AZƏRBAYCAN-TÜRKİYƏ

Prof. Həcər Hüseynova
ADPU, filologiya, Azərbaycan dilçiliyi
MMU, HETİ, Humanitar Şöbə

Ümummilli Lider Heydər Əliyevin bir millət, iki dövlət kimi xarakterizə etdiyi münasibətlər çağdaş dövrdə hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü, düzgün siyasətin məntiqi nəticəsi olaraq getdikcə inkişaf etməkdədir.

Bu inkişaf yalnız iki dövlətin deyil, tamamən türk dövlətlərinin, eyni zamanda region dövlətlərinin rifahına yönəlmişdir. Ali Baş Komandan İlham Əliyevin: “Türkiyə və Azərbaycan arasındakı əlaqələr, eyni zamanda, bütün türk dünyası üçün mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səy göstəririk”, — sözlərinin məntiqi nəticəsidir.

Azərbaycan və Türkiyə arasındakı əlaqələrin nəticələri yalnız türk dövlətlərinin, region dövlətlərinin deyil, eyni zamanda Avropa dövlətlərinin maraqlarına xidmət etməkdədir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və Nabukko enerji layihələrinə Avropa İttifaqı böyük ümidlərlə baxır.

Azərbaycanla Türkiyə arasında münasibətlər tarixi dostluq, qarşılıqlı etimada əsaslanır, daim inkişaf etməkdədir. Azərbaycan və Türkiyə Cumhuriyyəti arasında dostluğun, qardaşlığın tarixi çox qədimdir. Babalarımız hər zaman bir-birinə əl tutub, dar gündə bir-birinə dayaq olublar. Bu cəhətdən XX əsrin əvvəllərində baş verənləri xatırlamamaq mümkün deyil. Bu, çox da uzaq keçmiş deyil. Tarixi faktlar hələ yaddaşlardadır, tarixi qaynaqlardadır.

Tədqiqatçı alim Hüseyn Adıgözəlin dediyi kimi: “Tarixi mənbə və qaynaqlar təsdiq edir ki, Nərimanov Azərbaycan Dövlətininrəhbərliyində olduğu iki il boyunca Moskvaya bağlı olmasına baxmayaraq, müstəqil dövlət başçısı kimi hərəkət edərək, Türkiyə hökuməti ilə olan əlaqələri daha yüksək ölçü və miqyaslara daşımış və hər şeydən önəmlisi, çox çətin durumda olan Anadoludakı qardaşlarına dövlətinin bütün imkanlarını səfərbər edərək, heç kimsədən çəkinmədən əlindən gələn hər cür yardım etmişdir. Bütün bunlar sənəd və mənbələrdə öz əksini tapsa da, tarixi dəyərini almamışdır” (5).

İki dövlət arasındakı qardaşlığı Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadə ən səmimi, ən gözəl şəkildə, poetik dillə tərənnüm etmişdir:

Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət.
Hər ikisi cümhuriyyət
Azərbaycan-Türkiyə.

Dostluğu, qardaşlığı ilə, eyni dili danışması, imanı ilə, eyni kökü, eyni tarixi ilə, eyni mədəniyyəti, eyni ədəbiyyatı ilə … dünyanı həyəcana gətirən, bəzən hətta qorxuya salan iki dövlət. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan-Azərbaycan və Türkiyə. Bu birliyə mən dostluq deməzdim, bu, həqiqətən də, əsl qardaşlıqdır. Əvəzsiz, öz mənafeyini güdmədən, əlindəki son tikəsini doğmaları ilə bölməkdir.

Nə qədər ki Türkiyə və Azərbaycan arasında məhkəm  birlik var, bu iki dəmir yumruğun birliyini, gücünü heç kim yenə bilməz.

Lakin bütün dünyada türklərə qarşı təzyiqlərin, embarqoların, qadağaların, haqsızlıqların olmasına baxmayaraq, türk milləti var, yaşayır və yaşayacaq. Yer üzündə türkün varlığı İlahinin hökmüdür. Türkoloq Mahmud Kaşqarlı yaratdığı dünyəvi əsər olan “Divani-lüğət it türk” əsərinin girişində türklərin qədim tarixi haqda bəzi hədislər vermişdir:

Mən bir ordu yaratdım, ona türk adı verdim”; “Dərdlərinizi anlatmaq, türkün dərdlərini anlamaq üçün türk dilini öyrənin. Onların uzun sürən hakimiyyəti olacaq” və s.

1920-ci il may ayının 3-də Mustafa Kamal Paşa Şərq Cəbhəsi komandiri Kazım Qarabəkir Paşaya aşağıdakı məzmunda bir məktub yazmışdır: “Dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin edə biləcəyimiz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər, Azərbaycan Hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm”.

Kazım Qarabəkir Paşa Atatürkün bu istəyini Azərbaycan hökumətinə bildirir. Bu, Azərbaycan Sovet Sosialist Respublikası ilə Ankara hökuməti arasındakı ilk rəsmi təmas olmuşdur. Azərbaycandan Türkiyəyə qardaş köməyi 1921-ci ildə, Nərimanovun vasitəsilə həyata keçirildi.

Azərbaycanın Xarici İşlər Naziri Mirzə Davud Hüseynov savaşda qazanılan uğurlar münasibətilə göndərdiyi teleqramda “…Qazanılan büyük zəfərlərə görə Türk xalqını Azərbaycan Sovet Sosialist Respublikası adından təbrik edirik”,- yazır və bu böyük zəfərin şərəfinə Azərbaycan xalqının yardım üçün 30 sistern neft, 2 sistern benzin, 8 sistern kerosin göndərildiyini bildirmişdir. Həmin ilin may ayında Azərbaycan Türkiyəyə 62 sistern neft göndərmiş və bundan sonra savaş qurtarana qədər eyni dəyərdə neft və üç vaqon kerosin göndərmə öhdəliyini də götürmüşdü. Mustafa Kamal Paşa 1921-ci ildə Nərimanova bir məktub yazaraq ondan borc pul istəmişdi. Bu məktub səfir vasitəsilə 1921-ci il mart ayının 17-də Nərimanova çatdırılmış, o isə dərhal 500 kq qızıl göndərmişdi. Bunun 200 kq-ı dövlət büdcəsinə qoyulmuş, qalanı isə silah və sursat üçün istifadə edilmişdi (Teymur ƏhmƏdov. Respublika.- 2019.- 31 iyul.- s.3).

Bundan sonar isə N. Nərimanov Türkiyəyə göndərmək üçün Rusiyadan on milyon qızıl pul almış və Türkiyəyə çatdırmışdır. Yalnız Azərbaycanın bu yardımlarından sonra Türkiyədə vəziyyət düzəlmişdir.

Bundan əlavə, 1922-ci ildə Batum yolu ilə Azərbaycan tərəfdən doqquz min tondan çox kerasin və 350 ton  benzin yardımı edilmişdir. Mustafa Kamal Atatürkün: “Tezliklə borcumuzu qaytarmağa çalışacağız”,-sözlərinə cavab olaraq N.Nərimanov cavab məktubunda Türk xalqının qazanılan uğurlarla imperializmdən qurtulma günlərinin yaxınlaşdığını, buna görə Türk xalqını təbrik etdiyini bildirmiş və yazmışdır: “Paşam, bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdən tutacaq və tutmağa davam edəcəyik” (Doğan Avcıoğlu. “Milli Qurtuluş tarixi”. III-cild, səh. 438).

