komandan İlham Əliyevin cəsarətli və qətiyyəti addımları, əsil sərkərdəlik məharəti, xalqımızın sarsılmaz iradəsi sayəsində biz İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandıq. Çünki bu bizim haqq işimiz idi və biz öz torpağımızda Vətən uğrunda vuruşurduq.
Azərbaycanda ordu quruculuğu prosesinə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra başlanılmışdı: “Mən Birinci Qarabağ müharibəsində ordu quruduculuğunda iştirak edən ilk zabitllərdən biri olmuşam. O vaxtki hakimiyyət ordumuzun formalaşdırılmasını istəmirdi.
Qırx dörd günlük İkinci Qarabağ müharibəsi başlayan gündən etibarən isə ailəmizin üzvləri böyük Zəfərin iştirakçısı olublar. Oğlum İlkin Rzaquliyev həmin döyüşlər zamanı cəbhənin ön xəttində vuruşurdu. Lakin o, yaralanmasına baxmayaraq döyüşü tərk etmədi. Füzuli ərazisindəki kəndlərdən biri oğlumun komandanlığı ilə bölmələrimiz tərəfindən azad olundu. Orada çoxsaylı erməni silahlısı məhv edilmiş və düşmənin silah-sursatı ələ keçirilmişdi. O, bu xidmətlərinə görə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə mükafatlandırılıb.
AVMVİB sədrinin sözlərinə görə, «Günnüt» əməliyyatı, Aprel döyüşləri və Tovuz döyüşləri Vətən müharibəsindəki böyük Qələbəyə ümidimizi artırıb. “Mən həmişə inanırdım ki, biz ərazilərimizi düşməndən təmizləyərək Zəfər əldə edəcəyik. Buna görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığımı bildirirəm. Allah bu Zəfəri bizə yaşadan Prezidentimizi, Ali Baş Komandanımızı, Ordumuzu qorusun. Ümidvaram ki, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi də tezliklə açılacaq”, — deyə Füzuli Rzaquliyev vurğulayıb.
Mənbə: AZƏRTAC