Qədim türk yurdu Kəlbəcərin azad olunması gününü qeyd edirik. Kəlbəcər, ulu diyarımız olmaqla yanaşı, zəngin təbii sərvətlərə də malikdir. Xatirimdədir, universitetin 2-ci kursunda oxuyanda bir yazı yazıb universitetin qəzetində dərc etdirmişdim. Yazının sonu “Babalarının ruhu səni səsləyir, ey Vətən oğlu, babalarının məzarına sahib çıx!” cümləsi ilə bitirdi.
Bu gün şəhidlərimizin, qazilərimizin, müharibə veteranlarımızın və Müzəffər Ali Baş Komandanımızın sayəsində Kəlbəcərimizə qovuşduq. Vətən dərdi ilə inildəyən Kəlbəcər yazarlarının – Bəhmən Vətənoğlunun, Sücayət Əhmədovun, Qəmkeş Allahverdinin, Mehdixanın ruhları Kəlbəcərin azadlığına sevindiyi kimi, şair Əyyubun, Surxay Səlimin, Səxavət Kəlbəcərlinin, Daşqın Ziyyədinoğlunun gözləri sevincdən nur saçır. Təcnis yazarı əmim Qaçay Səlimovun «Kəlbəcər alınanda, Murov dağının ətəyindən başlayıb İstisuya qədər torpaqları öpə-öpə gedəcəyəm» sözləri qulağımdadır. Vaxtilə ağrı-acı ilə deyilən bu sözlər, bu gün şəhidlərimizin, qazilərimizin və Müzəffər Ali Baş Komandanımızın sayəsində zəfər qüruru ilə səslənir.
Böyük qardaşım İlham Səlimov Kəlbəcər azad olunduqdan sonra ora qayıdanda, ona mesaj yazdım: “Ermənilərin dağıtdığı evimizin çənət daşlarını iylə, qoxusunu özünə çək. Çünki o daşlarda atamızın əl izləri və qoxusu qalıb.” Kəlbəcər işğal olunandan sonra “Yaxın zamanlarda Kəlbəcər qayıdacaq,” deyən və bu gün məzarı Bakımızda olan atamın ruhunun, şəhidlərimizin sayəsində Kəlbəcərin azadlığı ilə sanki öz yurduna qovuşduğuna əminəm.
Bu gün dünyaya səs salan İstisuyumuza qovuşduq. Əsir düşməmək üçün özlərini qayalardan atan bacılarımızın ruhu Murov dağın zirvəsindən Göy Türkün göy mələyi kimi bizə əl edir. Kəlbəcərdən məcburi köçkün düşəndə çox uşaq idim. Anamın göz yaşları, atamın ah-naləsi ilə Kəlbəcər mənim qanıma, canıma hopdu.
Bu böyük zəfəri bizə bəxş edənlərə minnətdarıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim