Şah İsmayıl Xətaiyə və Səfəvilər dövlətinə qarşı mənfi münasibətin kökündə məzhəbçilik düşüncəsi dayanır və…
Bu dəfə diqqətinizi mühüm bir məsələyə çəkmək istərdim.
Türkçülüyün “alovlu” tərəfdarları, əslində isə Türkiyəçiliyi təbliğ etməklə, əsarətin dadından doymayan bu şəxslər yeni bir müstəmləkəçilik azarına tutulduqlarını özləri də bilmirlər.
Bəli, məhz bu şəxslər Şah İsmayılı türkçülüyün düşməni olmaqda, Azərbaycanı türk dünyasından qoparmaqda ittiham edirlər. Ki, Şah İsmayıl 1501-ci ildə yeni ideologiyanın əsasında tarixdə ilk mərkəzləşmiş Azərbaycan dövləti yaradıb. Məhz Şah İsmayılın yaratdığı dövlət bizi guya türk dünyasından ayırıb.
Konkret olaraq deyim ki, Şah İsmayıl Xətaiyə və Səfəvilər dövlətinə qarşı mənfi münasibətin kökündə məzhəbçilik düşüncəsi dayanır. M.Ə.Rəsulzadənin sözləri lap yerinə düşür ki, “Xatir üçün xəstə düşə bilmərik”. Həqiqətin bir üzü var.
Açıq danışmağın tərəfdarı olduğumdan belə qənaətə gəlirəm ki, Şah İsmayıla qarşı nifrətin kökündə daim müstəmləkədə yaşamaq arzusu dayanır. Bir də məzhəb yanğısı. Əslində, yumşaq şəkildə ifadə etsək, məzhəbçiliyə yuvarlanmış insanlar(məzhəbçilər-R.K) elə məhz bu səbəbdən də Azərbaycanın müstəqilliyini Türkiyə cümhuriyyətinə “peşkəş” eləmək arzusundadırlar. Əlisa Nicatın aşağıdakı ifadəsi günümüzün reallığını çox gözəl əks etdirir:
“Əsarətin qışından bircə toxum da salamat çıxa bilmir”. Səbəb bu qədər sadədir.
Məzhəbçilərin fikrincə, bizim milli dövlətimiz olmamalıdı, biz elə türk qardaşlarımızın müstəmləkəsi olmalıyıq. Mənim fikrimcə isə, bu şəxslər elə yeddinci əsrdə qalıblar. Çünki hadisələri elmi-siyasi aspektdən yox, dini yönümdən qiymətləndirirlər. İndi belə çıxır ki, Şah İsmayıl Xətainin xətası mərkəzləşdirilmiş Azərbaycan dövləti qurmasıdı. Olsun, əgər bu xətadısa, istərdim ki, belə xətalar çox olsun, yenidən qayıtsın Şah Xətai, daha böyük Azərbaycan yaratsın.
Ruhəngiz Kərimli, AMEA Tarix İnstitutunun doktorant