Vətən yolunda canlarını qurban vermiş şəhidlərimizin qəhrəmanlığı gənclərimiz üçün örnəkdir, dərsdir.
26.11.2024-ci il tarixində Vətən müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrinin kiçik çavuşu İlkin Məmmədovun doğum günüdür. Xatirə gününə həsr olunmuş tədbir Abşeron Saray qəsəbə qəbirsanlığından başlandı. Şəhidin ailə üzvüləri, rəsmi nümayəndələr, şəhər ictimayyəti şəhidin məzarını ziyarət etdilər. Şəhidin ruhuna dualar oxundu, məzarı üstünə tər çiçəklər düzüldü, Abşeron rayon icra hakimiyyəti tərəfindən gül cələngi qoyuldu. Tədbir şəhidin təhsil aldığı Abşeron rayonu Saray qəsəbəsi A.Müzəffərov adına 2 nömrəli tam orta məktəbdə davam edib. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad olundu, Azərbaycan Dövlət himni səsləndirildi. Sonra şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs edən film nümayiş olundu. Şəhidin adını daşıyan məktəbin 3 E sinif şagirdləri şəhidlərə, Azərbaycana, vətənə aid şeirlər söylədilər, mahnılar ifa etdilər, vətənpərvərliyə aid tamaşalar nümayış etdirildi. Tədbirə dəvət olunan incəsənət nümayəndələri şəhidə həsr olunmuş mahnılar ifa ediblər. Şəhidə dərs deyən müəllimlər şəhid haqqında xoş xatirələrdən söhbət açdılar.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun kiçik çavuşu Məmmədov İlkin Abdulla oğlunu ölümündən sonra «Vətən uğrunda», «Xocavəndin azad olunmasına görə», «Füzulinin azad olunmasına görə» medallarıilə təltif etmişdir.
Tədbirin yüksək səviyyədə təşkilatçılığı üçün Abşeron rayonu Saray qəsəbəsi A.Müzəffərov adına 2 nömrəli tam orta məktəbin direktoru Səkinə xanıma, 3 E sinif rəhbəri Kifayət müəlliməyə öz təşəkkürümüzü bildiririk.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
AVMVİB-in Mətbuat xidməti
Yeganə Telmanqızı