Türkiyə dünyada mövcud olan türk dövlətləri sırasında güclü bir dövlətdir. Avropanı və digər dövlətləri qorxudan isə türk dövlətləri birliyinin yaranması, güclərin birləşməsidir. Hazırda dünya xəritəsində müstəqil yeddi dövlət görürük: Türkiyə, Azərbaycan, Qazaxstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, KKTC. Müsbət məsələlərdən biri isə, son zamanlarda Macarıstan Respublikasının Prezidentinin də öz tarixi adlarını- “türk (qıpçaq türkləri)”- adını rəsmən elan etməsidir (4).

Turkustan.info xəbər verir ki, Macarıstan prezidenti “Biz qıpçaq Türküyük və Atillanın nəvələriyik” deyə birlik çağırışı etmişdir (Türk dövlətlərinin başçılarının Qırğızstanda keçirilən Zirvə toplantısında).

Məlumdur ki, Macarıstan adı ingilis dilində Hungari şəklində təqdim edilir, mənası da “hunlara məxsus yer” deməkdir.

Məlum məsələdir ki, müstəqilliyini hələ də əldə edə bilməmiş türk xalqları var. Rusiyada Tatarstan, Başqırdıstan, Moldovada Qaqauziya kimi muxtar türk respublikaları, Çində uyğurları, İrakda türkmanları  və haqqı tapdalanan digər türkləri də bu sıraya daxil etmək olar. Ümid edirik ki, uca Tanrının hökmüylə bu türk xalqlarının  hamısı öz azadlığına qovuşar, dəmir birlik yaradar və imperialist qüvvələrə qarşı dayanar. Güc birlikdədir. Güc Turandadır.

Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir
Azərbaycan — Türkiyə .

  Türkiyə, Azərbaycan, Qazaxstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, QKTC.

Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: «Hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari — bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu ölkələrin yeri çox önəmli olmaqdadır və olacaqdır»(3).

Türkiyədə son günlər keçirilmiş seçki böyük tarixi əks-səda yaratdı. Türkiyədə Prezident seçkisilə bağlı böyük sevincimi bütün demokratik türklərə çatdırmaq istəyirəm, bunu özümə borc bilirəm. Avropa ölkələrinin, ABŞ-ın təzyiqlərinə baxmayaraq, Türkiyə bütün dünyaya isbat etdi ki, əsl demokratik seçki necə keçirilir!? Qardaş ölkə bütün dünyaya xalqın seçki mədəniyyətini nümunə göstərdi. Dünyəvi bir dərs keçdi. Seçkidə qələbə çalması münasibəti ilə Rəcəb Tayyib Ərdoğanı ürəkdən təbrik edir, can sağlığı, siyasi karyerasında uğurlar arzu edirik. Azərbaycan xalqı olaraq biz Türkiyəninin bütün demokratik ruhlu vətəndaşlarını təbrik edirik. Bundan sonra Türkiyənin daha da güclənməsini, ölkəyə uzanan qara əllərin kəsməsini, daxili və xarici düşmənlərə qarşı mübarizənin güclənməsini arzu edirik. Möhtərəm Prezidentimiz İlham Əliyev də iki qardaş ölkənin sarsılmaz birliyinin türk dünyasının həmrəyliyinə müsbət təsir etdiyini yüksək qiymətləndirərək demişdir: «Bu gün Türkiyə və Azərbaycan arasında əlaqələr, bizim birgə nümayiş etdirdiyimiz birlik təkcə xalqlarımız, ölkələrimiz üçün deyil, bölgə üçün, dünya üçün önəmlidir»(1).

                        QAYNAQLAR

  1. Ə. Bədəlov.  Xalq qəzeti.- 2010.- 20 may.- S. 1.

2) https://www.yeniazerbaycan.com/xeberlenti_e78160_az.html

3)http://etmtv.news/az%C9%99rbaycan-turkiy%C9%99-tarix%C9%99-dusmus-qardasliq-numun%C9%99si/

4) https://oxu.az/politics/653854

5) http://www.anl.az/down/meqale/respublika/2019/iyul/666974.htm

Bu xəbəri paylaşın: